Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:45

Moskvada Gülnarə Kərimovanın 6 mənzili müsadirə olunub


Gülnarə Kərimova (arxiv fotosu)
Gülnarə Kərimova (arxiv fotosu)

Özbəkistan bildirib ki, bu mənzillərin satışından əldə olunan vəsait Moskva və Daşkənd arasında bərabər bölünəcək

Moskvada keçmiş Özbəkistan prezidenti İslam Kərimovun böyük qızına məxsus 6 mənzil Rusiya məhkəməsi tərəfindən müsadirə olunub.

Özbəkistanın ədliyyə naziri Muzraf İkramov sentyabrın 13-də deyib ki, bu mənzillərin satışından əldə olunan vəsait Moskva və Daşkənd arasında bərabər bölünəcək.

Fevralın əvvəllərində Özbəkistanın ədliyyə naziri demişdi ki, hökumət Gülnarə Kərimovaya məxsus aktivlərin Özbəkistana qaytarılması üçün Rusiya, İsveçrə, Birləşmiş Ştatlar, Fransa və bir neçə başqa ölkənin hakimiyyət orqanları ilə danışıqlar aparır.

Nazir bu aktivlərin “cinayət fəaliyyyyəti” nəticəsində əldə olunduğunu əlavə etmişdi.

Nazirlik bildirmişdi ki, Kərimovaya məxsus 6 milyon dollar onun Rusiya banklarındakı hesablarında saxlanır.

Məlumata görə Kərimovanın Moskvada malikanəsi, 8 mənzili var. Bundan başqa Kərimovanın Ukraynanın Rusiya tərəfindən ilhaq olunmuş Krım yarımadasında otelinin, mülkünün və torpaq sahələrinin olduğu bildirilirdi.

Pulların qaytarılması

Ötən ay Özbəkistan və İsveçrə hakimiyyəti bu ölkədə Kərimovaya məxsus 131 milyon dolların Daşkəndə qaytarılmasına dair razılaşma əldə etmişdilər. Bu aktivlərə İsveçrə məhkəməsi tərəfindən həbs qoyulmuşdu.

İsveçrə 2012-ci ildə mənimsəmə ittihamı ilə Gülnarə Kərimovaya qarşı açılmış cinayət işinin nəticəsi olaraq onun 842 milyon dollarına həbs qoymuşdu.

Daşkənd Kərimova 2017-ci ildə həbs olunandan bəri onun müxtəlif xarici yurisdiksiyalarda olan 1 milyard dollardan çox pulunun Özbəkistana qaytarılmasına çalışır.

İkramov sentyabrın 13-də deyib ki, Özbəkistanın İsveçrədən geri gətirməyə çalışdığı aktivlərin ümumi dəyəri 686 milyon dollardır.

Bir vaxtlar atasının hakimiyyət varisi sayılan Gülnarə Kərimova 2014-cü ildə Daşkənddə ev məhbusu edilmişdi.

Bundan iki il sonra İslam Kərimov vəfat etdi və onun postuna Şavkat Mirziyoyev seçildi.

Daha 13 il iş

Özünü həm də pop ulduzu və kübar qadın kimi təqdim edən Gülnarə Kərimovaya qarşı açılmış cinayət işlərində onun adı əsasən telekommunikasiya şirkətləri ilə bağlı külli məbləğdə rüşvət sxemləri ilə bağlanır.

Qeyd olunur ki, Kərimova xarici telekommunikasiya şirkətlərinin Özbəkistan bazarına gətirilməsi üçün onlardan böyük məbləğlərdə rüşvət alıb.

Kərimova 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, sonradan bu hökm 5 illik ev dustaqlığı ilə əvəzlənmişdi.

O 2019-cu ildə ev məhbusluğunun şərtlərini pozmaqda ittiham olunaraq təkrar həbsxanaya qaytarılıb.

Gülnarə Kərimova 2020-ci ildə prezident Mirziyoyevə yazdığı məktubda ona qarşı cinayət işinin dayandırılması müqabilində 686 milyon dolları dövlət xəzinəsinə qaytarmağı təklif etmişdi.

Lakin bundan bir ay sonra Kərimovaya zorla pul qopardılması, çirkli pulların yuyulması və başqa cinayətlərə görə ona əlavə olaraq 13 il iş kəsilib.

XS
SM
MD
LG