Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:35

Kino məktəbinə getməyən rejissorlar


Ceyms Kemeron oxumağı sevsə də, universiteti atıb.
Ceyms Kemeron oxumağı sevsə də, universiteti atıb.

İndi kinorejissor olmaq üçün çox maraqlı zamandır. İnternet, striminq, əlimizin altında ən qabaqcıl texnologiyalar, kino dünyasında çox sayda ilhamverici insanların olması… Ancaq yenə də çox adam özünə bu sualı verir: kino məktəbinə getməlimi? Maraqlıdır ki, bir çox uğurlu rejissor kino məktəbinə getmədən Hollivudun yolunu tapa bilib. Flavorwire saytı onlardan bir neçəsini qeyd edib.

Kventin Tarantino

Kventin Tarantino Kann Film Festivalında keçirdiyi master-klassda tələbələrə belə deyib: "Pulunuz olmadan özünüz bədii film çəkməyə çalışsanız, bu sizin gedə biləcəyiniz ən yaxşı kino məktəbi olacaq". Tarantinonun özü aktyorluq məktəbini atandan sonra filmlərə yaxından diqqət yetirməyə başlayıb. 1980-ci illərdə bir video dükanında işləməsi də köməyə gəlib. "Adamlar məndən kino məktəbinə gedib-getmədiyimi soruşanda onlara belə deyirəm: "Yox, mən kinoya getmişəm"… Mənə məktəb maraqlı deyildi. Mənə idman maraqlı deyildi. Mənə yalnız filmlər maraqlı idi", – o deyir.

Terri Qilliam

Terri Qilliam bir neçə dəfə kino məktəbinə "qarşı" olduğunu deyib. O öz karyerasına animator və multiplikator kimi başlayıb. Yavaş-yavaş təcrübə və özünə əminlik topladıqdan sonra kamera arxasına keçib. 2011-ci ildə növbəti dəfə təcrübənin ən yaxşı müəllim olduğunu deyib: "Kino məktəbi səfehlər üçündür. Yaşa və film çəkməyi öyrən. Mən kino məktəbinə getməmişəm. Mən sadəcə kinoteatrlarda filmlərə baxmışam. Bəlkə də ən böyük təhsilim özümün film çəkməyim olub. Odur ki, filmlərə baxın, kameranı götürün, film çəkin. Bunu kifayət qədər etsəniz, axırda filmlərin necə çəkildiyini öyrənməyə başlayacaqsınız".

Vaçovski bacıları

Lana və Lilli Vaçovskilər iki il kollecdə oxuduqdan sonra onu atıb ev tikmə və rəngləmə biznesinə başlayıblar. Onlar, eyni zamanda, "Marvel" üçün komiks kitabları yazırdılar. Bacılar çox böyük kino həvəskarı idilər. Rocer Kormanın az büdcə ilə film çəkmək haqda "How I Made a Hundred Movies in Hollywood and Never Lost a Dime" adlı kitabından ilham alaraq "Carnivore" filminin ssenarisini yazıblar. Daha sonra rejissorluq debütləri olan "Bound" filmini çəkiblər. Bundan az sonra isə şah əsərləri olan "The Matrix"i çəkərək uğur qazanıblar.

Ceyms Kemeron

"Titanic" filminin rejissoru, kanadalı Ceyms Kemeron oxumağı sevsə də, universiteti atıb. Yük maşını sürməyə, özü-özünə xüsusi effektləri və prodakşn dizaynını öyrənməyə başlayıb. Prodüser Rocer Korman Kemerona ilk rejissor işini verib. Qalanı isə tarixdir.

Kristofer Nolan

Kristofer Nolan da kino təhsili almayıb. Universitetdə ingilis ədəbiyyatı oxuyub və öz filmlərini çəkməklə məşğul olub. Dostları ilə birlikdə çəkdiyi "Following" adlı ilk bədii filminin xərclərini özü çəkib. "Zeitgeist Films" şirkəti onun bu filmini bir kinofestivalda göstərmək üçün seçib və Nolanın Hollivud karyerası belə başlayıb.

Culi Teymor

Culi Teymor kinoya teatrdan gəlib. Yeniyetməlik illərini Şri-Lanka, Hindistan və Parisdə keçirən Teymor burada (Parisdə) Jak Lekokun məktəbində pantomima sənətini öyrənib: "Bunun sayəsində bədənin gücünü və fiziki və vizual hərəkətlər, maskalar və kukla oynatmaqla nələr edilə biləcəyini anlamağa başladım. Bu, çox maraqlı idi, çünki bu zaman siz özünüzü bloknot kimi istifadə edirsiniz. Bədən, beyin və emosiyalarınızı ortaya material çıxarmaq üçün istifadə edirsiniz. Bu zaman siz sadəcə əvvəlcədən yazılmış mətn üçün alət olmursunuz…".

Yaponiya və İndoneziyada beynəlxalq miqyaslı teatr rejissoru kimi ad çıxardıqdan sonra Teymor vətəni ABŞ-a qayıdaraq Brodvey və opera tamaşaları qoymağa başlayır. Onlardan biri də uğurlu "Lion King" müzikli olur. İlk bədii filmi olan "Titus"u 1999-cu ildə çəkən Teymor yalnız bir neçə il sonra "Frida" filmi ilə ciddi uğur qazana bilib.

Akira Kurosava

Akira Kurosava rəssamlıq təhsili alıb. Böyük qardaşı Heyqo səssiz kino sahəsində işləyirdi. Bu onun kino və aktyorluğa sevgisini daha da gücləndirib. 1930-cu illərdə yeni yaranan film studiyası köməkçi rejissorlar axtaranda Kurosava imkandan yararlanmaq qərarına gəlib. Bir neçə müharibə filminə imzasını atmış Kadziro Yamamoto onun müəllimi olub. 1943-cü ildə ilk rejissor debütünü çəkən Kurosava bundan sonra ad-san və yaradıcılıq azadlığı qazanıb.

XS
SM
MD
LG