Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

Rusiyanın hərbi cinayətlərinə dair ittihamlar araşdırılacaq


Buçada qətlə yetirilmiş qadın
Buçada qətlə yetirilmiş qadın

Qətnamənin əleyhinə yalnız Çin və Eritreya səs veriblər

BMT-nin İnsan Haqları Şurası Rusiya hərbçilərinin Ukraynada hərbi cinayətlər törətdiyinə dair ittihamların araşdırılması haqqında qətnaməni qəbul edib.

Söhbət ilk növbədə Rusiya qüvvələrinin müvəqqəti işğalı altında olmuş ərazilərdə insan haqlarının kobud pozulmasının və cinayətlərin araşdırılmasından gedir.

Şuranın Kiyevin müraciətilə keçirilən xüsusi sessiyasında bu qətnamənin leyhinə 33 ölkə səs verib. 12 ölkə bitərəf qalıb. Qətnamənin əleyhinə yalnız Çin və Eritreya səs veriblər.

Qətnamadə odlu silahdan istifadə, işgəncələr və cinsi zorakılıq hallarından bəhs edilir.

Bu hallar Ukrayna prokurorları tərəfindən sənədləşdirilib.

BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçelet səsvermədən əvvəl etdiyi çıxışda deyib ki, Ukraynanın Kiyev vilayətində aprelin əvvəllərində Rusiya qüvvələrinin buradan çıxmasından dərhal sonra minlərlə meyit tapılıb.

Onun sözlərinə görə bu, hərbi cinayətlərin törədilməsinin göstəricisi ola bilər.

Baçelet bildirib ki, “Kiyevdən şimaldakı rayonlarda kütləvi edamlar da daxil qətllərin miqyası insanı dəhşətə gətirir”.

Səfir Gennadi Qatilov etiraz bildirib

BMT Şurasının üzvləri qəddar hadisələrə görə məsuliyyət daşıyanları qətiyyətlə pisləyiblər və Ukraynadan zorla Rusiyaya aparılmış şəxslərlə humanitar vəzifəlilərin görüşünə imkan verilməsini tələb ediblər.

Belə ehtimal edilir ki, bu adamların xeyli hissəsi Rusiyaya iradələrinə zidd olaraq aparılıb.

Reuters agentliyi xəbər verir ki, Ukraynadakı müharibəni “xüsusi əməliyyat” adlandıran Moskva vəhşiliklər törədilməsinə dair ittihamları rədd edir.

Bu səbəbdən də Rusiya nümayəndəsi Cenevrədə mənzillənmiş Şuranın 12 may sessiyasında iştirakdan imtina etmişdi.

Rusiyanın BMT İnsan Haqları Şurasındakı səfiri Gennadi Qatilov sessiyaya qatılmasa da səsvermədən əvvəl üzvlərə elektron məktubla müraciət edib:

"Bu ölkədə böhrana gətirib çıxarmış həqiqi səbəbləri araşdırmaq və onu həll etmək əvəzinə “kollektiv Qərb” Rusiyanı “xortdanlaşdırmaq” məqsədilə daha bir siyasi “şivən” təşkil edib”.

Çin mövqeyini dəyişib

Reuters yazır ki, Ukraynaya dair səsvermələrdə adətən bitərəf qalan Çin bu dəfə mövqeyini dəyişərək qətnamənin əleyhinə səs verib.

Çinin təşkilatdakı səfiri Şen Hu deyib:

"Biz son illərdə Şurada siyasiləşdirmə və qarşıdurmanın artmasını müşahidə edirik. Bu həqiqətə, bitərəfliyə və həmrəyliyə ziyan vurur”.

Rusiya iddia edir ki, fevralın 24-də Ukraynaya oradakı millətçiləri tərk-silah etmək və Moskvanın təbirincə deyilərsə, “Qərbin yaratdığı antirus millətçiliyinin” qarşısını almaq üçün müdaxilə edib.

Ukrayna və Qərb bu müdaxiləni Rusiyanın suveren ölkəyə əsassız və səbəbsiz müharibəsi adlandırır.

Rusiya Ukraynada törətdiyi zorakılıqlara görə 47 üzvü olan İnsan Haqları Şurasından ötən ay xaric edilib.

Rusiya Ukraynada işğal etdiyi ərazilərdə vəhşiliklər törətdiyinə dair ittihamları rədd edir və bildirir ki, Buça kimi şəhərlərdə törədildiyi deyilən qətliamları Ukraynanın özü “səhnələşdirib”.

XS
SM
MD
LG