Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:55

'Tərtər hadisələri'ndə işgəncə verənlərlə bağlı yeni qərar


Ermənistana işləməkdə suçlanan hərbçi: 'İşgəncəylə boynuma qoyurdular'
Gözlə

No media source currently available

0:00 0:06:49 0:00

Ermənistana işləməkdə suçlanan hərbçi: 'İşgəncəylə boynuma qoyurdular'

Ermənistana casusluq ittihamları ilə açılmış "Tərtər işi" üzrə dindirmələrdə hərbçilərə işgəncə verilməsi, nəticədə onlardan bir neçəsinin ölməsində suçlu sayılan üç nəfərin işinə yenidən baxılıb. Onlardan ikisi haqqında hökm dəyişdirilərək cəzaları 5 il 3 aydan 6 ilə qaldırılıb. Söhbət hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi olmuş ədliyyə mayoru Fuad Ağayev, baş gizir Qurban Cümşüdov və kiçik gizir Cavid Ağadadaşovun işindən gedir. Amma zərərçəkmiş tərəf bu qərardan şikayət verəcəyini deyir.

Adları çəkilən şəxslər CM-in 125 (özünü öldürmə həddinə çatdırma), 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda), 133 (əzab vermə) və başqa maddələri ilə suçlanır. Əvvəl Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Ağayevə 10 il, Ağadadaşov və Cümşüdovun hər birinə isə 6 il həbs cəzası kəsilmişdi. Sonradan Gəncə Apellyasiya Məhkəməsi, Ağayev istisna olmaqla, digər iki nəfərə münasibətdə CM-in 62-ci (maddədə nəzərdə tutulmuş cəzanın aşağı həddindən daha yüngül cəza təyin olunması) maddəsini tətbiq edib onların cəzasını 5 il 3 aya endirmişdi.

General Hikmət Həsənovun əmrini yerinə yetirdiyini deyir

İşgəncə nəticəsində ölənlərin yaxınları və xəsarət alanlar bununla razılaşmayaraq Ali Məhkəməyə şikayət etmişdi. Ali Məhkəmə də sözügedən iki nəfərə münasibətdə apellyasiya instansiyasının qərarını ləğv edərək işi təkrar araşdırma üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarmışdı. Yarım ilə yaxın idi ki, bu işə orada yenidən baxılırdı. 2021-ci ilin dekabrında Tərtər hadisələri ilə bağlı prokurorluq icraatı təzələyib, bu məsələlərin yenidən istintaqına başlanandan sonra Gəncədəki məhkəmə prosesi də uzun müddət təxirə salındı. Lakin fevraldan proses davam etdirilib və aprelin 1-də qərar verilib. Qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü dəyişib: Fuad Ağayevin cəzası olduğu kimi qalıb - 10 il, Qurban Cümşüdov və Cavid Ağadadaşovun cəzası isə 5 il 3 aydan 6 ilə qaldırılıb.

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Ağadadaşov məhkəmədə bildirib ki, özünü yalnız polkovnik Saleh Qafarova işgəncə verilməsi və nəticədə onun ölməsi epizodunda təqsirli bilib. O vurğulayıb ki, heç bir işi özbaşına görməyiblər, general Hikmət Həsənovun əmrini yerinə yetiriblər.

Ağayev və Cümşüdov da özlərini qismən təqsirli biliblər.

Adları çəkilən şəxslər 101 hərbi qulluqçuya dəhşətli işgəncələr verməkdə, onlardan 7-nin intihar və ya işgəncə nəticəsində ölümünə səbəb olmaqda suçlu sayılıb.

"Bunun qarşılığında 6 il nədir ki?!"

Zərərçəkmiş tərəf bu nəticədən narazı qalıb. "Tərtər hadisələri" vaxtı işgəncə ilə öldürülən hərbi qulluqçu, kiçik çavuş Elçin Quliyevin anası Validə Əhmədova AzadlıqRadiosuna bildirib ki, onların əməlləri qarşılığında bu, çox yüngül cəzadır.

"Söhbət neçə-neçə adamın, illərlə bu dövlətə xidmət etmiş dəyərli insanların işgəncə ilə öldürülməsindən gedir. Hələ mən şikəst edilənləri, həyatı başqa cür məhv olanları demirəm. Bunun qarşılığında 6 il nədir ki?! Onlara ömürlük cəza versələr də, mənim ürəyimin odu soyumaz. 6 il də çox ədalətsiz, qanunsuz hökmdür", – Əhmədova belə deyib.

Zərərçəkmişin hüquqi varisi qismində tanınan Əhmədova əlavə edib ki, hələ Gəncə Apellyasiya Məhkəməsinin qərarını almayıblar. Qərarı əldə edən kimi Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər. Yenə də nəticə onları qane etməsə, Avropa Məhkəməsinə ərizə göndərəcəklər.

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

"Tərtər işi" üzrə dindirmələrdə hərbçilərə işgəncə verilməsi, onlardan bir neçəsinin bu cür davranış nəticəsində ölməsiylə əlaqədar indiyədək 19 nəfərə hökm oxunub. Onlar beş qrupa bölünərək ayrı-ayrılıqda mühakimə olunublar. İşgəncə verməkdə suçlananların bir çoxu cəzaları başa çatmamış azadlığa buraxılıb. Hətta aralarında 2020-ci ildə 44 günlük müharibədən sonra prezident tərəfindən orden və medallarla təltif olunanlar da var.

Ölkədən gedənlər var

AzadlıqRadiosunun prokurorluqdan əldə etdiyi məlumata görə, dekabrda icraat yenilənəndən sonra artıq həbsdən buraxılmış bir neçə nəfərin yenidən istintaqa cəlb edilməsi zərurəti yaranıb. Lakin onların bəziləri artıq ölkəni tərk etdiyinə görə bu, hələlik, mümkün olmayıb.

Cinayət işinin icraatının təzələnməsi ilə əlaqədar Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə açıqlamasında vurğulanıb ki, məqsəd həm də bu olaylarla bütün təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilməsi, onların məsuliyyətə cəlb olunmasıdır.

Zərərçəkmiş tərəf – işgəncə nəticəsində həyatını itirənlərin yaxınları general Hikmət Həsənovun, hərbi prokuror Xanlar Vəliyevin və digər vəzifəli şəxslərin də cəzalandırılmasını tələb edir. Bunu məhkəmələrindəki çıxışlarında da dilə gətiriblər.

General Həsənovun bu ittihamlara münasibəti bəlli deyil. Xanlar Vəliyev isə yerli mediaya açıqlamasında ittihamları rədd edib, onları "əsassız" adlandırıb.

"Tərtər işi"

Azərbaycanın hüquq-mühafizə orqanları 2017-ci ilin mayında bir qrup hərbi qulluqçu və mülki şəxsin həbs edildiyini, onlara dövlətə xəyanət maddəsi üzrə cinayət içi açıldığını bildiriblər. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. İşgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) beşinə də sonradan bəraət verilib.

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Həmin hadisələrlə bağlı ötən ilin dekabrında cinayət işləri üzrə icraat təzələnib.

XS
SM
MD
LG