Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:33

Bayden və Putin arasında ‘ciddi və substantiv’ söhbət olub


ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin
ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin

ABŞ rəsmilərinin “ciddi və substantiv” kimi qiymətləndirdikləri bu söhbət zamanı Bayden Putinə Rusiyanın qarşısında iki seçimin olduğunu xatırladıb

Prezident Co Bayden dekabrın 30-da rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində onu Ukrayna sərhədində yaranmış gərginliyi aradan qaldırmağa çağırıb.

Putinin xahişi ilə keçirilən bu telefon danışığında Bayden bir daha xatırladıb ki, Ukraynaya qarşı hər hansı hərbi hərəkətin Moskva üçün ağır iqtisadi nəticələri ola bilər.

Qərb və Rusiya mediasında yayılan xəbərlərdən məlum olur ki, 50 dəqiqə davam edən söhbətdə heç bir konkret nəticə əldə olunmasa da, yanvar ayında iki ölkənin yüksək vəzifəli rəsmiləri arasında keçiriləcək dialoqun “tonu” müəyyən olunub.

Bayden və Putin arasında son telefon söhbəti dekabrın 7-də olmuşdu.

Tərəflər diplomatik müzakirələrin başlanmasına dair razılığa gəlsələr də, Rusiya gərginliyi azaltmaq niyyətində olduğunu nümayiş etdirməmişdi.

Putin Qərbin “böyük səhvindən” danışıb

Dekabrın 30-da keçirilmiş söhbət zamanı da Putin konkret olaraq heç nə təklif etməyib.

ABŞ rəsmilərinin “ciddi və substantiv” kimi qiymətləndirdikləri bu söhbət zamanı Bayden Putinə Rusiyanın qarşısında iki seçimin olduğunu xatırladıb.

Bunlardan biri gərginliyin azaldılması yollarının axtarışı üçün diplomatik dialoq, ikincisi isə Qərbin çəkindirici iqtisadi sanksiyalara əl atması, NATO-nun şərq cinahındakı ABŞ qoşunlarının artırılması və Ukraynaya dəstəyin gücləndirilməsidir.

Kremlin məlumatında Putinin bu xəbərdarlığa sərt xəbərdarlıqla cavab verdiyi deyilir.

Rusiya prezidenti bildirib ki, Moskvaya qarşı sanksiyaların yeni dövrəsi “nəhəng səhv” olar və iki ölkə arasında münasibətlərin tamamilə pozulmasına gətirib çıxarardı.

Putinin müşaviri Yuri Uşakov bunu belə izah edib:

"Son 30 ildə çox sayda belə səhvlər edilib və belə səhvlərin bundan sonra edilməməsi məsləhətdir”.

Bayden Putinin telefon zənginə doğulduğu Delaver ştatında cavab verib.

Bu söhbətdən təxminən iki həftə sonra ABŞ və Rusiya diplomatları Cenevrədə görüşərək ikitərəfli münasibətlərin gələcəyini müzakirə edəcəklər.

Tərəflər mövqelərini aydınlaşdırıblar

Vladimir Putin bundan əvvəl Moskvanın NATO-nun şərqə doğru genişlənməyəcəyinə, Ukraynanın heç vaxt NATO-ya qəbul edilməyəcəyinə, ABŞ-ın və Qərbin keçmiş sovet məkanında hərbi təlim və fəaliyyətlərini məhdudlaşdıracağına dair “yazılı və dərhal” qarantiyalar tələb etdiyini demişdi.

Birləşmiş Ştatların rəsmiləri deyirlər ki, Cenevrə danışıqlarında ABŞ tərəfi də Rusiyaya öz narahatlıqlarını bildirməlidir.

İki tərəfin mövqelərindəki fərq bir də bundan ibarətdir ki, Moskva danışıqların açıq, ABŞ isə qapalı keçirilməsini istəyir.

Cenevrə danışıqlarında ABŞ nümayəndə heyətinə Pentaqon və Milli Təhlükəsilik Şurası rəsmilərinin də daxil olacağı gözlənilir.

Bu da xəbər verilir ki, ABŞ-Rusiya danışıqlarının ardınca, NATO və Rusiya, habelə ATƏT-lə Moskva arasında görüşlərin keçirilməsi nəzərdə tutulub.

Vladimir Putinin sözçüsü Dmitri Peskov söhbətin yekunları barədə məlumat verərkən deyib ki, bu, sadəcə olaraq tərəflərin daha geniş danışıqlardan əvvəl mövqelərinin bir daha aydınlaşdırılması idi.

İki prezident arasdında bu telefon söhbətindən əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Emili Horn demişdi ki, Baydenin fikrincə heç nə iki lider arasında birbaşa dialoqu əvəz edə bilməz.

XS
SM
MD
LG