Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:39

'14 il əvvəlki cinayətin açılması görüntüsü üçün məni qurban seçiblər'


Həbs
Həbs

Gəncədə 14 il öncə baş vermiş qətl hadisəsinin məhkəmə araşdırması indi aparılır. Söhbət 2008-ci ildə Gəncədə yaşadığı evdə öldürülən Nadejda Nəzərlinin qətlindən gedir. Bu cinayətə görə məhkəmə qarşısına çıxarılan Şəhriyat Qirin deyir ki, qətl hadisəsinə heç bir aidiyyəti yoxdur, işgəncə altında bu cinayəti üzərinə götürməyə məcbur olub.

1940-cı il təvəllüdlü Nadejda Nəzərlinin qətliylə bağlı cinayətin üstü uzun müddət açılmayıb. 13 il sonra – 2021-ci ilin avqustunda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətləri bu cinayətin açılması haqda birgə məlumat yayıb. Məlumatda göstərilib ki, 1986-cı il təvəllüdlü Şəhriyat Qirin və Seymur Salayev qadını tamah məqsədilə qətlə yetirib. Qirin qadını tutub, Salayev isə bıçaqla qətlə yetirib. Onlara qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə ittihamı verilib.

Bu cinayət işinə hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən Şəhriyat Qirin bildirib ki, bağlı qalmış cinayətin açılması görüntüsü yaratmaq üçün onu qurban seçiblər.

"Mən bilmirəm ki, narkotik necə olur"

Cinayət işinin materiallarında yazılıb ki, Qirin narkotik maddə daşımaq şübhəsiylə Gəncədə küçədə saxlanılıb polis idarəsinə aparılıb. Öncə ona narkotik ittihamı verilib, sonradan araşdırmalar zamanı Nəzərlinin qətlində iştirakı üzə çıxdığına görə qəsdən adam öldürmə ilə bağlı əlavə ittihamlar irəli sürülüb.

Qirin isə deyir ki, yalandır, onu yaşadığı binadan aparanda qonşular da görüb. Narkotikdən tamamilə uzaq biri olduğunu, əvvəllər kilsədə işlədiyini deyən təqsirləndirilən şəxsin sözlərinə görə, onu öncə Gəncədə polis idarəsinə aparıblar. Az sonra isə Bakıya – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriblər. Bu idarədə dözülməz işgəncələrə məruz qaldığını vurğulayan Qirin deyir ki, bu üzdən ondan tələb olunan sənədləri, etiraf ifadələrini imzalamağa məcbur olub: "Mən bilmirəm ki, narkotik necə olur. Əvvəl məni saxlamaq üçün bəhanə olsun deyə, bu ittihamı vermişdilər. O qədər döydülər, elə əzablar verdilər ki, başqa ölüm işləri desəydilər, onları da boynuma götürəcəkdim. Başqa əlacım yox idi...".

Qirin bildirib ki, işgəncə nəticəsində səhhətində ciddi problemlər yaranıb, xəsarət izləri hələ də qalır.

Təqsirsizlik prezumpsiyası

O, prokurorluğun cəmiyyətə onu "qatil" kimi təqdim etməsinə də etiraz edir. Deyir ki, vətəndaşın hüququnu qorumalı olan hüquq-mühafizə orqanları təqsirsizlik prezumpsiyası hüququnu pozub, onu ləkələyib: "Adamlar yayılan məlumatı oxuyur, məni qatil kimi qəbul edir. Halbuki, mənim bu cinayətə heç bir aidiyyətim yoxdur. Qanun da deyir ki, məhkəmə hökmü olmadan heç kimi cinayətkar adlandırmaq olmaz".

Qirin əlavə edib ki, anasından başqa heç kimi yoxdur, maddi durumları da ağırdır. Anası ilə birlikdə işləyib dolanışıqlarını təmin etməyə çalışırdılar. Onun sözlərinə görə, hətta kasıblığa görə ailə də qurmayıb: "Biz kasıb adamlarıq, amma bir adamın malında, pulunda gözümüz yoxdur. Zəhmətimizlə dolanmışıq həmişə. Bizi tanıyanlar da bunu yaxşı bilir".

DİN işgəncə iddialarını təkzib edir

Qirinin vəkili Zabil Qəhrəmanov da müvəkkilinin təqsirsizliyinə əmindir. Müdafiəçi bildirib ki, cinayət işinin materiallarında çoxsaylı ziddiyyətlər var. Vəkilin sözlərinə görə, sübutların təhlili bu cinayətin tamam fərqli şəxs və ya şəxslər tərəfindən törədildiyini deməyə əsas verir. Hələ məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlamadığına görə Qəhrəmanov həmin ekspert rəyi və s. sübutların nədən ibarət olduğunu açıqlamayıb.

Daxili İşlər Nazirliyi Qirinin işgəncəyə məruz qalması haqda dediklərini təkzib edib: "Bu iddiaların heç bir əsası yoxdur".

Qirinə ittiham verilən maddələrdə 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG