Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:41

Ukraynanın əkshücum planı necə hazırlanıb – Qərb mediası


Ukrayna hərbçisi İzyum şəhərində
Ukrayna hərbçisi İzyum şəhərində

Avqust ayı ərzində Ukrayna ABŞ-dan detallı kəşfiyyat məlumatları əldə edib, onların əsasında Rusiyanın müdafiəsinin zəif hissələrini müəyyənləşdirib

Ukrayna ordusunun hazırda ölkənin şimal-şərqində və cənubunda uğurlu əkshücumu ölkə hərbçiləri tərəfindən, ABŞ və Britaniya mütəxəssisləri və rəsmi şəxslərilə birlikdə hazırlanıb. Bu haqda “New York Times” ABŞ hökumətindəki mənbələrinə istinadla yazır.

Prezident Volodimir Zelenski Ukrayna hərbçilərinin 6 min kvadrat kilometrə yaxın ərazini Rusiya işğalından azad etdiyini açıqlayıb.

İlkin plan necə dəyişdi

Qəzetin yazdığına görə, ilkin plana görə, Ukrayna Silahlı qüvvələri ölkənin cənubunda irimiqyaslı əkshücuma keçməliydi. Planı Baş Qərargah Prezident Zelenskinin göstərişi ilə hazırlayıb. Prezident generallara deyib ki, ölkəsinin Rusiya işğalını dəf etməyə qadir olduğunu göstərmək istəyir.

Planın məqsədi Xersonu azad etmək, Mariupol şəhərini şərqdəki Rusiya qüvvələrindən ayırmaq olub. Ancaq yayda Ukrayna və ABŞ hərbçilərinin hərbi oyunları nəticəsində aydın olub ki, belə hücum iflasa məhkumdur.

Pentaqonun aparıcı rəsmilərindən Kolin Kahlın sözlərinə görə, oyunlar əkshücumun daha effektli variantlarını üzə çıxarıb, variantlar Ukrayna rəhbərliyi və ali komandanlığa təqdim olunub. Kal deyib ki, yekun əməliyyat planını bir müddətdən sonra Ukrayna rəhbərliyi hazırlayıb. Məhz Ukrayna hərbçiləri iki istiqamətdə – şimalda və cənubda hücum təklif edib.

Kəşfiyyat məlumatı

Avqust ayı ərzində Ukrayna ABŞ-dan detallı kəşfiyyat məlumatları əldə edib, onların əsasında Rusiyanın müdafiəsinin zəif hissələrini müəyyənləşdirib. Onlar belə bir qənaətə gəliblər ki, əkshücum vaxtı Rusiya qüvvələri köməyə vaxtında qüvvə göndərə bilməyəcək. Birləşmiş Ştatlar isə Kiyevə silah göndərişlərini artırıb. Qəzet yazır ki, az qala hər həftə ABŞ-ın Ukraynaya hərbi yardımı artıracağı haqda xəbərlər hücumun hər iki cəbhədə eyni vaxtda gerçəkləşdirilməsinə əminliyi artırıb.

Məqalədə deyilir ki, Ukrayna ordusu hazırda ölkənin şərqində daha çox ərazini nəzarətinə qaytara bilər. Amma ABŞ və Ukrayna rəsmilərinin fikrincə, hazırda cənub hərbi əməliyyatlar üçün daha vacib məkandır.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan ABŞ bu ölkəyə 14.5 milyard dollarlıq hərbi yardım ayırıb.

XS
SM
MD
LG