Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:53

Ziya Məmmədovun qardaşının həbsini tələb edən keçmiş hakim nə deyir?


Elton Məmmədov
Elton Məmmədov

Keçmiş deputat Elton Məmmədovun həbsi tələb olunur. Bu tələblə qaldırılmış iddia üzrə məhkəmə prosesi başlayıb. Məmmədovun həbsini tələb edən isə Azərbaycan Milli Elmlər Akademiyasının hüquq şöbəsinin müdiri Kamal Əliyevdir.

Fevralın 2-də keçirilən məhkəmə iclasına Məmmədov qatılmayıb. O, Səbail Rayon Məhkəməsinə məktub göndərib ki, üzrlü səbəbdən prosesdə iştirak edə bilməyəcək.

Kamal Əliyev isə məhkəməyə şikayətinə yazılı şəkildə əlavə təqdim edib. Onun sözlərinə görə, məhkəmədə Məmmədova qarşı xüsusi ittiham qaydasında iddia qaldırandan sonra sabiq deputat "YouTube" platformasındakı kanallardan birində onu yenidən təhqir edib.

"Necə o işlərlə bağlı hökm verə bilərdim?"

Hakim Günel Səmədova şikayətə əlavənin baxılmamış saxlanmasına qərar verib.

Məmmədov məhkəmədə iştirak etmədiyinə görə proses fevralın 9-da davam edəcək.

Məhkəməyə təqdim olunan ərizədə Elton Məmmədovun 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılması tələb olunur. Bu maddələrdə iki ilədək islah işləri, üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.

Vaxtilə hərbi məhkəmənin hakimi olmuş Kamal Əliyev iddia edir ki, Elton Məmmədov onu "cinayətkar" adlandırıb, Tərtər hadisələri ilə bağlı ədalətsiz hökmlər çıxarmaqda ittiham edib: "Tərtər hadisələri 2017-ci ildə baş verib. Mən isə 2017-ci ildə məhkəmə sistemindən çıxmışam. Belə olan halda, necə o işlərlə bağlı hökm verə bilərdim?".

Elton Məmmədovun ittihamları

Sabiq deputat isə iddia edir ki, məhkəməyə verilməsi son dövrlərdə Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin ünvanına səsləndirdiyi tənqidlərlə əlaqədardır.

Məmmədov bir müddət əvvəl deyib ki, Mehdiyev prezidentin siyasətinə zidd addımlar atır: "Akademiklər ümumi yığıncaqda Ramiz Mehdiyevə etimadsızlıq göstərməli, bununla bağlı dövlət başçısına müraciət etməlidirlər. Ramiz Mehdiyevin elm-idarəetmə sistemindən xəbəri yoxdur. Mən bunu demişəm, bu gün sözümün üstündəyəm. Çox təəssüf edirəm ki, Azərbaycan elminə səriştəsiz, dövlətinin inkişafını istəməyən bir insan rəhbərlik edir".

Ramiz Mehdiyev 2019-cu ilin oktyabrında Milli Elmlər Akademiyasının prezidenti seçiləndən bir müddət sonra Məmmədov Akademiyanın İşlər İdarəsinin rəhbəri təyin olunub. Amma qısa müddət sonra bu vəzifədən çıxarılıb. O, vəzifəsinə bərpa tələbi ilə məhkəmədə iddia qaldırıb. Səbail Rayon Məhkəməsində onun iddiası təmin edilib. Akademiya rəhbərliyi bu qərardan apellyasiya şikayəti verib.

Elton Məmmədov keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.

XS
SM
MD
LG