Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

Nərmin Quliyevanın işi: 'İlkinin əleyhinə ifadə vermədiyimə görə işdən çıxardılar'


İlkin Süleymanov məhkəməyə gətirilir
İlkin Süleymanov məhkəməyə gətirilir

Tovuz rayonunun Dondar Quşçu kənd sakini Mahir Orucov deyir ki, 10-yaşlı Nərmin Quliyevanın oğurlanması və öldürülməsi, meyitinin yandırılmasıyla bağlı yalan ifadələr verməsi üçün təzyiqlərə məruz qalıb. Təzyiqlərə baxmayaraq, tələb olunan ifadələri verməyəndə isə işdən çıxarılıb.

"Təxminən 10 gün sonra müdir dedi ki, işdən getməlisən. Sən getməsən, onda gərək mən gedim...", - Orucov martın 16-da azyaşlı Nərmini oğurlayıb öldürməkdə suçlanan İlkin Süleymanovun məhkəməsində şahid kimi dindirilərkən belə deyib.

İlkingillə qonşu olduqlarını deyən şahidin sözlərinə görə, uşağı onun oğurlayıb öldürməsi haqda ifadə vermək tələb olunurdu. Bu məqsədlə Tovuz Rayon Polis Şöbəsində bir neçə dəfə təzyiqlə üzləşdiyini vurğulayan 65-yaşlı Orucov konkret adlar da çəkib. O bildirib ki, Tovuzun ovaxtkı polis rəisi Şirzad Əsgərov (hazırda təqaüdə göndərilib-red.), Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin rəisi Kamal Qılıcov ondan Süleymanovun əleyhinə ifadələr tələb edirdi.

"Telefonda rəisə dedi ki, onu döysəniz, o biri gözü də kor olacaq"

"Bu işə görə mənim başıma oyun açıblar. İstəyirdilər deyim ki, İlkin meyiti ora atıb yandıranda mən görmüşəm. Dedim, İlkin dünyasında belə şey eləməz, onu uşaqlıqdan tanıyıram, çox abır-həyalı, tərbiyəli, insan adamdır. Rəis məni şöbədə zirzəmiyə saldırmaq istəyirdi. Gözüm yeni əməliyyat olunmuşdu, həkimə zəng elədim, telefonda rəisə dedi ki, onu döysəniz, o biri gözü də kor olacaq. Ondan sonra zirzəmiyə salmadılar, döymədilər", - şahid məhkəmədə belə deyib.

Onun sözlərinə görə, bütün bunlar 2020-ci il yanvarın 7-dən 8-nə keçən gecə saat 01.00 radələrində - yanmış meyit tapılandan bir gün sonra baş verib. Orucov deyir ki, onu həmin gecə buraxsalar da, sonra yenə dəfələrlə çağırıblar, psixoloji təzyiq ediblər: "Bir dəfə Qılıcov evimizə gəldi, pilləkəndə dayanıb dedi ki, burdan meyit tapılan yer görünür. Yəni, mən də deyim. Dedim, mən heç nə görməmişəm axı. Bir dəfə də məni yenə şöbəyə apardılar, rəis telefonla görüntülü Qılıcovla danışırdı. Qılıcov üstümə qışqırırdı...".

"Deyirlər, meyitin boyu uyğun deyil"

Yandırılmış meyit tapılan vaxt – 6 yanvar 2020-ci ildə axşam saat 19:30 radələrində evdə olduğunu deyən şahid bildirib ki, polislər əraziyə toplaşdığına görə nə baş verdiyini öyrənmək üçün çıxıb. Gedəndə görüb ki, polislər meyiti əhatəyə alıblar, yaxına heç kimi buraxmırlar: "Təxminən 15 metr məsafədən heç kimi meyitə yaxın qoymurdular. Oradan da heç görünmürdü ki, kimin meyitidir. Təxminən iki saat sonra dedilər ki, Şərifin qızınındır. Elə orada gözümün qabağında İlkini polislər apardı, bir də buraxmadı...".

Şahid meyitlə bağlı Dondar Quşçu kəndində gəzən söz-söhbətdən də danışıb. Deyir ki, kənd camaatı arasında tapılan meyitin Nərminə aid olmadığını danışırlar: "Deyirlər, meyitin boyu uyğun deyil. Uşaq balaca idi".

Tapılan meyit yananda bunu görənlərdən biri – Nazim Vəliyev də məhkəmədə dindirilib. O deyir ki, meyiti onun həyətindəki yardımçı tikilinin hasarının o tərəfində yandırıblar. Həmin ərazi nisbətən çökək olub: "Ora dərə kimi idi. Qonşular gecə heç kim olmayanda zibil tökürdülər, iy yayılırdı. Ona görə də orada zibil olanda İlkin, ya da bir başqa qonşu yandırırdı ki, iy yayılmasın. Bu hadisədən bir neçə gün əvvəl oranı kimlərsə təmizləyib, gül kimi eləmişdilər".

"İlkinə dedik ki, istintaqa lazım olar, hadisəni çəksin"

Hadisə gününə gəlincə, Vəliyev danışır ki, axşam saatlarında qonşuluqda yaşayan Süleymanov yanğını görüb, dərhal ona xəbər edib. Əvvəl heyvan cəsədi olduğunu zənn etsə də, birlikdə gedib baxanda insan meyiti olduğunu görüb. Hüquq-mühafizə orqanlarına məlumat vermək üçün qonşuluqdan İlkinin əmisi oğlu, polis orqanlarında çalışan Murad Süleymanovu çağırıblar: "Muradı polis olduğuna görə çağırdıq ki, hara xəbər vermək lazımdır, o bilər. Tez polisə zəng elədi, dörd-beş maşın gəldilər. Biz İlkinə dedik ki, birdən istintaqa lazım olar, hadisəni çəksin. Məqsəd istintaqa kömək etmək idi. Hətta çəkilişdə də səs var, İlkin deyir ki, "ayaq izləriniz düşür, ayaqqabılarınızı yadınızda saxlayın". Səhvimiz onda oldu ki, o yazığa dedik, çək. Sonra bundan İlkinin öz əleyhinə istifadə elədilər...".

Vəliyev deyir ki, üçü də şok vəziyyətində idi. Meyiti söndürmək üçün o, bel gətirməyə gedib. Gələndə görüb ki, İlkin və Murad Süleymanovlar artıq qarın nahiyəsini söndürüblər: "Qol hissələri qalmışdı, mən də torpaq tökdüm, söndü".

Şahid əlavə edib ki, meyit tanınmaz vəziyyətdə idi, üzdən kim olduğu bilinmirdi, yalnız dişi görünürdü.

Hər iki şahid ifadəsində vurğulayıb ki, hadisə yerində qətiyyən yanıq və ya başqa bir iy yox idi.

Bu cinayətlə bağlı araşdırmalar martın 30-da davam edəcək. Növbəti məhkəmə iclasında şahid Vəliyev sualları cavablandıracaq.

Xatırlatma

48-yaşlı İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək etiraf ifadəsinə imza atmağa məcbur olub. Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

Süleymanovun ittiham olunduğu maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG