Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:45

Ukrayna qüvvələri cənubda irəlilədiyini deyir


Nova Kaxovka yaxınlığında Rusiya əsgərləri
Nova Kaxovka yaxınlığında Rusiya əsgərləri

Son bir həftədə Rusiyanın 10-dan çox sursat anbarının vurulduğu bildirilir

Prezident Volodimir Zelenskinin müşaviri deyir ki, Ukrayna qüvvələri bir neçə cəbhədə Rusiyanın müdafiə xətlərini yarıb. Kiyev avqustun 29-da strateji Xerson şəhəri yaxınlığında hücuma keçdiyini açıqlayıb. Rusiya Xersonu Ukraynaya hücuma başlayandan az sonra tutub.

Oleksey Arestoviçin avqustun 29-da videomüraciətində dediyinə görə, Ukrayna qüvvələri Rusiyanın işğal etdiyi ərazinin təchizatından ötrü istifadə etdiyi bərələri atəşə tutub. Söhbət Xerson vilayətindəki Dnepr çayının qərb sahilindən gedir.

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın hücuma keçdiyini təsdiqləsə də bunun iflasa uğradığını, Ukraynanın ağır itki verdiyini bəyan edib.

Bu iddiaların heç birini müstəqil təsdiqlətmək mümkün olmayıb.

***

“Ukrainska Pravda” və “Suspilne” Ukrayna rəsmisi Volodimir Litvinova istinadla Ukrayna qüvvələrinin Xersondakı Berislav Maşınqayırma zavodunu vurduğunu bildirir. Rusiya əsgərləri həmin zavodda avadanlıq və canlı qüvvə cəmləyib.

Litvinov detalları açıqlamasa da, ərazidə yanğın başladığını deyib. Bu məlumatı müstəqil təsdiqləmək mümkün olmayıb.

***

Ukrayna silahlı qüvvələri ölkənin cənubunda bir neçə cəbhədə hücuma keçdiyini bildirir. Ordunun sözçüsü Xerson vilayətinin Rusiya işğalçı qüvvələrindən geri alınması üçün çoxdan gözlənən əkshücuma başlandığını açıqlayıb.

“Bu gün müxtəlif istiqamətlərdə, o cümlədən Xerson vilayətində hücuma başladıq”, – Ukraynanın “Suspilne” ictimai televiziyası cənub komandanlığının sözçüsü Natalya Humenyuka istinadla xəbər yayıb. O, daha sonra brifinqdə bu xəbəri təsdiqləyib.

Son bir həftədə 10-dan çox sursat anbarı vurulub

Rusiya fevralın 24-də işğala başlayandan az sonra Ukraynanın cənubunda bəzi əraziləri ələ keçirib. Ukrayna bir neçə həftədir həmin ərazilərin geri alınması üçün böyük əkshücum aparacağını deyir, Qərb istehsalı olan uzaqmənzilli silahlarla Rusiyanın təchizat xətlərini vurur.

Humenyukun sözlərinə görə, Rusiyanın cənubdakı logistika marşrutlarına Ukraynanın son zərbələri “düşməni sözsüz zəiflədib”. O, son bir həftədə Rusiyanın 10-dan çox sursat anbarının vurulduğunu deyib.

Ancaq sözçü yeni hücumun detallarını açıqlamayıb.

“İstənilən hərbi əməliyyata sükut lazımdır”, – deyən Humenyuk Rusiyanın cənubdakı qüvvələrinin “çox güclü” olduğunu, onların uzun müddətdir orada möhkəmləndiyini sözlərinə əlavə edib.

Nova Kaxovkada evakuasiya

Rusiyanın vilayətə təyin etdiyi məmurlar avqustun 29-da Nova Kaxovka yaxınlığındakı sakinlərin iş yerlərindən bomba sığınacaqlarına köçürüldüyünü elan edib. Ukraynanın şəhərə raket zərbələri endirdiyi açıqlanıb.

Moskvanın 2014-cü ildə ilhaq etdiyi Krım vilayətinə təyin etdiyi lider Sergey Aksyonov isə Ukraynanın Xersona əkshücumla bağlı dediyini “saxta” adlandırıb, Ukrayna qüvvələrinin cənubda və digər yerlərdə ağır itkilər verdiyini iddia edib.

XS
SM
MD
LG