Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:43

Vaşinqton danışıqlarda konkret nəticə vəd edə bilməsə də...


Ned Prays
Ned Prays

Dövlət Departamenti Bakı-Yerevan dialoqunda yüksək səviyyədə iştirakı davam etdirməyə söz verir.

"Vaşinqton konkret nəticə vəd edə bilməsə də, söz verə bilərəm ki, bu məsələ bizim üçün prioritet olaraq qalacaq".

"Turan"ın xəbərinə görə, bunu oktyabrın 11-də brifinqdə ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı deyib. "Turan"ın müxbirinin ABŞ dövlət katibinin yaxın həftələrdə və ya aylarda bu münaqişəni öz işləri siyahısına daxil etməyə hazır olub-olmadığı haqqında sualına cavabda Ned Prays vurğulayıb ki, Amerikanın bu prosesdə yüksək səviyyədə iştirakının davam etdiyini görmək olar: "Dünən (oktyabrın 10-da) dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışıb. Bu məsələ üzrə baş müşavirimiz Fil Riker hər iki ölkənin məsul şəxsləri ilə hər gün əlaqə saxlayır. Odur ki, biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Vaşinqton konkret nəticə vəd edə bilməsə də, söz verə bilərəm ki, bu məsələ bizim üçün prioritet olaraq qalacaq".

Oktyabrın 10-da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla danışıb. Rəsmi açıqlamalara görə, telefon danışıqlarında iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların aparılmasının əhəmiyyətindən bəhs edilib. Habelə, Azərbaycan prezidenti ilə söhbətdə Qarabağda yaşayan etnik erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin təmin olunması üzrə müzakirələr təqdir edilib.

Aİ səfirləri Ermənistana missiya göndərmək barədə razılığa gəliblər

Ötən həftə, oktyabrın 6-da isə Praqada İ.Əliyev, N.Paşinyan, Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı (Aİ) Prezidenti Şarl Mişelin dördtərəfli görüş olub. Yelisey sarayının həmin görüşdən sonra yaydığı bəyanatda qeyd edilib ki, Azərbaycanla Ermənistan bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır: "Ermənistan Azərbaycanla sərhəddə mülki Aİ missiyası göndərilməsinə razılıq verib. Azərbaycan da bu missiya ilə əməkdaşlığa razılaşıb. Missiya oktyabrda başlayacaq, maksimum iki ay müddətinə gerçəkləşəcək. Missiyanın məqsədi inam yaratmaq, hesabatları ilə sərhəd komissiyalarının işinə töhfə verməkdir".

Artıq Avropa İttifaqına üzv ölkələrin nümayəndələri Ermənistana Azərbaycanla sərhəd boyunca yerləşdiriləcək mülki missiyanın göndərilməsi barədə razılığa gəliblər. AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun" diplomatik mənbələrə istinadən yazır ki, bu barədə qərar oktyabrın 11-də Aİ-nin Mülki işlər və təhlükəsizlik komitəsinin qapalı iclasında qəbul edilib.

Ötən ay, sentyabrın 12-13-də Azərbaycan və Ermənistan sərhədində vəziyyət yenidən gərginləşmişdi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar. Ermənistan Azərbaycan hərbi qulluqçularının onların ərazisinə daxil olduğunu, Azərbaycan isə qarşı tərəfin təxribatı ilə üzləşdiyini vurğulayıb. Sentyabrın14-dən tərəflər arasında yenidən atəşkəs əldə edildiyi bildirilib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG