Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:33

Azərbaycanda maliyyə sabitliyi hansı durumdadır?


Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır

Azərbaycan Mərkəzi Bankı "Maliyyə sabitliyi" hesabatını yayımlayıb. Hesabatda ötən ilin sonuna Azərbaycanın maliyyə sektorunda qeydə alınmış göstərici və trendlər öz əksini tapıb. Sənəddə ölkənin bank sektoruna dair önəmli faktlar da əksini tapıb. Mərkəzi Bankın hesabatına görə, bank sektorunun aktivləri ötən illə müqayisədə 6 milyard manatdan çox artaraq 38 milyard 500 milyon manata çatıb. Bu o deməkdir ki, aktivlərin həcmi 2015-2016-cı ildəki maliyyə böhranınadək olan səviyyəni aşıb. Ölkə bank sektoru aktivlərinin 40.3 faizi kredit portfelidir. Öhdəliklərsə, əsasən, hüquqi şəxslər qarşısında formalaşıb. Bank sektoru öhdəliklərinin 53.5 faizi hüquqi şəxslər, 27 faizi fiziki şəxslər, 12.2 faizi isə maliyyə qurumları qarşısındakı öhdəliklərdir.

Bank sektoru vəsaitləri necə cəlb edir?

Rəsmi rəqəmlərdən görünür ki, bank öhdəliklərinin 80.4 faizi hüquqi və fiziki şəxslərin depozitləridir. Ötən il boyunca banklardakı depozitlərin həcmi 30 faizə yaxın artaraq 27 milyard manat civarında olub. Bank sektorunun depozit portfelinin 27.4 faizi müddətli, 72.6 faizi isə tələbli depozitlərdir. Deməli, depozitlərin 72.6 faizi istənilən zaman dilimində banklardan götürülə bilər. Depozitlərdən yüksək asılılıq, əksər depozitin tələbli depozit olması Azərbaycanın bank sektoru üçün başlıca təhlükələrdən sayılır. Axı tələbli depozitlərin yüksək həcmi istənilən böhran zamanı müştərilərə həmin vəsaitləri banklardan rahatlıqla götürməyə imkan verir.

Belə kütləvi pul çəkilməsi maliyyə sektorunda ciddi problemlər doğurur. Bu baxımdan Mərkəzi Bank öz hesabatında da vurğulayır ki, "sektorun depozit portfelinin, əsasən, tələbli depozitlər hesabına formalaşması banklarda iri həcmdə likvidlik buferinin saxlanmasını zəruri etməklə, uzunmüddətli maliyyələşmə imkanlarını məhdudlaşdırır". Müstəqil ekspertlər də bankların depozit portfelində tələbli depozitlərin payca yüksəkliyini problem kimi dəyərləndirir. Vəsaitlərin böyük bölümünün qısamüddətli olması ölkənin bank sektoruna və bütövlükdə ölkə iqtisadiyyatına güvən azlığından soraq verir. Beləcə, yaranmış durum maliyyə sisteminin real sektoru uzunmüddətli kreditləşdirməsinin dayanıqlılığını azaldır.

Dollarla əmanətlər azalır

Hesabatda əmanətlərin qorunma sistemindəki dəyişikliklərin özəlliklə əhalinin banklara depozit yerləşdirməsini sürətləndirdiyi də qeyd olunub. Ötənilki dəyişiklikdən sonra fiziki şəxslərin qorunan əmanətlərinin kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılmışdı. Yeni dəyişiklikdən sonra, fiziki şəxslərdən savayı, fərdi sahibkarların da əmanətləri qorunan əmanətlər sırasına aid edilmişdi. Hazırda fiziki sahibkarların da 20 min manatadək olan əmanətləri qorunan əmanətlər sırasına daxil edilib.

Hesabatda bildirilir ki, bu ilin əvvəlinə əhalinin banklarda saxladığı depozit həcmi 9 milyard 32 milyon manata yüksəlib. Əhalinin depozitləri ilə bağlı daha bir dəyişiklik valyuta strukturu ilə bağlıdır. Əgər 2020-ci ilin sonunda fiziki şəxslərin depozitlərinin 51.3 faizi dollarla saxlanılırdısa, bu ilin sonunda həmin göstərici 10 faizə yaxın azalaraq 41.7 faiz olub.

Ölkənin bank sektorunun maliyyələşməsində devalvasiyadan sonra gözəçarpan bir meyl də bankların xarici borclarının azalmasıdır. Devalvasiyadan əvvəlki illərdə banklar xarici bazarlardan cəlb etdikləri vəsait hesabına maliyyələşdirməyə çox yer ayırırdı. Devalvasiyadan sonra bu tip maliyyə resurslarının riskli və təhlükəli olması nəzərə alındığından bankların xarici borcları azalıb. Rəsmi göstəricilərə görə, 2017-2020-ci illər ərzində bankların xarici borcu iki dəfədən çox azalıb. 2021-ci ildə isə bank sektorunun xarici borcları daha 14 faiz (63 milyon dollar) azalaraq 383 milyon dollara enib. Bu üzdən, bank öhdəliklərinin strukturunda xarici borcların özəl payı cəmi 1.9 faizə düşüb. Hazırda bank sistemi öhdəliklərinin 45 faizi, aktivlərininsə 39 faizi xarici valyutadadır. Müqayisə üçün: 2015-ci ildə bu göstəricilər, uyğun olaraq, 73 və 58 faiz idi. Xarici valyutada olan kreditlərin də toplam kredit portfelindəki payı azalıb. Əgər 2015-ci ildə ölkənin kredit portfelinin 49.5 faizi dollarla idisə, hazırda bu göstərici 26.2 faizdir. Dollar kreditlərinin əsas hissəsi biznes kreditləridir. Hazırda biznes kreditlərinin 41.4 faizi, istehlak kreditlərinin 7 faizi, ipoteka kreditlərininsə 0.5 faizi xarici valyutadadır.

Problemli kreditlər ən çox tikinti sektorundadır

Mərkəzi Bankın hesabatında istər biznes sektoruna, istərsə əhaliyə verilən kreditlərdə problemli kreditlərlə bağlı göstəricilər də açıqlanıb. Bu ilin əvvəlinə ölkədə problemli kreditlər toplam kredit portfelinin 4.5 faizi olub. Biznes sektorları üzrə problemli kreditləri gözdən keçirərkən aydın olur ki, problemli kreditlərin ən yüksək paya sahibləndiyi sektor tikinti sahəsidir. Bu sektora yönəldilən kreditlərin 154 milyon manatı problemli kredit sayılıb. Biznes sektorunda kreditlərin ortalama 5.1 faizi qeyri-işlək kredit portfelinə aid edilib. İstehlak krediti portfeli üzrə uyğun göstərici 4.1 faizdir.

Ən çox istehlak krediti əldə edən əhali qrupunun təhlili göstərib ki, istehlak kreditlərinin əsas hissəsi dövlət sektorunda çalışanlara gedib. Ölkədə əhalinin götürdüyü kreditlərin 47.2 faizi dövlət sektorunda, 32.1 faizi özəl sektorda çalışanlara, 10.3 faizi pensiyaçılara verilib.

XS
SM
MD
LG