Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:30

Son iki ildə əvvəlkindən iki dəfə çox makaron yeyilir


Makaron
Makaron

Dövlət Statistika Komitəsi (DSK) ötən il üçün açıqladığı ərzaq balansından görünür ki, son illərdə Azərbaycanda bəzi məhsulların istehlakı ilə bağlı maraqlı dəyişikliklər var. Məsələn, son iki ildə Azərbaycanda adambaşına düşən makaron istehlakı kəskin artıb. 2019-cu ildə Azərbaycanda adambaşına 1.6 kiloqram makaron yeyilirdi. 2020-ci ildə bu göstərici 2.2 kiloqrama yüksəlib. Ötən il həmin rəqəm artıq 2.8 kiloqrama çatıb. Beləcə, son iki ildə adambaşına 75 faiz daha çox makaron məmulatı yeyilib.

Ötən il Azərbaycanda 13 min 245 ton makaron məmulatı istehsal edilib. Bu, iki il əvvəllə müqayisədə üç dəfədən çox artım deməkdir. Ötən il daha 16 min ton makaron məmulatı da xaricdən gətirilib. Deməli, ölkənin özünü makaronla təminetmə göstəricisi 47.2 faizdir və yerli istehsal tələbin hətta yarısını ödəyə bilmir. Ötən il əhalinin şəxsi istehlak fonduna daxil makaron məmulatının həcmi 28 min 486 ton olub. Bu göstərici də son iki ildə 13 min ton artıb. Daha 179 ton makaron məmulatı isə heyvan və quş yemi kimi istifadə edilib.

Şirniyyat da daha çox yeyilir

Ötən il Azərbaycanda adambaşına düşən tort və şirniyyat məmulatları istehlakında da ciddi artım qeydə alınıb. 2018-2020-ci illərdə ölkədə bu tip məhsulların illik istehlakı 6 kiloqrama yaxın idi. Ötən il həmin rəqəm 7.2 kiloqrama yüksəlib, başqa sözlə, bir ildə 20 faiz artıb. Eyni artım kakao, şokolad və şəkərli qənnadı məmulatları istehlakında da gözə çarpır. Həmin məhsulların da adambaşına düşən illik istehlakı son iki ildə 3 kiloqramdan 3.8 kiloqrama yüksələrək 27 faiz çoxalıb.

Azərbaycanda adambaşına şəkər istehlakı 2021-ci ildə 27.3 kiloqram olub. Bu göstərici də son iki ildə adambaşına istehlakın bir kiloqram artdığını göstərir. Rəsmi rəqəmlərə görə, Azərbaycanın özünü şəkərlə təminetmə səviyyəsi 100 faizdir. Amma nəzərə almaq lazımdır ki, şəkər ölkədə istehsal edilsə də, xammalı xaricdən gətirilir. Sırf şəkər üçün xammalla təminata baxınca aydın olur ki, ölkə özünü şəkərlə tam təmin etsə də, şəkər xammalı ilə təminat cəmi 5 faizdir. Bu o deməkdir ki, əsas növ ərzaq məhsulları ilə təminat səviyyəsinə görə şəkər xammalı sonuncu yerdədir.

Qatığın 7 faizi xaricdən gətirilir

Ötən il əsas növ ərzaq məhsullarından kartofda da özünütəmin səviyyəsi azalıb. 2020-ci ildə Azərbaycanda yerli kartof istehsalı tələbin 90.6 faizini qarşılamağa yetirdi. 2021-ci ildə bu göstərici 88.8 faiz olub. Ötən il adambaşına kartof istehsalı əvvəlki illərlə müqayisədə artıb və 84.2 kiloqrama yüksəlib. İl ərzində Azərbaycanda istehsal edilən kartof həcmi isə 1 milyon 62 min tona çatıb. Artıq ard-arda üç ildir ki, ölkənin illik kartof istehsalı bir milyon tonu ötür. Ancaq ötən il ölkənin kartof idxalı da maksimuma – 227 min tona çatıb. Bunun 77 faizi İrandan gətirilib. Rusiya (12 faiz), Gürcüstan (5 faiz), Türkiyə (4 faiz) və Ukrayna (1.6 faiz) da Azərbaycanın kartof aldığı ölkələr sırasındadır.

Tərəvəz, meyvə və bostan məhsullarına gəlincə, Azərbaycan ənənəvi olaraq özünü bu məhsullarla təmin edə bilib. Ötən il ölkənin tərəvəzlə özünütəmin səviyyəsi 106 faiz, meyvəylə 123 faiz, bostan məhsulları ilə 103 faiz olub.

Azərbaycanın idxalında ən çox vəsait sərf etdiyi istiqamətlərdən biri də meyvə idxalıdır. Ötən il ölkəyə meyvə idxalının dəyəri 117 milyon dollar olub. Digər bir çox məhsuldan fərqli olaraq, Azərbaycanın meyvə idxalında ilk yeri region ölkələrindən biri yox, Ekvador tutur. Ötən il Azərbaycana gətirilən meyvənin 42 faizi Ekvadorun payına düşüb. Həmin meyvələrə 37 milyon dollardan çox vəsait ödənilib. Türkiyə (22 faiz), İran (19 faiz), Misir (3 faiz) və Cənubi Afrika Respublikası (2 faiz) Azərbaycanın meyvə idxalında ilk beşlikdə olan digər ölkələrdir.

Süd və süd məhsullarına – ağartıya gəlincə, Azərbaycanın daxili istehsal hesabına özünütəmin səviyyəsi 85 faizdir. Bu göstərici 2020-ci ilədək olan vəziyyətlə müqayisədə bir neçə faiz azalma deməkdir. Bu tip məhsulların illik adambaşına istehlakı 2021-ci ildə 253 kiloqram olub. Bu, 2019-cu illə müqayisədə 7 kiloqram artım deməkdir. Kərəyağı istehlakında Azərbaycanın özünütəmin səviyyəsi 67 faiz, pendir təminatında 86 faiz, qatıq təminatında 93 faizdir.

XS
SM
MD
LG