Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:38

Rəhbərlərin çoxu kişi, mütəxəssislərin çoxu qadındır


'Deyirlər iş yoxdur, amma biz işçi axtarırıq, tapa bilmirik'
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

'Deyirlər iş yoxdur, amma biz işçi axtarırıq, tapa bilmirik'

Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədə məşğul əhalinin sayı 4 milyon 988 min nəfərdir. Onların 52 faizi kişilər, 48 faizi qadınlardır. Məşğul əhali deyərkən, əmək müqaviləsi ilə və ya fərdi sahibkar kimi çalışanlar, eləcə də pay torpağı olanlar anlaşılır. Bəs Azərbaycanda dövlətin məşğul saydığı 5 milyona yaxın şəxs hansı peşələrə sahibdir? Dövlət Statistika Komitəsinin (DSK-nın) əmək bazarına dair hesabatında məşğul əhalinin peşələr üzrə bölgüsünə də yer ayrılıb.

Ölkədə 62 min idarəedici var

İqtisadi fəaliyyət növlərində ən yuxarı sayılan qrup idarəedicilərdir. Bu qrupa dövlət siyasətinin istiqamətlərini müəyyənləşdirən və formalaşdıran, qanun və fərmanları hazırlayan və qəbul edən, onların gerçəkləşdirilməsinə göz qoyan şəxslər daxildir. Özəl sektorda kommersiya və biznes qurumlarında rəhbər vəzifədə çalışanlar da həmin qrup çərçivəsində dəyərləndirilir. Bu ilin əvvəlinə olan göstəricilərə görə, Azərbaycanda idarəedici vəzifələrdə 62 min 400 nəfər çalışır. Başqa deyimlə, ölkədə məşğul əhalinin toplam 1.3 faizi idarəedici vəzifə tutanlardır. Onların 64 faizi kişi, 36 faizi qadındır.

Peşəkar mütəxəssislər arasında qadınlar daha çoxdur

İqtisadi fəaliyyət növləri üzrə növbəti pillədə peşəkar mütəxəssislər dayanır. Bu qrupa təbiət, eləcə də ictimai və humanitar elmlər sahəsində yüksək səviyyəli peşə biliyi tələb edilən şəxslər daxildir. Hazırda ölkədə 628 min nəfər peşəkar mütəxəssis vəzifələrində çalışır. Deməli, məşğul əhalinin cəmi 12.6 faizi yüksək peşəkarlıq tələb edən sahələrdə işləyir. Bu, Azərbaycan iqtisadiyyatında əlavə dəyər yaradan, yüksək bilik tələb edən sahələrin zəif inkişafından xəbər verir. Halbuki, məhz əlavə dəyər yaradan, elm və texnologiya tutumlu sahələrin inkişafı ölkə iqtisadiyyatının neft-qaz asılılığını azalda, dayanıqlı inkişafa gətirib çıxara bilər. Hazırda Azərbaycanın ixrac gəlirlərinin 90 faizindən çoxu məhz neft və qaz satışı hesabına formalaşır.

Diqqətçəkən daha bir məqam həmin qrupa daxil olan şəxslər arasında qadınların çoxluğudur. Belə ki, ölkədə peşəkar mütəxəssis kimi təsnifləşdirilən vəzifələrdə çalışanların 60 faizi (378 min 400 nəfər) qadın, 40 faizi (287 min 300 nəfər) kişidir.

Mütəxəssislər və yardımçı heyət, idarə (ofis) qulluqçuları

İqtisadi fəaliyyət növləri üzrə peşə təsnifatında idarəçi və peşəkar mütəxəssislərdən sonra növbəti pillədə mütəxəssislər və yardımçı heyət dayanır. Müxtəlif sahələrdə çalışan mexanik, texnik, katib və operatorlar, tibb sektorundakı kiçik və orta tibb heyəti, maliyyə və kommersiya sahələrindəki broker və dillerlər, kredit verən işçilər, eləcə də digər sahələrdəki yardımçı vəzifələr bu qrup daxilində təsnifləşdirilir. Hazırda məşğul əhalinin 9.4 faizi – 468 min 500 nəfər mütəxəssis və köməkçi heyətlə bağlı peşələrdə çalışır. Həmin şəxslərin 55 faizi qadın, 45 faizi kişidir.

Mütəxəssis və yardımçı heyətdən sonra növbəti peşə təsnifatı qrupu ofis qulluqçularıdır. Bu tip peşələrdə çalışanlara katibliklə bağlı işləri görənlərlə yanaşı, əhaliyə xidmət sahəsində ofis qulluqçuları, xəzinədarlar, nəqliyyatın və materialların uçotu üzrə işçilər və digər bu kimi peşələr daxildir. Hazırda ölkədə belə işlərdə 227 min nəfər çalışır. Onların 78 faizi qadın, 22 faizi kişidir.

Bu baxımdan, aydın olur ki, məşğulluq təsnifatına görə ilk dörd qrupda yerləşən peşələrdə çalışanlar ölkədə məşğul əhalinin cəmi 27 faizə yaxınını əhatə edir. Məşğul əhalinin yerdə qalan hissəsi, əsasən, ixtisassız işlərdə və kənd təsərrüfatında çalışır.

XS
SM
MD
LG