Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:36

Kərəm Həsənovun bacısından 2 milyon alan falçı məhkəmə zalında həbs olundu


Falçı. Foto arxiv
Falçı. Foto arxiv

Fala baxmaq adıyla vətəndaşdan 2 milyon manat alınmasıyla bağlı məhkəmə araşdırmaları yekunlaşıb. Bu işdə suçlanan iki nəfərə - Şəfəq İsmiyevaCeyhun Zeynallıya fevralın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Hökmə əsasən, Zeynallı 11 il, İsmiyeva isə 10 il azadlıqdan məhrum edilib.

İşdə zərərçəkən Rəna Ağarzayeva ölkə prezidenti İlham Əliyevin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun bacısıdır.

İsmiyeva məhkəmə gedən dövrdə həbsdə deyildi. O, hökm elan ediləndən dərhal sonra məhkəmə zalında həbs olunub.

"Mən isə heç bir cinayət törətməmişəm"

Hökmdən öncə son sözünü deyən Ceyhun Zeynallı təqsirsiz olduğunu vurğulayıb. Deyib ki, Şəfəqlə qadın-kişi kimi müəyyən münasibətləri olsa da, onun falçılıq etməsindən xəbəri olmayıb. Ağarzayeva ilə heç vaxt danışmadığını, görüşmədiyini, Şəfəqlə əlbirliyini təsdiqləyən heç bir sübut olmadığını deyən Zeynallı əlavə edib ki, bu iş üzrə hərtərəfli araşdırma aparılmayıb: "Biri deyir, telefonum xarab olub, biri deyir, telefonum suya düşüb. Telefon xarab olsa da, "Instagram" hesabına daxil olub, Şəfəqlə aralarındakı yazışmalara baxıb həqiqəti ortaya çıxarmaq olardı...".

Zeynallı çıxışının sonunda vurğulayıb ki, məhkəmədən mərhəmət yox, ədalət istəyir: "Mərhəməti o adam istəyər ki, günahı olsun. Mən isə heç bir cinayət törətməmişəm. O qadınla münasibətim əxlaq normalarından kənar hərəkət olub. Bu isə mənim ayıbımdır, səhvimdir. Amma falçılıq, dələduzluq kimi məsələlərə mənim aidiyyətim olmayıb".

İsmiyeva isə son sözündə özünü təqsirli bilib və məhkəmədən iki azyaşlı uşağını nəzərə alaraq, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edib.

O, həmçinin zərərçəkmiş tərəflə - Rəna Ağarzayevanın əri Sənan Ağarzayevlə ayda 10 min manat ödəmək şərti ilə 500 min manatlıq razılaşma imzalayıb.

"O qədər pul haradandır ki..."

Hökmdən sonra Zeynallının ailə üzvləri ilə Rəna Ağarzayeva arasında mübahisə yaranıb: "Qardaşın Kərəm Həsənovun sifarişiylə günahsız adamı 11 il həbsə göndərdin. Amma Allah böyükdür. O qədər pul haradandır ki, bir falçıya 2 milyon pul verirdin? Vaxt gələcək, onun da hesabını verəcəksiniz...".

Cinayət işinin materiallarında iddia olunur ki, Şəfəq İsmiyeva "Instagram" səhifəsində falçılıq etməsi barədə elan yayıb. Özünü Maya kimi təqdim edib. İttihama əsasən, o, Rəna Ağarzayeva ilə danışıqlara başlayandan sonra ona deyib ki, problemlərinin həlli məsələsində Rusiyada yaşayan Dmitri adlı başqa bir falçının da köməyi lazım olacaq.

Sənan Ağarzayev məhkəmədə deyib ki, təqsirləndirilən şəxslərin həbsdə saxlanmasında yox, pulunun qaytarılmasında maraqlıdır: "Əvvəldən də demişəm, mən onların tutulmasında maraqlı deyiləm. Mən pulumun qaytarılmasını istəyirəm".

XS
SM
MD
LG