Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

43 bəndlik Bəyannamədə nə var, nə yox


Arxiv fotosu
Arxiv fotosu

Fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzalanıb.

Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin imzalayıblar.

Sənəd 43 bənddən ibarətdir və onu Azərbaycan Xarici İşlər Nazirliyi də yayıb.

Bəyannamənin girişində Rusiya və Azərbaycanın üzv olduqları beynəlxalq, regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi niyyəti qeyd edilir.

Əlavə edilir ki, tərəflərin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsində maraqlı olduqlarını və müvafiq səylərdə Rusiya Federasiyasının əsas rolunu nəzərə alırlar.

“Rusiya və Azərbaycan öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.” - sənədin 1-ci bəndində yazılıb.

Habelə 7-ci maddədə qeyd edilir ki, Rusiya və Azərbaycan aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər:

“Rusiya və Azərbaycan Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.”

Sənəddə Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir. Həmçinin vurğulanır ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinə dəstək verirlər.

“Rusiya və Azərbaycan öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.” -11-ci maddədə də vurğulanır.

Üstəlik, qeyd edilir ki, tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.

Eyni zamanda tərəflərdən hər-birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla onlar hərbi yardım göstərilməsi imkanını da nəzərdən keçirə bilərlər.

“Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.” - 17-ci bənddə də yazılıb.

Sənədə görə, Rusiya ilə Azərbaycan digər tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən də çəkinəcəklər.

Putinin Ukrayna separatçıları ilə bağlı qərarına Bakıdan reaksiyalar
Gözlə

No media source currently available

0:00 0:07:04 0:00

Tərəflər habelə metallurgiya, neft-qaz, aviasiya, avtomobil, kimya, əczaçılıq, yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.

Eyni zamanda onlar kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını da ifadə edirlər.

“Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.” - 28-ci maddədəd də bildirilib.

Sənəddə o da bildirilir ki, tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını da nəzərdən keçirəcəklər.

Bəyannamədə daha sonra da informasiya-kommunikasiya texnologiyaları və başq asahələrdə də əməkdaşlıq məsələlərindən bəhs edilir.

“Rusiya və Azərbaycan müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər.” - daha bir bənddə də yazılıb.

Sənədin son bəndlərində də əsasən humanitar əməkdaşlıqdan bəhs edilir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Ötən il isə tərəflər bölgədə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı daha iki bəyanat imzalayıblar.

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb. Sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG