Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:27

Ötən il pandemiya ilə mübarizə Azərbaycana neçəyə başa gəlib?


Vaksinlərə 314 milyon manat xərclənib
Vaksinlərə 314 milyon manat xərclənib

Ötən il, bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər gözə çarpırdı. Rəsmi rəqəmlərə görə, 2021-ci ildə ölkədə 398 min 247 nəfər koronavirusa yoluxub. Həmin il boyunca 3 milyon 668 mindən çox koronavirus testi aparılıb, 5 min 717 nəfərsə bu xəstəlik ucbatından həyatını itirib.

Koronavirusa qarşı peyvəndləmə də elə ötən il başlanıb. Peyvəndləmənin başladığı 18 yanvardan 2021-ci ilin sonunadək ölkədə 5 milyon 169 min şəxs, ən azı, bir doza peyvənd qəbul edib. İlboyu "buster" doza vurulan şəxslərin sayı isə 1 milyon 500 mini ötüb. 2021-ci ildə koronavirusa yoluxanların 97.2 faizi sağalıb, 1.5 faizi aktiv xəstə olub, 1.4 faizi isə dünyasını dəyişib.

Vaksinlərə 314 milyon manat xərclənib

İstər koronavirusa yoluxmuş xəstələrin sağalması, istərsə peyvəndləmə prosesi ciddi maliyyə vəsaitləri tələb edir. Nazirlər Kabinetinin 2021-ci ildəki fəaliyyətinə dair hesabatından məlum olur ki, ötən il Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə 800 milyon 800 min manat xərclənib. Bu vəsaitin 521 milyon manatı dövlət büdcəsi hesabına qarşılanıb. Bu o deməkdir ki, koronavirusla bağlı xərclər dövlət büdcəsi xərclərinin təxminən 2 faizinə yaxın olub. Pandemiya ilə mübarizəyə sərf edilən daha 280 milyon manat İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına qarşılanıb.

Hökumətin koronavirus pandemiyası ilə bağlı xərclərini gözdən keçirdikdə aydın olur ki, əsas xərc istiqaməti vaksinlərin alınması olub. 2021-ci ildə Azərbaycanda vaksinlərin alınmasına 314 milyon manat - pandemiya ilə bağlı bütün xərclərin 35 faizi sərf edilib. Nazirlər Kabinetinin hesabatında müxtəlif vaksinlərə xərclənən vəsait də göstərilib. Məsələn, COVAX platforması vasitəsi ilə əldə edilən 2 milyon doza vaksin (Pfizer) üçün 47 milyon 400 min manat xərclənib.

İl ərzində ən çox vəsait Çin vaksinlərinin alınmasına sərf edilib. TƏBİB və Türkiyə Respublikasının "Kaymen İlaç Sanayi Ticaret" şirkəti arasında imzalanan müqaviləyə görə, ölkəyə Çin Xalq Respublikasında istehsal edilmiş 9 milyon doza "Sinovak" vaksini gətirilib. Bu müqavilənin dəyəri 186 milyon 900 min manat olub.

Bundan başqa, ölkəyə 1 milyon doza "AstraZeneca" vaksininin gətirilməsinə 1 milyon 750 min manat, 300 min doza "Sputnik-V" vaksininin alınmasına 4 milyon manat dəyərində müqavilələr bağlanılıb. Vaksinlərə dair açıqlanan məlumatlarda bu da bildirilir ki, hesabat dövründə ölkəyə toplam 17 milyon doza vaksin gətirilib və bunların 12 milyon dozası artıq istifadə edilib. Ölkəyə gətirilən vaksinlərin 270 min dozası humanitar yardım kimi Özbəkistan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovinaya, eləcə də Afrika ölkələrinə göndərilib.

Xaricdən 361 həkim dəvət edilib

Koronavirus pandemiyası ilə bağlı ən çox vəsait sərf edilən ikinci istiqamət tibb işçilərinə müddətli əlavənin ödənilməsidir. İl ərzində hökumətin bu istiqamətdə 165 milyon 800 min manat xərcləyib. Modul tipli xəstəxanaların fəaliyyətinə 132 milyon 900 min manat sərf edilib. Ötən il modul tipli 13 xəstəxanadan istifadə edilib.

Ölkədə pandemiya ilə mübarizəyə bütövlükdə 46 xəstəxana cəlb edilib. Bu xəstəxanalar üçün dərman və tibbi gərəklərin, avadanlıq və s.-in alınmasına isə 115 milyon 300 min manat xərclənib. Ötən il COVID-19 testlərinin alınmasına 46 milyon 100 min manat sərf edilib. Ölkədə koronavirus testlərini analiz etmək üçün fəaliyyət göstərən laboratoriyaların sayı 52-yə çatdırılıb.

Ötən il ərzində özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərən tam təsərrüfatlı tibb müəssisələrinin fəaliyyətinin təmin edilməsinə 20 milyon 800 min manat, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə xərclərin ödənilməsinə 5 milyon manat, Naxçıvan Muxtar Respublikasında pandemiya ilə mübarizə tədbirlərinə 800 min manat ayrılıb.

Nazirlər Kabinetinin pandemiya tədbirləri ilə bağlı açıqladığı maraqlı məlumatlardan biri də əcnəbi həkimlərlə bağlıdır. Həmin göstəricilərdən aydın olur ki, indiyədək ölkəyə pandemiya ilə mübarizə çərçivəsində xaricdən 361 həkim dəvət edilib. Onların 236 nəfəri kubalı olub.

XS
SM
MD
LG