Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

Avropa Rusiyanın qaz şantajına qarşı 15 faizlik qənaət təklif edir


Qəbul olunması üçün bu təklifə Aİ-nin 27 üzvündən azı 15-nin razılığı lazımdır. Bu, Aİ əhalisinin 65 faizi deməkdir

Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə qaz istehlakında könüllü olaraq 15 faizlik qənaət etməyi təklif edib.

Komissiya qeyd edir ki, bu təklif Rusiyadan gələn qazın tamamilə kəsilməsi ehtimalına hazırlıq kimi verilib.

Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen iyulun 20-də jurnalistlərə deyib:

"Biz Rusiyadan verilən qazın tam kəsilməsinə hazır olmalıyıq və bu, ən ehtimal olunan ssenaridir”.

Avropa İttifaqı Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu ilə bağlı Moskva üzərinə ağır iqtisadi sanksiyalar qoyub.

Moskva buna cavab olaraq Avropa İttifaqının bəzi üzv ölkələrinə nəql edilən qazın həcmlərini azaldıb.

“Rusiya bizi şantaj edir”

Ursula von der Leyen deyib:

"Rusiya bizi şantaj edir. Rusiya enerjidən silah kimi istifadə edir. Və odur ki, bütün hallarda Avropa Rusiyadan qazın verilməsinin istər qismən, istərsə də tam kəsilməsinə hazır olmalıdır”.

Xəbər verilir ki, Rusiyadan verilən qazın tam kəsilməsi və ya həcmlərin kəskin azaldılması Avropada fabrik və zavodları bağlanmağa, əhalini isə qaz istehlakını azaltmağa məcbur edə bilər.

Bundan başqa qazın nəqlində fasilələr yanacağın bu növünün qiymətlərini kəskin qaldıra və iqtisadi resessiya yarada bilər.

Ötən il Avropa İttifaqında istehlak olunmuş qazın 40 faizi Rusiyadan idxal edilib.

Təklif hələki könüllüdür

Avropa Komissiyasının təklifinə görə qazın istehlakına 15 faizlik qənaət avqustun 1-dən martın 31-dək davam etməlidir.

Qənaət olunacaq qazın həcmi hər bir ölkənin 2016-2021-ci illər arasında qaz istehlakı göstəriciləri əsasında müəyyənləşdirilməlidir.

Avropa Komissiyasının bu təklifi hələki könüllü səciyyə daşıyır, lakin Avropa İttifaqında kəskin qaz çatışmazlığı baş verərsə məcburi müstəviyə keçirilə bilər.

Qəbul olunması üçün bu təklifə Aİ-nin 27 üzvündən azı 15-nin razılığı lazımdır. Bu, Aİ əhalisinin 65 faizi deməkdir.

Avropa diplomatları bu təklifin müzakirə olunmasına iyulun 22-də başlamalıdırlar, daha sonra təklif iyulun 26-da Aİ enerji nazirlərinin iclasında qəbl olunmalıdır.

Beynəlxalq Valyuta Fondu prezident Valdimir Putinin mümkün qaz şantajı barədə xəbərdarlıq edib və bildirib ki, qazın tam kəsilməsi Aİ iqtisadiyyatına boğucu təsir göstərə bilər.

BVF-in xəbərdarlığında deyilir ki, Rusiyadan verilən qazın həcmlərinin azalması artıq Avropadakı iqtisadi artıma təsir göstərməyə başlayıb.

Bu da proqnozlaşdırılır ki, Macarıstan, Slovakiya və Çexiyada iqtisadi artım 6 faizədək azala bilər.

XS
SM
MD
LG