Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:40

Dmitri Medvedev – 'iPhone'la gəzən texnokrat


Baş nazir Dmitri Medvedev və prezident Vladimir Putin. 2017
Baş nazir Dmitri Medvedev və prezident Vladimir Putin. 2017

Siyasi karyerasını və nəhəng varidatını Vladimir Putinə borclu olan keçmiş prezidenti Dmitri Medvedev ötən ilin oktyabrında "Kommersant" qəzetindəki məqaləsində Ukrayna liderlərinə hücum edərək onları "zəif", "müstəqil olmayan" və "korrupsioner" adlandırmış, onlarla danışıqların mənasız olduğunu yazmışdı.

Qərb təhlilçilərinin şovinist kimi qiymətləndirdiyi məqalədə Medvedev özü yəhudi olan Ukrayna Prezidenti Vladimir Zelenskini "ən quduz" millətçi qüvvələrə bağlı olmaqda, öz siyasi və əxlaqi kompasını tamamilə dəyişməkdə suçlamışdı.

Ancaq bir çox müşahidəçilərə görə, Medvedev eyni sözləri özü haqda da deyə bilərdi.

Mötədil texnokrat imici

56-yaşlı keçmiş hüquqşünas 2008-ci ildə Putin tərəfindən prezident kürsüsünə oturdulanda islahatlara ümid bəsləyənlər belə var idi.

2012-ci ildə yenidən prezidentliyə qayıdan Putin daha heç vaxt bu kürsünü tərk etmədi. O, müxalif düşüncəli şəxsləri susdurmaq üçün əlindən gələni etdi, Qərb və Kiyevlə qarşıdurmanı isə durmadan artırdı.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev. 2022
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev. 2022

Son aylarda isə Putin yaxın ətrafını daraldıb Ukraynaya genişmiqyaslı silahlı hücuma başladı. Medvedev də bu məqaləni müdirinin yaxın çevrəsində qalmaq üçün yazmış ola bilər. Onun bu məqalədəki arqumentləri də Putinin Qərb və Ukrayna ilə bağlı ənənəvi ritorikasını təkrarlayır.

Rusiyanın bugünkü toksik mühitində rəsmilər, deputatlar, dövlət televiziyasının aparıcıları militarist bəyanatları ilə bir-biri ilə yarışa giriblər. Ancaq Medvedev özünə daha mötədil, "iPhone"la gəzən texnokrat imici yaratmışdı.

Gündəmdə qalmaq

Sirakuz Universitetinin siyasi elmlər professoru Brayan Teylor deyir ki, iki il əvvəl baş nazir postundan uzaqlaşdırıldıqdan sonra güc və nüfuzunun xeyli hissəsini itirən Medvedev bu hərəkətləri ilə siyasi mənada gündəmdə qalmağa çalışır.

Martda sosial mediada paylaşdığı bir postda Medvedev Polşa, Slovakiya və Çexiya prezidentlərinin Zelenskini dəstəkləmək üçün qatarla Kiyevə gəlməsini Leninin 1917-ci ildə, bolşevik çevrilişi ərəfəsində Almaniyadan Rusiyaya qayıtmasına bənzətmişdi.

Medvedev iddia edir ki, Polşa elitası 400 il əvvəl Moskva taxtı üzərində nəzarəti itirdiyindən rusofobiyadan əziyyət çəkir. Ancaq o, nədənsə daha yaxın zamanlarda baş vermiş hadisələri, məsələn, SSRİ-nin on illər ərzində Polşa və qonşularını nəzarətdə saxladığını qeyd etməyi lazım bilmir.

Prezident Vladimir Putin və Baş nazirin birinci müavini Dmitri Medvedev Moskvada konsertdə. 2008
Prezident Vladimir Putin və Baş nazirin birinci müavini Dmitri Medvedev Moskvada konsertdə. 2008

1.2 milyard dollarlıq ianə

Yel Universitetinin tarixçi professoru və region üzrə mütəxəssis Timoti Snayder bu postu "qrotesk" adlandırır. Onun fikrincə, Medvedev bununla özünü sadə Mərkəzi və Şərqi Avropa vətəndaşını hədəfə alan populist kimi aparır.

"Ancaq onun özü qlobal elitanın karikaturasıdır; heç bir səbəb olmadan zəngindir, xarici ölkənin insanlarına nə edəcəklərini və necə düşünəcəklərini diktə etməyə çalışır, öz şəxsi komfortundan başqa heç bir məqsədə xidmət etməyən dağıdıcı müharibəni dəstəkləyir", – Snayder bir bloq postunda yazıb.

Hazırda həbsdə olan müxalifətçi Aleksey Navalnı və komandasının 2017-ci ildə apardığı bir araşdırma nəticəsində Medvedevin bir qrup xeyriyyə və qeyri-kommersiya təşkilatından istifadə edərək maqnatlardan və dövlət banklarından 1.2 milyard dollar ianə topladığı, sonra isə həmin pulları bahalı aktivlər, o cümlədən lüks evlər almağa yönləndirdiyi üzə çıxmışdı.

Təhlilçilər deyirlər ki, Medvedev qismən bu korrupsiya ittihamlarına görə Putinin ən yaxın çevrəsindən uzaqlaşdırılıb. Əvvəlki siyasi çəkisinin xeyli hissəsini itirən Medvedevin müttəfiqlərindən keçmiş Açıq Hökumət naziri Mixail Abızov, habelə biznesmen Ziyavudin və Maqomed Maqomedov qardaşları həbsdədir. Keçirilən sorğuların nəticələrinə görə, Medvedev ölkədə xalqın ən az inandığı siyasətçilərdən biridir.

Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama "Ray's Hell Burger"də yemək sifariş edirlər. 2010
Rusiya prezidenti Dmitri Medvedev və ABŞ prezidenti Barak Obama "Ray's Hell Burger"də yemək sifariş edirlər. 2010

"Zəif elementlər"

Təhlilçilərə görə, Ukraynada aparılan müharibənin Rusiyanın gələcəyini kölgə altına alması şəraitində Putinin çevrəsindəki atmosfer həmişəkindən daha gərgindir. Belə bir şəraitdə elita daxilində "zəif elementlər"ə hücum artmaqdadır. Vaşinqtonda yerləşən beyin mərkəzlərindən biri olan Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin əməkdaşı Mariya Sneqovaya deyir ki, xüsusən də iqtisadi vəziyyətin pisləşməsi şəraitində bu hal dinamikanın böyük bir hissəsini təşkil edəcək. Onun sözlərinə görə, Putinin ətrafında Medvedev də daxil olmaqla heç kəs mövcud təqiblər şəraitində həmin zəif elementlərdən biri olmaq və, deməli, hücuma məruz qalmaq istəməzdi.

Medvedevin keçmiş yaxın müşaviri Arkadi Dvorkoviç ötən ay müharibə və mülki şəxslərlə bağlı narahatlıq ifadə etdiyi üçün hakim partiyadan bir nüfuzlu deputat tərəfindən dövlətə xəyanətdə ittiham olunmuşdu. Tezliklə o, Moskva vilayətində yerləşən texnologiya habı - Skolkovo Fondunun rəhbərliyindən uzaqlaşmalı oldu.

XS
SM
MD
LG