Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:54

General oğlunun evindən oğurlananlar: 150 min manatlıq qızıl, dollar...


Alpinist. Foto arxiv
Alpinist. Foto arxiv

Bakıda alpinizm üsuluyla oğurluqlardan biri də general Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyevin mənzilində olub. Kəndirlə çoxmərtəbəli binaların eyvanına düşüb çoxsaylı mənzillərdən oğurluqda suçlanan Cavid Süleymanov Əhməd Əhmədovun işində zərərçəkənlərdən biri də odur. Mirzəyev istintaqda ifadə versə də, məhkəməyə gəlməyib.

Bu iş xeyli vaxtdır Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Aprelin 8-də məhkəmədə dindirilən zərərçəkmişlərdən biri – Orxan Quliyev deyir ki, evə gəlib qapını açanda dağınıq vəziyyətdə olduğunu görüb: "Evdən 600 dollar, 700 avro pul aparıblar".

Məhz həmin evdə oğurluqdan sonra...

Təqsirləndirilən Əhmədov isə deyir ki, yalandır, o evdən 1 manat da pul aparmayıblar.

Ardınca məhkəməyə çağrılsa da, gəlməyən iki zərərçəkmiş və şahidlərin ifadələri elan olunmuş sayılıb və bu iş üzrə məhkəmə istintaqı yekunlaşıb. Növbəti məhkəmə iclasında prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Mirzəyevin evi 20-mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. O bildirib ki, 2021-ci il mayın 12-dən 14-nə qədər evdə olmayıblar. Oğurluq da bu müddətdə baş verib. Mənzilə qayıdanda evdən 150 min dəyərində qızıl-zinət əşyalarının, 7 min manat, 3 min dollar və 1 min 200 lirə pulun oğurlandığını görüblər.

Alpinizm üsuluyla mənzil oğurluqlarının üstü məhz general oğlunun evində baş verənlərdən sonra açılıb. İttihama əsasən, Süleymanov və Əhmədov sonuncu bu evdən oğurluq ediblər.

10 manat əvəzinə iki 50-lik...

Süleymanovun vəkili onun uşaqlıqdan psixi xəstəliklərdən əziyyət çəkdiyini, bu üzdən hərbi xidmətə də aparılmadığını, üçüncü qrup əlil olduğunu bildirib. Bu barədə sənədləri məhkəməyə təqdim edən vəkil onun hadisələri törədərkən anlaqlı olub-olmadığını müəyyənləşdirmək üçün təkrar ekspertiza istəyib.

"Məhkəmədə dindirilən taksi sürücüsü bildirdi ki, Cavid Süleymanovu aparanda xidmət haqqı kimi 10 manat əvəzinə iki 50-lik, bir dənə də saat qoyub düşüb. Onun özünə də deyib ki, başqa kasıblara da belə kömək eləyir. Başqa sübutlar da var ki, bu adam əmlakları, pulları başqalarına paylamağa meylli olub. Bu da psixi xəstəliyin əlamətlərindəndir", – vəkil belə deyib.

Amma vəkilin təkrar ekspertiza istəyi rədd edilib.

İttihamlar

Süleymanov və Əhmədov CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) maddəsilə ittiham olunur. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bu cinayət işində zərərçəkənlər arasında futbol üzrə Azərbaycan yığmasının keçmiş üzvü Ceyhun Sultanov, pandemiya dövründə vəzifəsindən azad edilən baş infeksionist Cəlal İsayev və digərləri var.

Uzun illər daxili işlər orqanlarında rəhbər vəzifələrdə çalışmış general-mayor Sahib Mirzəyev 2021-ci ildə təqaüdə göndərilib. Sonradan - 2021-ci ilin sentyabrında isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müşaviri təyin edilib.

XS
SM
MD
LG