Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:33

Moskva Azovstal-da 1700 döyüşçünün ‘təslim olduğunu’ deyir


Xarkov, 17 may, 2022-ci il
Xarkov, 17 may, 2022-ci il

Baş qərargah rəisi Valeri Gerasimov vəzifəsində qalsa da, Prezident Vladimir Putinin ona hələ də etimad göstərdiyi bəlli deyil, bülletendə belə deyilir

Rusiyanın Müdafiə Nazirliyi son 24 saat ərzində Mariupoldakı Azovstal polad zavodunda 771 ukraynalı döyüşçünün “təslim olduğunu” bildirir. Beləliklə, mayın 16-dan 1730 döyüşçü zavoddan çıxarılıb. Qırmızı Xaç “yüzlərlə” şəxsi qeydiyyata almağa başlayıb.

Nazirlik döyüşçülərdən 80-nin yaralı olduğunu, hamısının Ukraynanın şərqinə, Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan əraziyə aparıldığını bildirir.

Bu rəqəmi müstəqil təsdiqlətmək mümkün olmayıb. Zavodda qalan döyüşçülərin taleyi də bəlli deyil. Moskva və Kiyev Azovstal-dan çıxarılan döyüşçülərin sayını fərqli göstərirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Rusiyanın Azovstal-dan təxliyə etdiyi yüzlərlə hərbi əsiri qeydiyyata almağa başladığını bildirib.

“Hərbi əsirlərin qeydiyyatı işimizin əsas hissəsidir. Onların sayılması, insani və ləyaqətli davranışla təminatı vacibdir”, – BQXK mayın 19-da tvitində yazıb.

Qurum qeydiyyat prosesinə ad, doğum tarixi, yaxın qohumların dəqiqləşdirilməsinin daxil olduğunu bildirir. BQXK qeyd edir ki, Cenevrə Konvensiyaları quruma hərbi əsirləri “şahidsiz” dindirməyə icazə verir, onların ziyarət olunması “məhdudlaşdırıla bilməz”.

Rusiya Xarkovda əkshücuma cəhd edir

Ukrayna ordusu Rusiya qüvvələrinin Xarkov ətrafında əkshücumlara başladığını bildirir. Bir neçə gün öncə rusiyalıların sərhədə doğru sıxışdırıldığı açıqlanmışdı.

Rusiya qüvvələri Velika Komişuvaxa yaşayış məntəqəsində böyük itkilər verərək daha öncə işğal olunmuş mövqelərə çəkiliblər. Məlumatı mayın 19-da Ukrayna Silahlı Qüvvələrinin baş Qərargahı yayıb.

Rusiyanın Kursk vilayətinin qubernatoru isə mayın 19-da bildirib ki, Ukrayna tərəfdən sərhəd yaxınlığında kəndə hücum nəticəsində bir nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

Vəzifədən kənarlaşdırılanlar

Elit 1-ci Qvardiya Tank Ordusunun komandiri, General leytenant Sergey Kisel Xarkovu tuta bilmədiyi üçün vəzifəsindən azad edilib. Bu haqda Britaniyanın Müdafiə Nazirliyi mayın 19-da məlumat yayıb.


Məlumata görə, Kisel Ukraynanın işğalının ilkin mərhələsində pis perfomansa görə son həftələr vəzifədən kənarlaşdırılan aparıcı zabitlərdən yalnız biridir.

Rusiya Qara Dəniz Donanmasının komandiri, Vitse-admiral İqor Osipovun apreldə Moskva kreyseri batandan sonra vəzifədən kənarlaşdırıldığı bildirilir.

Baş qərargah rəisi Valeri Gerasimov vəzifəsində qalsa da, Prezident Vladimir Putinin ona hələ də etimad göstərdiyi bəlli deyil, bülletendə belə deyilir.

Britaniya kəşfiyyatının dəyərləndirməsinə görə, Rusiya ordusu və təhlükəsizlik sistemində ört-basdır etmək və günah keçisi tapmaq mədəniyyəti üstünlük təşkil edir. Bu isə Rusiyanın mərkəzləşdirilmiş komandanlıq və nəzarət sisteminə gərginliyi artıra, Moskvanın münaqişədə təşəbbüsü ələ almasını çətinləşdirə bilər.

Kəşfiyyat bilgiləri olan, adı açıqlanmayan NATO ordu rəsmisi CNN-ə deyib ki, münaqişədə Ukraynanın xeyrinə əhəmiyyətli dönüş yaranıb, amma alyans yaxın həftələrdə tərəflərdən heç biri üçün ciddi irəliləyiş gözləmir.

Komandirlər Azovstal-dadır?

Ukrayna rəsmilərinin mayın 18-də dediyinə görə, Mariupoldakı Azovstal polad zavodunda qalan döyüşçülərin buraxılması üçün danışıqlar aparmağa çalışırlar. Rusiya mayın 18-də səhərəcən zavoddan minədək ukraynalı döyüşçünün “təslim olduğunu” deyir. Onların hamısı Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazilərə aparılıb.

Ukrayna rəqəmləri şərh etməyib, döyüşçülərin azad edilməsi üçün danışıqlar aparıldığını deyir.

Ölkənin şərqindəki separatçı qurumlardan birinin başçısı Denis Puşilin deyib ki, Azovtstal-ı son istehkama çevirmiş döyüşçülərin komandirləri hələ də zavoddadır.

Birləşmiş Ştatlar mayın 18-də Kiyevdə səfirliyini yenidən açdığını bəyan edib. Senatın Xarici əlaqələr komitəsi veteran diplomat Bricet Brinkin Ukraynada səfir postuna namizədliyini yekdilliklə təsdiqləyib. Komitədən sonra onun təyinatı Senatda təsdiqlənməlidir.

XS
SM
MD
LG