Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:30

Azovstal-dakı döyüşçülərə vuruşmağı dayandırmaq ‘əmr olunub’


Mayın 19-da Ukraynada Naxış Günü qeyd olunub
Mayın 19-da Ukraynada Naxış Günü qeyd olunub

Ukraynalıların olduğu mindən çox avtomobilin Zaporijya şəhərində Ukraynanın nəzarətində olan əraziyə keçməsinə imkan verilmir.

Mariupoldakı Azovstal polad zavodunda qalan sonuncu ukraynalı əsgərlər deyirlər ki, Kiyev onlara döyüşməyi dayandırmağı “əmr edib”.

“Ali hərbi komandanlıq bizə qarnizonumuzun əsgərlərinin həyatını xilas etmək, şəhərin müdafiəsini dayandırmaq əmri verib”, – Azovstal-dakı əsgərlərə başçılıq edən batalyonun komandiri Denis Prokopenko mayın 20-də Telegram-da yerləşdirdiyi videoda deyir.

Onun sözlərinə görə, dinc sakinlər evakuasiya olunub, ağır yaralılara gərəkən yardım göstərilib, onlar zavoddan çıxarılıb, “sonra dəyişdirilərək Ukraynanın nəzarətində olan əraziyə aparılacaq”.

Prokopenko Azovstal-dan ölənlərin meyitlərinin çıxarılması prosesinin davam etdiyini deyib. O ümidini bildirib ki, “yaxın gələcəkdə qohumlar və Ukrayna əsgərlərini şərəflə dəfn edə biləcək”.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu indiyədək Azovstal-dan 2 minədək döyüşçünün təslim olduğunu deyib.

“Azovstal-ın blokadası davam edir. Millətçilər fəal şəkildə təslim olurlar. Hazırda 1908 nəfər silahı yerə qoyub”, – Şoyqu televiziya ilə çıxışında söyləyib.

Ukrayna bu rəqəmi təsdiqləməyib, sayı müstəqil təsdiqlətmək də mümkün olmayıb.

Azovstal-dan çıxarılan əsgərlərin, o cümlədən yaralıların Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan əraziyə aparıldığı bildirilir.

Ukrayna Baş Prokurorluğunun mayın 20-də yaydığı məlumata görə, Rusiya fevralın sonunda işğala başlayandan 232 uşaq öldürülüb, 427 nəfər yaralanıb.

Donbas ‘cəhənnəmə’ dönüb

Son 24 saat ərzində Rusiya bombardmanı nəticəsində Ukraynanın şərqi Luqansk vilayətində azı 13 dinc sakin öldürülüb. Bu haqda yerli hakim orqanlar məlumat yayıb. Moskvanın Ukraynanın şərqində intensiv hücumları nəhəng dağıntılara, insan iztirablarına səbəb olur.

Britaniya kəşfiyyatı Moskvanın Mariupol liman şəhərini ələ keçirəndən sonra Donbasdakı hücumu gücləndirəcəyini ehtimal edir. Azovstal polad zavoduna sığınmış ukraynalı döyüşçülərin çoxu bu həftə ölkənin şərqində separatçıların nəzarətində olan ərazilərə təxliyə olunub. Rusiya onların təslim olduğunu deyir.

Sievierodonesk şəhərində 12 nəfər öldürülüb. Vilayət qubernatoru Sergey Qayqay bu haqda mayın 20-də məlumat yayıb. Bu şəhər, eləcə də Lisiçansk Rusiya qüvvələrinin hücuma keçdiyi ərazidə yerləşir.

“Donbas tamamilə dağıdılıb”

Prezident Volodimir Zelenski ötən gecə çıxışında deyib ki, Rusiya Ukraynanın Donbas regionunu “tamamilə dağıdıb”. O, Rusiya qüvvələrini mümkün qədər çox ukraynalı öldürmək və çox ziyan vurmaqda ittiham edib, bir daha Rusiyanın soyqırımı törətdiyini vurğulayıb.

“Orada cəhənnəm yaranıb, bu, şişirtmə deyil”, – Zelenski söyləyib.

“Odessa vilayətinə, Ukraynanın mərkəzindəki şəhərlərə daimi zərbələr endirilir. Donbas tamamilə dağıdılıb”, – prezident bildirib.

Zelenski Kiyevdən şimalda yerləşən Çerniqov vilayətində Desna kəndinin mayın 19-da Rusiya raketləri ilə vurulduğunu, xeyli sayda ölən olduğunu deyib. Desna Belarusla sərhədin 70 km-də yerləşir.

Britaniya hərbi kəşfiyyatının mayın 20-də səhər yaydığı məlumata görə, Mariupoldakı Azovstal polad zavodunda 1700-dək döyüşçü təslim olub.

“Ancaq zavodda bilinməyən sayda Ukrayna qüvvələri qalmaqdadır”, – Müdafiə Nazirliyinin hər gün yaydığı kəşfiyyat məlumatında deyilir.

Moskva bir gün öncə zavoddakı 1730 ukraynalı döyüşçünün təslim olduğunu bildirmişdi.

Qüvvələr Donbasa gedir

Britaniya kəşfiyyatı Mariupolu ələ keçirmiş Rusiyanın Donbas sənaye regionunda əməliyyatları gücləndirəcəyini deyir. Amma bu çox vaxt ala bilər, belə ki, Mariupolda Ukraynanın sərt müqaviməti ilə üzləşmiş qüvvələr yenidən təchiz olunmalı, yenilənməlidir.

Ancaq kəşfiyyatın qənaətinə görə, nəticələr göstərmək üçün təzyiq altında olan rusiyalı komandirlər qüvvələri müvafiq hazırlıq görmədən yerləşdirə, bununla da “əlavə itki” riski yarada bilərlər.

Ukraynalıların olduğu mindən çox avtomobilin isə Zaporijya şəhərində Ukraynanın nəzarətində olan əraziyə keçməsinə imkan verilmir.

Regional hərbi administrasiya mayın 20-də bildirib ki, evakuasiya olunmağa çalışan avtomobillər artıq dörd gündür Vasilivka şəhərində Rusiya nəzarət məntəqəsindən keçə bilmir. Maşınlarda qadınların və uşaqların olduğu, onların ərzaq və su üçün pulu qalmadığı deyilir.

XS
SM
MD
LG