Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:32

PA-nın sektor müdiri 'bandotdel'in müstəntiqinə 100 min pulu niyə göndərib


Arif Novruzov
Arif Novruzov

Türkiyə vətəndaşları Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri (artıq bu vəzifədə çalışmır-red.) Arif Novruzovdan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib, ondan 2 milyon dollar pullarının geri qaytarılmasını tələb ediblər. Novruzov isə cinayət məsuliyyətinə cəlb olunmamaq üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi Vüsal Salehova 100 min manat pul göndərib. Bunu özü də ifadəsində təsdiqləyib.

Türkiyə vətəndaşları Hakan Doyğun, Hümeyra Genç və digərlərinin şikayəti əsasında Novruzovun kürəkəni Azər Əsgərov ötən ilin mayında həbs olunub. Özü isə sözügedən cinayət işi üzrə şahid qismində dindirilib. Doyğun və Genç iddia edib ki, onlara qarşı dələduzluqda Novruzovun da iştirakı olub və onun məsuliyyətə cəlb olunmasını tələb edirlər. Bu iş üzrə məhkəmə araşdırmaları gedir.

"Düşündüm ki, mənə də problem yaranar"

Novruzovun verdiyi 100 minə gəlincə, özü ifadəsində deyib ki, bu işi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində həll etməyə kömək göstərə biləcək adam axtarıb: "Düşündüm ki, onların şikayəti əsasında mənə də problem yaranar, məsuliyyətə cəlb olunaram, yaxud işdən çıxarılaram".

Kərim Bayramov ona özünü Müdafiə Nazirliyinin vəzifəlisi kimi təqdim edib, deyib ki, polisdə, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində tanışları var. Şamil Baxşəliyevi də bu idarənin əməkdaşı kimi təqdim edib. Üstəlik, "Seyid" adlandırdıqları daha bir nəfəri də götürüb, gedib Novruzovla görüşüblər. Seyidin isə vaxtilə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq rəisi, mərhum general Emin Şəkinskinin köməkçisi olduğunu söyləyib.

100 min necə çatdırılıb

Novruzov deyir ki, həmin görüşdə Baxşəliyevə qarşı inamsızlıq yaranıb, ona görə çıxıb getmək istəyib. Amma Bayramov onu inandırıb ki, Seyidin əlaqələri güclüdür, bu işi həll edə biləcək. O, 100 min manat verməyə razılaşıb, amma bir şərtlə ki, özü də pulu aparanda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olacaq.

Onlar ötən ilin sentyabrında bu idarənin qarşısında görüşüblər. Prezident Administrasiyasının sektor müdiri 95 min manatı Bayramova təqdim edib. Qalan 5 min manatı isə qısa zamanda çatdıracağına söz verib. Bayramov ona deyib ki, müstəntiq onun yanında pulu götürməyəcək, ona görə özü içəri daxil olub, əmanəti verib qayıdacaq. Əvvəlcədən hazırlanan plan üzrə idarənin Nəzarət-Buraxılış Məntəqəsində Baxşəliyev onu gözləyib, o da gedib, pulu ona verib qayıdıb. Sonradan Novruzov qalan 5 min manatı da metronun "Azadlıq prospekti" stansiyasının yaxınlığında Bayramova çatdırıb.

Cinayət işinin materiallarına əsasən, Prezident Administrasiyasının sektor müdirindən alınmış 100 min manatın 45 mini Bayramova, 35 mini Baxşəliyevə, 20 mini isə "Seyid" ləqəbli şəxsə çatıb. İddia olunur ki, Seyid baş Dövlət Yol Polisi İdarəsində işləyib. Lakin onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Daha iki nəfərə qarşı dələduzluq

Bayramov sektor müdirindən başqa daha iki nəfərə qarşı da dələduzluqda suçlanır. İttihama görə, o, Rövşən Məhərrəmovdan qızını Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinə işə düzəltmək, hərbi xidmətə gedən oğlunu isə Milli Qvardiyanın hərbi hissələrindən birinə saldırmaq adıyla ümumilikdə 25 min 700 manat (15 min 700 və 10 min olmaqla) pul alıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasından işdən çıxarılmış daha bir nəfəri işinə qaytarmaq adıyla isə ondan 11 min alıb. Bu şəxslər rüşvət verdiklərinə görə işdə zərərçəkən kimi deyil, şahid kimi tanınıblar.

Bayramov aldığı pulları şəxsi ehtiyaclarına xərclədiyini, Məhərrəmovdan alınan vəsaitin 18 min 700 manatını qaytardığını bildirib.

Bugünlərdə çıxarılan hökmlə 34-yaşlı Bayramov 8 il 6 ay, 41-yaşlı Baxşəliyev isə 8 il azadlıqdan məhrum edilib.

Arif Novruzov əvvəllər Prezident Administrasiyasında baş məsləhətçi işləyib. Sonradan Ərazi-Təşkilat Məsələləri şöbəsinin sektor müdiri olan Novruzov bir neçə rayon icra hakimiyyətlərinin (Ağdaş, Göygöl, Goranboy, Tərtər və s.) kuratoru vəzifəsində çalışıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırmalar gedən ərəfədə – 2022-ci ilin aprelində vəzifəsindən azad edilib.

XS
SM
MD
LG