Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:44

Zabuxda ev yandırılıb. Bu, hələ ki evini yandıran yeganə ermənidir


Zabux kəndi
Zabux kəndi

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Laçın rayounun Zabux kəndinin erməni sakini Aram İsaxanyan yarıboş evinin otaqlarına benzin səpələyir:

“O bilir ki, evini yandırandan sonra bəlkə də vəd olunmuş kompensasiyanı ala bilməyəcək. Amma dediyinə görə Aqavnoda (Zabux-red) onun üçün qiymətli olan o qədər şeyi qoyub gedir ki, bunların yanında hansısa şəhadətnamə heç nədir”.

Azatutyun yazır ki, Zabuxun bu sakini artıq kənddən çıxıb gedib. Amma ev axıradək yanmayıb.

Aramın nənəsi Emma İsaxanyan isə deyir:

“Heyif ki, axıradək yanmadı. Kim inciyir incisin, kim incimir inciməsin, mənim azərbaycanlılara veriləcək nəyimsə yoxdur. Yəni mən evimi uşağımı öldürən adama verim ki, gəlib burda yaşasın? Bundansa öz üstümə benzin töküb yandırsam, hər şeyi beləcə bitirsəm yaxşıdır”.

Azatutyun yazır ki, Emma İsaxanyanın oğlu sonuncu Qarabağ müharibəsində həlak olub. Bu Zabuxda evini yandırmağa çalışan hələki yeganə ailədir.

“Ruslar söz veriblər ki...”

Kəndin sakinlərinə buradan çıxarılacaqları elan ediləndə Qarabağdakı separatçılar deyiblər ki, evlərinə ziyan vurmayanlara, yandırmayanlara kompensasiya veriləcək. Onlara tapşırılıb ki, əks halda yeni mənzil üçün şəhadətnamə ala bilməyəcəklər.

Kəndin başqa bir sakini Alik Bulbulyansa belə deyir:

“Evi yandırsaq da, yandrımasaq da ürəyimizcə deyil ki, evimizi qoyub gedirik. Azərbaycanlılar bura köçüb bizim zəhmətimizin bəhrəsini görəcəklər”.

Azatutyun yazır ki, bütün hallarda Zabuxda nəzarət gücləndirilib. Rusiya sülhməramlıları kəndin girişində blokpost qurublar.

Ermənilərə bu kəndin tərk edilməsi üçün avqustun 25-dək vaxt verilib.

Üç uşaq anası Ani Ovsepyan deyir:

“Azərbaycanlıların nə vaxt, hansı tərəfdən gələcəyini bilmirsən. Hərçəbnd ruslar söz veriblər ki, buradan sonuncu erməni çıxanacan azərbaycanlıları kəndə buraxmayacaqlar”.

Laçında məskunlaşmış ermənilər: Ayın sonunadək şəhərdən çıxmalıyıq
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Sakinlərin əksəriyyəti əşyalarını çıxarıb

Azatutyun yazır ki, sakinlərin əksəriyyəti artıq əşyalarını daşıyıb aparıb. Körpə uşaqları olanlar kəndi vaxtından əvvəl tərk etməyə çalışırlar. Onlara deyilib ki, avqustun 20-dən sonra kənddə, su, elektrik və rabitə olmayacaq.

Ani Ovsepyan bildirir ki, onların əşyalarını daşıyan yük maşını artıq yola çıxıb. Onun sözlərinə görə əşyalarını qoyub qayıdacaqlar, amma artıq Eçmiadzində kirayəlik ev tapıblar.

Qadın deyir ki, yük maşınlarının sürücüləri onlardan bir neçə gün əvvəl Qırmızı Xaçın onlara verdiyi qədər pul istəyirlər:

“200-250 min dram. Heç nəzərə almırlar ki, kiminsə əşyası çox olduğuna görə ona maşının iki reys etməsi lazım ola bilər”.

Azatutyun yazır ki, kəndə əşyaları pulsuz daşımaq istəyən sürücülər də gəliblər, amma onların maşınları çox balacadır.

Bu da qeyd olunur ki, yerli sakinlərə yeni mənzillərin alınması üçün şəhadətnamələr avqustun 25-dək veriləcək. Amma Laçın şəhərindən və Sus kəndindən çıxanlar bu yaşayış məntəqələrindən kənarda bir qədər gözləməli olacaqlar.

XS
SM
MD
LG