Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:07

Yeni qiymət artımı işartıları


Bakıda maşın bazarı
Bakıda maşın bazarı

Avtomobillərin mülki məsuliyyət sığortası artırılacaq

Qiymət artımları artıq iki ildən çoxdur ki, Azərbaycan iqtisadiyyatında əsas müzakirə mövzusudur. Əhalinin xərclərində başlıca yer tutan qidanın qiymətlərində bahalaşma, rəsmi rəqəmlərə, görə 20 faizə çatıb. Son 1 ildə bütün kommunal ödənişlər, yanacaq qiymətləri və demək olar, bütün rüsumlar ciddi ölçüdə artıb. Ənənəvi ritorikalarınının əksinə, hökumət rəsmiləri də bahalaşmanı danmır, inflyasiyanın kəskin xarakter aldığını dilə gətirirlər. Görünən odur ki, qarşıdakı dövrdə də müxtəlif sahələrdə qiymətlərin bahalaşmasına şahid olacağıq.

Bugünlərdə avtomobil sığortası sahəsində də yeni artımların anonsu verilib. Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılması gündəmdə olan mövzulardandır. Sosial şəbəkə və mətbuatda yazılanlardan aydın olur ki, artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdiklərindən onlara üz tutanları sığortalamaqdan boyun qaçırır, sadəcə, bunu proqramın işləməməsi ilə əsaslandırırlar. Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bu məsələylə bağlı mediaya açıqlama verib.

O bildirib ki, son dövrlər aktuallıq qazanmış və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı ciddi iş aparılır:

“Hazırda onu qeyd edə bilərik ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik, əsasən, zərərli seqmentə, daha dəqiq desək, hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək. Bu dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək. Daha detallı məlumatları prosesin növbəti gedişatında paylaşa bilərik”.

İcbari Sığorta Bürosu da eyni məsələyə dair açıqlamasında bildirmişdi ki, Azərbaycanın sığorta sektorunda riskəsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır:

“Bu üsul tətbiq olunduqdan sonra sığortahaqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsal tarixi, sürücünün yaşı, təcrübəsi və ya hadisələrin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaq. Belə, yəni riskəsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm sığorta haqlarının ədalətli şəkildə ortaya çıxmasına, həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər”.

Xarici onlayn mağazalardan mal alan vergi ödəyəcək?

Son illər ərzində Azərbaycanda əhali xüsusi geyim məhsullarını xarici saytlardan daha çox almağa başlayıb. Xaricdən malgətirən şirkətlərin sayca çoxalması, qiymətlərin nisbətən ucuzluğu xarici saytlara marağı daha da artırıb. Dövlət Gömrük Komirəsinin rəsmi göstəricilərindən də bu nəticə çıxır. Fiziki şəxslərin ölkəyə gətirdiyi məhsullaırn dəyəri durmadan artır.

Əgər 2017-ci ildə fiziki şəxslərin xaricdən gətirdiyi malların toplam dəyəri toplam 370 milyon dollar idisə, 2021-ci ildə bu göstərici 1 milyard 393 milyon dollara yüksəlib, yəni 4 ildə təxminən 4 dəfə artıb. Fiziki şəxslərin idxalının toplam idxalda payı da 5 faizdən 12 faizədək yüksəlib.

Ötən il Azərbaycan toplam 11 milyard 706 milyon dollar dəyərində idxal gerçəkləşdirib. Həmin idxalın 78 faizini özəl sektor, 10 faizini dövlət sektoru, 12 faizini fiziki şəxslər həyata keçirilib.

300 dollarlıq limit tətbiq edilsə də, sözügedən artım baş verib. Axı 2020-ci ildə bir vətəndaşın ay boyunca xaricdən gətirəcəyi mal və məhsulların dəyəri 300 dolları ötərsə, rüsum ödənilməsinə dair qərar qəbul edilmişdi.

Qrafik: 2016-2021-ci illərdə fiziki şəxslərin xaricdən gətirdiyi məhsulların dəyəri

Bu günlərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası (AFRA) ilə keçirdiyi görüş barədə açıqlamasından məlum olur ki, hökumət xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsini gözdən keçirir.

KOBİA-nın rəsmi saytında yaydığı açıqlamada bildirilir ki, “Görüşdə şəxsi istifadə üçün xarici onlayn mağazalardan malların alışına vergi və rüsumların tətbiq edilməsi ilə bağlı qanunvericiliyə mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması üçün müvafiq sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqları ilə yanaşı, istehlakçıların da maraqlarının nəzərə alınmasına, eləcə də KOBİA və assosiasiya arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb“.

Dövlət Gömrük Komitəsi bir müddət öncə açıqlamışdı ki, fiziki şəxslərin xarici ölkələrdən gətirdikləri məhsulları bəyan etmələri üçün yaradılan “Smart Customs” sistemində 300 min nəfərə yaxın şəxs qeydiyyatdan keçib.

XS
SM
MD
LG