Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:52

Rusiyanın Ukraynada müharibəsi dördüncü aya keçir


Donetsk vilayəti
Donetsk vilayəti

Rusiya Siverski Donets çayının sahilində yerləşən, 100 minədək əhalisi olan Severodonetsk şəhərini mühasirəyə almağa çalışır, eyni zamanda Lisçansk və Rubijneyə hücumları intensivləşdirir

Mayın 24-də Rusiya qüvvələri Ukraynanın şərqi Luqansk vilayətində əməliyyatı gücləndirib. Moskva Donbasda və Ukraynanın cənub sahilində tutduğu əraziləri möhkəmləndirməyə və genişləndirməyə çalışır.

Münaqişə dördüncü aya keçir. Prezident Volodimir Zelenski ukraynalılara xəbərdarlıq edib ki, özəlliklə Donbasda bir neçə həftə sərt keçəcək.

Lokal uğurlar

Zelenski mayın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumuna deyib ki, Rusiya müharibənin ilk üç ayı ərzində Ukraynaya 1500-ə yaxın raket zərbəsi və 3 mindən çox havadan zərbə endirib.

Britaniya kəşfiyyatının mayın 24-də yaydığı məlumata görə, Rusiya Siverski Donets çayının sahilində yerləşən, 100 minədək əhalisi olan Severodonetsk şəhərini mühasirəyə almağa çalışır, eyni zamanda Lisçansk və Rubijneyə hücumları intensivləşdirir.

Məlumatda deyilir ki, Rusiya qüvvələri intensiv artilleriya atəşilə ərazidə müəyyən lokal uğurlar əldə ediblər, amma Ukraynanın güclü müqavimətilə üzləşiblər. Cəbhənin bu seqmentinin Kiyevin nəzarətində qaldığı bildirilir.

Severodonetskin tutulması...

Rusiyanın Severodonetski tutması Luqansk vilayətinin bütünlükdə işğal olunması deməkdir.

“Üzümüzə gələn bir neçə həftə müharibənin çətin dönəmi olacaq, bunu bilməliyik”, – Zelenski bazar ertəsi gecə çıxışında deyib.

Onun çıxışından öncə vilayət başçıları və sakinlər şərqin ağır bombardman olunduğunu bildiriblər.

“Bu gün ən çətin döyüş vəziyyəti Donbasdadır”, – deyən Zelenski Baxmut, Popasna və Severodonetsk şəhərlərinin adlarını çəkib. Baxmut Ukrayna qüvvələrinin komandanlıq mərkəzinə çevrilib.

Luqanskın qubernatoru Sergey Qaydayın sözlərinə görə, Rusiya 12 min 500 əsgərlə Luqanskı tutmağa çalışır. Qayday Severodonetskin Rusiya bombardmanından böyük ziyan gördüyünü, şəhərdə çoxmərtəbəli binanın atəşə tutulması nəticəsində azı dörd nəfərin həlak olduğunu söyləyib.

Cəbhə xətti qərbə çəkilsə...

Britaniya kəşfiyyatının dəyərləndirməsinə görə, rusiyalılar Donbasda cəbhə xəttinə qərbə çəkə bilsələr, bu zaman kommunikasiya xətləri daha da yüklənəcək və əlavə logistik təkrar təchizat çətinliklərinə səbəb olacaq.

Zelenski Davos forumunda xəbərdarlıq edib ki, ləng hərbi yardım gərəksiz ölümlərə səbəb olur, ukraynalılar “azadlıq və müstəqillik naminə yüksək bədəl ödəyirlər”.

O bu ayın əvvəlində ölkənin şimalındakı Desna şəhərinə Rusiyanın hücumu nəticəsində 87 nəfərin öldürüldüyünü deyib.

Kiyev “hətta sabahdan” Rusiya ilə əsir mübadiləsinə hazırdır, deyən Zelenski müttəfiqləri Moskvaya təzyiq göstərməyə çağırıb. O, Rusiya neftinə beynəlxalq embarqo qoymağa, bütün banklarına qarşı cəzalandırıcı tədbirlər görməyə səsləyib.

Neft embarqosu gözlənir

Avropa İttifaqının (Aİ) 27 üzvündən çoxu Rusiya nefti və qazından asılıdır. Kiyev bloku Rusiyadan təchizatı dayandırmaq üçün sürətli hərəkət etməməkdə qınayır.

Ancaq Almaniya mayın 22-də bildirib ki, Aİ “bir neçə günə” Rusiyadan neft idxalına embarqoya razılaşa bilər. Baxmayaraq ki, Macarıstan bu addıma qarşı çıxır, belə bir embarqoya razılaşmaq üçün enerji investisiyası tələb edir.

“Bir neçə günə irəliləyişə nail olacağıq”, – Almaniyanın İqtisadiyyat naziri Robert Habek ZDF televiziyasına bildirib. Amma o xəbərdarlıq edib ki, qadağa Moskvaya dərhal zərbə vurmayacaq, çünki qlobal neft qiymətlərinin artması Rusiyanın daha az xammaldan daha çox qazanması deməkdir.

Rusiya Aİ-nin təbii qaz təchizatının 40, neft idxalının 27 faizini verir, bu tədarükdən ilə 400 milyard avro (426 milyard dollar) qazanır.

XS
SM
MD
LG