Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:39

Sabiq rektorun cəzalandırılması tələb olunur: 'Pulları ona vermişəm...'


Bakı Slavyan Universiteti
Bakı Slavyan Universiteti

Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri Dürdanə Əliyeva təhsil müəssisəsində külli miqdarda yeyintiyə görə yalnız özünün cəzalandırılmasıyla razılaşmır. O, bir müddət əvvəl vəzifəsindən kənarlaşdırılan rektor Nurlana Əliyeva və mühasibin məsuliyyətdən kənarda qalmasına etiraz edir.

226 min manatlıq yeyintidə suçlanan Əliyevanın universitetdə, əsasən, ikinci ali təhsil alan tələbələrin ödədiyi təhsil haqlarını mənimsədiyi iddia olunur. O, həmçinin bir sıra şəxslərdən universitetdə işə düzəltmək və s. adlarla pul alıb aldatmaqda ittiham edilir. Cinayət işinin materiallarında 123 nəfərin təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən bəhs olunur.

Külli miqdarda mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə suçlanan Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, həbsdə deyil, istintaq və məhkəmə dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

"Sonradan bildim ki..."

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin məzunu olan Esmira Qurbanova deyir ki, evlilikdən sonra bu peşədə işləyə bilməyəcəkdi. Bu üzdən BSU-da rus dili və ədəbiyyatı üzrə əlavə ali təhsil almaq qərarına gəlib. Bu universitetdə şöbə müdiri Əliyevaya yaxınlaşıb. Şöbə müdiri birillik əlavə təhsil üçün ondan 2 min manat təhsil haqqı istəyib. O da razılaşıb: "2020-ci ildə təhsilimi başa vurdum. Dürdanə xanım dedi ki, diplom noyabrda olacaq. Noyabrda dekan köməkçisi bildirdi ki, pandemiyaya görə diplom gecikir. Sonradan bildim ki, Dürdanə xanım ona verilən təhsil haqlarını keçirməyib. Mühasibatlıqdan bildirdilər ki, mənim də universitetə 1 min 200 manat borcum qalıb".

Təqsirləndirilən Əliyeva ondan 2 min manat aldığını təsdiqləyib: "Amma aldığım pulun hamısını Nurlana Əliyevaya vermişəm".

"İnanıb vermişdim"

Şahid Yusif Babayev isə həyat yoldaşı Elnarəni BSU-ya işə düzəltmək istəyib. Məhkəmədə dindirilən Babayev deyir ki, bu məqsədlə Əliyevaya 10 min manat pul vermişdi. Həmin ərəfədə pandemiya başlayıb. Öncə deyiblər ki, həyat yoldaşı sentyabrdan işə başlayacaq, sonradan yanvara söz veriblər: "Bir müddət keçdi, eşitdim ki, Dürdanə xanım da işdən çıxıb, pul da batıb. Dürdanə Əliyeva böyük bir universitetin şöbə müdiri, dosenti idi. İnanıb vermişdim...".

Əliyeva bu şahidin ifadəsinə münasibət bildirməyib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir. Əliyeva bildirib ki, cinayət işinin materiallarında bəhs olunan əməllərin heç birini təkbaşına görməyib: "Bunu tək eləyə də bilməzdim".

"Dəfələrlə bu məsələni qaldırmışam"

Onun sözlərinə görə, rektor Nurlana Əliyeva və baş mühasib də proseslərin birbaşa iştirakçısı olub: "Amma onlar məsuliyyətdən kənarda saxlanılıblar. Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq gedən dövrdə də dəfələrlə bu məsələni qaldırmışam. Onların da cəlb edilməsi üçün vəsatətlər vermişəm".

Əliyeva hələlik məhkəmədə ətraflı ifadə verməyib. Lakin o, ittihama qısa münasibət bildirərkən özünü təqsirli bilmədiyini deyib: "Özümü yalnız cinayəti bilib xəbər verməməkdə təqsirli bilirəm, bu ittihamları isə qəbul etmirəm".

Əliyevaya ittiham verilən maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

1946-cı il təvəllüdlü Nurlana Əliyeva 2016-cı ilin iyunundan 2021-ci ilin iyununa qədər BSU-nun rektoru olub. O, eyni zamanda, 2009-cu ildən YAP-ın Respublika Qadınlar Şurasının sədri idi. 2021-ci ildə bu vəzifəsindən də azad edilib.

XS
SM
MD
LG