Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:43

Ukraynadan qarğıdalı aparan gəmi təftişdən keçib


Razoni gəmisi
Razoni gəmisi

Razılaşdırılmış prosedura uyğun olaraq, təftişlər İstanbul limanında deyil, dənizdə aparılır

BMT-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşma çərçivəsində Ukrayna taxılını daşıyan ilk gəminin təftişi başa çatıb, o, “tezliklə” Bosfor boğazını keçərək Livana yola düşəcək.

Türkiyənin Müdafiə Nazirliyi avqustun 3-də bildirib ki, təftişi xüsusi birgə koordinasiya mərkəzindən 20 nəfərlik komanda həyata keçirib. Onlar səhər saatlarında Sierra Leone qeydiyyatlı Razoni gəmisinə miniblər.

27 gəmi hazır vəziyyətdə gözləyir

Avqustun 1-də Odessadan yola düşmüş gəmidə 26 min 527 ton qarğıdalı olduğu bildirilir. Gəmi pis hava şəraitinə görə Türkiyənin Qara dəniz sahilinə avqustun 2-də çatıb.

Bosfor boğazı Qara Dənizi Mərmərə və Egey dənizləri ilə birləşdirir.

Razılaşdırılmış prosedura uyğun olaraq, təftişlər İstanbul limanında deyil, dənizdə aparılır.

Hazırda Ukraynanın üç limanında 27 gəmi yüklə dolu, imzalanmış kontraktlarla hazır vəziyyətdə gözləyir, BMT-nin sözçüsü Stefan Ducarriç deyib.

Günə bir taxıl gəmisi

Türkiyənin kontr-admiralı, birgə mərkəzin koordinatoru Özcan Altunbulak bildirib ki, digər gəmilərin Ukrayna limanlarından çıxması üçün “hazırlıqlar və planlaşdırma” davam edir.

Türkiyənin adı çəkilməyən aparıcı rəsmisi avqustun 2-də “Reuters”ə deyib ki, Ankara hər gün Ukrayna limanlarından təxminən bir taxıl gəmisinin çıxmasını gözləyir.

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan sonra bu ölkədən taxıl ixracının dayanması ərzağı bahalandırıb. Dünyanın ən böyük taxıl ixracatçılarından olan Ukrayna əsasən Yaxın Şərq və Afrika ölkələrinə məhsul göndərir.

Ukrayna ixracın dayanmasına görə Rusiyanın limanları blokadaya almasını əsas gətirib. Rusiya isə Ukraynanı Rusiyanın mümkün amfibiya hücumuna qarşı suları minalamaqda suçlayıb.

XS
SM
MD
LG