Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:42

Rusiyada məktəblilərə ‘vətənə məhəbbət’ dərsi keçilir


Kalininqrad, 2016-cı il
Kalininqrad, 2016-cı il

Novosibirskdə tarixçi və orta məktəb direktoru Sergey Çernışev bildirib ki, yeni dərs Rusiya məktəbləri arasında təzə idarəetmə üsulunun başlanğıcı ola bilər

Ukraynada müharibə alovlandığı bir vaxtda Rusiyada şagirdlərə vətənpərvərlik dərsləri keçilməyə başlayıb. Təhsil Nazirliyinin məlumatına görə, sentyabrın 5-dən məktəblilər “Vətənə məhəbbət aşılamaq” məqsədilə həftəlik mühazirələrə məcburi qatılmalıdırlar.

"Vacib söhbətlər" adlanan dərslərdə hər yaş qrupu üçün mövzular fərqli olsa da, bütün siniflər üzrə həftəlik tədris ediləcək. Ətraflı dərs planları internetdə yerləşdirilib. Nazirlik dərslər üçün filmlər və digər materiallar hazırlayıb.

Siniflər üzrə nə keçiləcək

Rus məktəblərində məcburi və müntəzəm tədris ediləcək dərsin mətnində deyilir:

“Yalnız şüarlar səsləndirməklə vətənpərvər olmur. Əsl vətənpərvər insanlar əllərində silahla vətənlərini müdafiə etməyə hazır olmalıdır".

1 və 2-ci sinif şagirdlərinə Rusiyanın təbiət möcüzələri haqqında məlumat veriləcək, üçüncü və dördüncü siniflərdə oxuyan uşaqlara isə "insan öz ölkəsinə necə dəstək olmalı", "onu necə zənginləşdirmək, gözəlləşdirmək olar" mövzusu tədris ediləcək. Bu siniflərin dərs planında “Vətən uğrunda ölmək qorxulu deyil”, “Vətənini sev, Vətənə xidmət et”, “Vətən xoşbəxtliyi candan dəyərlidir” kimi ifadələrin müzakirəsi də var.

Ukraynaya qarşı müharibə mövzusu beşinci və daha yuxarı sinif şagirdlərinə keçiləcək.

Putin məktəbdə

“Vətənpərvərlik tərbiyəsi” 2005-ci ildən Rusiya Prezidenti Vladimir Putinin əsas şüarlarından olub. Moskvanın Ukraynaya qarşı əsassız müharibəsi davam edir, həmçinin Rusiya Qərblə gərgin qarşıdurma yaşayır. Belə durumda məktəblərdə “vətənpərvərlik” təbliğatını ikiqat artıb. Mövzunun Kreml üçün nə qədər vacib olduğunu göstərmək üçün Putin qərbi Kalininqrad eksklavında xüsusi yoxlamadan keçmiş və əvvəlcədən karantinə alınmış məktəblilərlə dərsin ilk günündə görüş keçirib və təşəbbüsü özü başladıb.

Uşaqlardan heç biri Putinə Ukraynadakı müharibə ilə bağlı sual verməsə də, o, Moskvanın fevralın 24-də Ukraynaya qarşı başlatdığı qondarma “xüsusi hərbi əməliyyat” haqqında Kremlin saxta rəvayətlərini təkrarlayaraq, müharibə haqda özü söz açıb.

“Hamı deyir ki, bu gün Rusiya təcavüzkardır”, – Putin bildirib. “Heç kim bilmir və başa düşmür ki, 2014-cü ildə Ukraynada dövlət çevrilişindən sonra Şərqi Ukrayna vilayətlərinin sakinlərinin əksəriyyəti və Krım sakinləri çevrilişin nəticələrini tanımaq istəməyib. Bizim məqsədimiz, əsgərlərimizin və Donbas silahlılarının missiyası müharibəni bitirmək, xalqı və təbii ki, Rusiyanın özünü müdafiə etməkdir”, – Putin əlavə edib.

Daha sonra Putin və uşaqlar birlikdə dövlət himnini oxuyub.

Bu ilin aprelindən Rusiyada məktəblər hər günə bayraq mərasimi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bu il isə mərasim daha rəsmi və institusional xarakter alıb. Yayda hökumət ölkə məktəblərinin lazımi atributlarla təchiz edilməsi üçün 1 milyard rubl ayırıb və iyunda Təhsil Nazirliyi bu proseslə bağlı məlumat kitabçası paylayıb.

“Bunu necə edəcəyimi bilmirəm”

Bu həftədən tədrisinə başlanacaq dərsin məqsədi “Rus xalqının mədəni-tarixi birliyi və bu birliyi qoruyub saxlamağın vacibliyi haqqında anlayışı formalaşdırmaq, həmçinin vətənə məhəbbət və öz ölkəsinə qürur hissi aşılamaqdır”. Dərsin sonunda şagirdlər “Vətənim üçün nə etmək istərdim və nəyə qadirəm?" sualına cavab yazmalı olacaq, daha sonra onlar cavablarını Rusiyanın ənənəvi simvolu olan ağcaqayın ağacından asacaq.

Moskvada repressiyalar qorxusundan soyadının gizlədilməsini xahiş edən müəllim Ksenya deyir ki, yeni dərslər müəllimləri çətin vəziyyətə salıb:

"Məktəbdə heç bir siyasi və ya siyasiləşdirilmiş mövzunu müzakirə etməməyi üstün tuturam. Bu, mənim fikrimdir. Öz şəxsi fikirlərimi məktəb rəhbərliyinin fikirləri ilə necə uzlaşdırım? Bunu necə edəcəyimi bilmirəm".

“Çox təhlükəli vəziyyətə düşə bilər”

Rus dili və ədəbiyyatı üzrə ixtisaslaşan və eyni zamanda adının açıqlanmamasını xahiş edən başqa bir moskvalı müəllim deyib ki, “əgər müəllim “Vacib söhbətlər” planından kənara çıxarsa, çox təhlükəli vəziyyətə düşə bilər”.

Texniki cəhətdən valideynlər övladlarının "Vacib Söhbətlər"dən azad edilməsini tələb edə bilər, lakin bu hüququn necə işləyəcəyini zaman göstərəcək.

2021-ci ilin əvvəlində Rusiyada “vətənpərvərlik tərbiyəsi”nin təbliğatına nəzarət üçün yeni məktəb direktorunun müşaviri vəzifəsinin yaradıldığı açıqlanıb. O vaxt tənqidçilər deyirdi ki, hökumət rus məktəblərinə “siyasi komissarlar” yerləşdirir. Sözügedən müşavir vəzifəsi “Naviqatorlar” adlı proqramın bir hissəsidir. Bu, putinyönlü gənclər hərəkatının keçmiş fəalı Naşinin rəhbərlik etdiyi proqramdır.

“Bütün müəllimlər eyni şeyi desin”

Müharibə əleyhinə bəyanatlarına görə işdən qovulan keçmiş coğrafiya müəllimi, milliyyətcə azərbaycanlı Kamran Manaflı deyib ki, "Vacib söhbətlər" dərsinin tətbiqi əvvəlki illərdə məktəblərdə müvəqqəti keçilən təbliğat dərslərinin nəticəsidir:

"Sinif rəhbəri idim və bizə belə dərslər, filmlər və təqdimatlar göndərilirdi. Müəllimlərin yarısı sadəcə, uşaqlara maraq göstərmədiyindən onlardan istifadə etmədilər. Digər yarısı isə sadəcə filmi açırdı və uşaqlar baxıb gedirdi".

Novosibirskdə tarixçi və orta məktəb direktoru Sergey Çernışev bildirib ki, yeni dərs Rusiya məktəbləri arasında təzə idarəetmə üsulunun başlanğıcı ola bilər.

"Təhsil Nazirliyində çalışanlar, görünür, arzulayırlar ki, ölkənin bütün məktəbləri eyni materiallarla eyni dərsləri keçsin. Kamçatkadan Kalininqrada qədər bütün müəllimlər uşaqlara eyni şeyi desin. Əslində, onlar müəllimləri robota çevirmək istəyirlər”, – direktor deyib.

Simonyanın tövsiyəsi

RT dövlət televiziya şəbəkəsinin baş redaktoru Marqarita Simonyan martda Moskvada müəllimlərlə görüşüb. Onun sözlərinə görə, müəllimlərin Putin və Ukraynadakı müharibə haqqında öz fikirləri ola bilər, lakin heç vaxt unutmamalıdırlar ki, dövlət üçün çalışırlar və hökumətin maraqlarını müdafiə etməyə borcludurlar.

Sentyabrın 1-də Kalininqradda məktəblilərlə görüşünün sonunda Putin 1990-cı illərdə təhlükəsizlik xidmətində bir yerdə işlədiyi yaşlı KQB agenti ilə söhbətindən danışıb. Putin deyib ki, 25 il gizli xarici agent kimi işlədikdən sonra vəzifəsini gənc biriylə paylaşmağın həmin agentin “xətrinə dəyib-dəymədiyini” soruşub.

“Ana vətənim mənə heç kimə güvənmədiyi kimi güvəndi. Mən gərəkli idim. Vətənə minnətdaram və ondan qarşılığında heç nə gözləmirəm", – Putin həmsöhbətindən sitat gətirib.

Fevralın 24-də Ukraynaya hərbi təcavüzə başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG