Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Ukraynanın ruhunu göstərən əsərlər


Taras Şevçenko
Taras Şevçenko

Ukraynanın unikal geosiyasi mövqeyi, keşməkeşli tarixi, zəngin ədəbiyyatı bu gün də yazıçılar üçün ilham mənbəyidir. "BBC Culture" Ukraynanın ədəbi tarixinə və bu maraqlı ölkəni təmsil edən əsərlərə nəzər salıb.

Boris Dralyuk Ukraynada doğulmuş və hazırda ABŞ-da yaşayan yazıçı və tərcüməçidir. O, ilk növbədə Ukrayna ədəbiyyatının atalarından biri Taras Şevçenkonun (1814-1861) adını çəkir. Təhkimli kəndli kimi doğulmuş Şevçenko istedadı sayəsində azadlığa çıxıb. Onun "Daxmanın yanında albalı bağı" şeiri (1847) əslində böyük və qeyri-adi əsər olmasa da, ukraynalılar üçün hər zaman evi təcəssüm etdirir.

İlk hərbi müxbir

Dralyuk daha sonra Şevçenkodan təsirlənmiş şairə Lesya Ukrainkanın (1871-1913) adını qeyd edir və onun protofeminist və, təxəllüsündən göründüyü kimi, vətənpərvər fiqur olduğunu vurğulayır.

Ukraynanın ədəbiyyatda ilk yaxşı tanınan təsvirləri 1850-ci illərə təsadüf edir. Bu dövrdə xüsusən də Krım müharibəsi haqda yazan xarici müəlliflər Ukraynanı da təsvir ediblər.

Rusiya tərəfdən Krım müharibəsini, bəlkə də, dünyanın ilk hərbi müxbiri olan, ədəbiyyata böyük marağı ilə seçilən gənc zabit Lev Tolstoy işıqlandırıb. O, xüsusilə də 1854-55-ci illərdə Sevastopol limanının təslim olması haqda reportajların müəllifidir. Gənc Tolstoyun "Sevastopol eskizləri" oxuculara onun şəxsi keyfiyyətləri haqda çox şey deyir. Həyat və ölümlə dolu olan bu eskizlər bədii əsər kimi oxunur. Ancaq Tolstoy yazır ki, "hekayəmin bütün qəlbim və ruhumla sevdiyim qəhrəmanı həqiqətdir". "Mən orduda general ola bilmədim, ancaq ədəbiyyatda oldum", –o yazır.

"Ağ qvardiya"

Sözsüz ki, Ukraynada doğulmuş rus yazıçısı Mixail Bulqakov və xüsusilə də onun Ukraynada gedən münaqişə haqqında yazdığı "Ağ qvardiya" (1925) əsərini qeyd etməmək olmaz. Əsərdə bir zamanlar zəngin olmuş, sonradan müflisləşmiş Turbin ailəsinin taleyindən söz açılır. Kitab içində kommunist qəhrəman olmadığı üçün sovet senzurasından keçməyib.

Ukrayna mədəniyyətlərin qaynar qazanıdır. Bu xüsusilə də Lvov və Odessa kimi Qərb şəhərlərinə aiddir. Ukraynada doğulmuş yəhudi yazıçı İsaak Babel (1894 - 1940) XX əsr ədəbiyyatının tanınmış simalarından biridir. O, 1940-cı ildə Stalinin terror kampaniyasının qurbanı olub. Onun Odessa hekayələri Ukraynanın mədəniyyətlər qarışığı olmasını çox gözəl əks etdirir. Babelin hekayələrində Odessa həm sevgi, həm də yumorla təsvir olunur.

Lvovlu yazıçı Yozef Vittlin də öz şəhərinin rəngarəng sakinlərini sevirdi. O bu əhalini "əsilzadəlik və köntöylüyün, hikmət və dəliliyin, şairanəlik və bayağılığın qeyri-adi qarışığı" adlandırırdı.

Fərqli siniflərin bir-birini lağa qoyduğu şəhər

Ukraynada doğulmuş şair və tərcüməçi Nina Mürrey də Ukrayna ədəbiyyatında qabarıq çalarlarla görünən yumor komponentini xüsusi qeyd edir: "Lvovda uzun zamandan bəri davam edən yumor ənənəsi var. Çünki bura daim fərqli siniflərin bir-birini lağa qoyduğu qarışıq şəhər olub. Ancaq, eyni zamanda, yəhudi yazıçı Şolom-Aleyxem də Lvovdan idi və o, gözəl yumorist idi".

Bəlkə də, dünyada ən çox tanınan müasir Ukrayna yazıçısı isə Andrey Kurkovdur. Onun "Boz arılar" (2018) adlı son romanında hadisələr rus separatçılarla Ukrayna ordusu arasındakı "boz zona"da cərəyan edir. Kurkovun qəhrəmanı arıçı Sergeydir.

Mürrey, eyni zamanda, İrina Şuvalova adlı ukraynalı şairənin "Boş quyulara dua et" adlı kitabını tövsiyə edir. Dralyuk isə bir növ sürrealist və satirik tərzdə yazan Yuri Andruxoviç və onun "Moskoviya""On iki üzük" adlı əsərlərini məsləhət görür. Onun sözlərinə görə, bu kitablar Ukrayna mentaliteti və tarixini yaxşı təmsil edir.

XS
SM
MD
LG