Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:31

Putinin 'ağrıyan yerdən vura biləcək' qüvvələri. Boru kəmərləri, kabellər, peyklər


Şimal axını 1 kəmərində sızma
Şimal axını 1 kəmərində sızma

ABŞ Prezidenti Co Bayden ötən həftə deyib ki, rusiyalı həmkarı Vladimir Putin Ukraynadakı müharibədə çətinə düşdükcə Qərbi kütləvi qırğın silahları ilə hədələyərkən “zarafat etmir”. Axı hərbi uğursuzluqlar onun 23 illik hakimiyyətinə təhlükə yaradır.

Baydendən bir neçə gün öncə Konqresin kəşfiyyat komitəsinin respublikaçı üzvü senator Marko Rubionun Rusiyanın hər hansı bir NATO üzvünə raket hücumu gerçəkləşdirə biləcəyini deməsi də xəbər başlıqlarına çıxmışdı.

Ancaq təhlillər göstərir ki, Putinin Qərbi hədələyərək Ukraynaya dəstəkdən yayındırmaq üçün başqa üsullara əl atması ehtimalı daha çoxdur. Rusiya dənizdəki enerji boru kəmərləri və ya data kabellərini, yaxud hətta Yerin orbitində olan peyklərini hədəfə ala bilər.

Mərkəzi Bankın yeni binasını kim tikir?
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

“Seçim müharibəsi”

“Rusiyanın bütün bu hücum üsullarına əl atacağını düşünmək daha məntiqli olardı”, – Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi, daha öncə Britaniyanın Müdafiə Nazirliyində çalışmış Şon Monəqən deyir.

Onun sözlərinə görə, Rusiyanın Ukraynaya göndərilən silahların marşrutunu hədəfə almaq üçün hər hansı NATO ölkəsini, məsələn, Polşanı vurması alyansın yerdə qalan 30 üzvünün hərəkətə keçməsi demək olardı.

“Rusiya üçün Ukrayna ilə müharibə ölüm-qalım məsələsi deyil. Bu, seçim müharibəsidir. NATO ilə müharibə isə ölüm-qalım müharibəsi olardı”, – o deyir.

Sualtı boru kəmərlərinə gəlincə, Rusiya artıq belə bir hücumda ittiham olunur.

Monəqən hesab edir ki, ötən ayın sonlarında Rusiya təbii qazını Almaniyaya nəql edən iki boru kəmərinin partlaması yaxın gələcəkdə baş verə biləcək “hibrid hücumların” ilk siqnalıdır.

“Sabotaj”

Danimarka və İsveç hüquq-mühafizə qurumları Rusiyanın nəzarətində olan “Şimal axını 1” və “Şimal axını 2” boru kəmərlərinin partladılaraq ciddi zədələndiyini deyirlər. Hadisəni törətmək üçün bir neçə yüz kiloqram partlayıcı maddədən istifadə olunduğu bildirilir. Bayden və digər Qərb rəsmiləri hadisəni “sabotaj” adlandırıblar.

Rəsmilər birbaşa ittihamlardan yayınıblar. Ancaq Qərbdə çoxları Rusiyanın öz boru kəmərini Avropanı Ukraynaya yardımı dayandırmağa məcbur etmək üçün partlatdığını düşünürlər. Rusiya artıq aylardır ki, Avropaya təbii qaz ixracını azaldaraq qiymətlərin rekord səviyyəyə qaxmasına və qitənin üzləşdiyi enerji böhranının dərinləşməsinə səbəb olur.

Kreml bu ittihamları rədd edərək ABŞ-ı qınayıb. Birləşmiş Ştatlar ta əvvəldən bu boru kəmərlərinə qarşı çıxırdı.

Kəmərlərin partladılması Qərbdə Rusiyanın sualtı boru kəmərləri və kabellərə hücumları ilə bağlı narahatlığı dərinləşdirib.

Almaniyada dəmiryolu nəqliyyatı dayanıb

Oktyabrın 8-də yerüstü kabellərin zədələnməsi Almaniyanın şimalında bütün dəmiryolu nəqliyyatının saatlarla dayanmasına səbəb olmuşdu. Dövlətin nəzarətində olan dəmiryolu operatoru hadisəni "sabotaj" adlandıraraq səbəbkarların tapılması üçün araşdırmaya başlayıb.

Monəqən deyir ki, əsas infrastruktura bu cür hücumların arxasında duranlar qeyri-müəyyən olur, asanlıqla rədd edilir. Onun sözlərinə görə, bu həm də hərbi cavabı əsaslandıracaq xətti “bilərəkdən keçməmək” deməkdir.

Sovet-ABŞ müdafiə danışıqlarında iştirak etmiş keçmiş diplomat Uilliam Kortni də Rusiyanın boru kəmərlərinə, internet kabelləri və peyklərə get-gedə daha çox hücum etməsi ehtimalının daha yüksək olduğu qənaətindədir.

O deyir ki, digər amilləri kənara qoysaq, Polşaya zərbə uğursuz ola bilər. Hərbi gücə malik Polşa hücum təhlükəsinə görə sayıqlığını da artırıb.

NATO üzvlərinə iri hibrid hücumlar

“Rusiya hansısa NATO üzvünün ərazisini vurmaqdansa, NATO-nun reaksiyası baxımından daha qeyri-müəyyən hədəflərə üz tuta bilər”, – hazırda Vaşinqtonda yerləşən “RAND Corporation” təhlil mərkəzinin analitik Kortni deyir.

Rusiya bundan əvvəl artıq NATO üzvlərinə qarşı iri hibrid hücumlar həyata keçirib.

2007-ci ildə Rusiya Estoniyaya qarşı həftələrlə sürən, koordinasiyalı kiberhücum gerçəkləşdirib. Hücum zamanı Estoniya hökuməti, banklar, telekommunikasiya şirkətləri, internet provayderləri və media qurumlarının saytları hədəfə alınmışdı. Səbəbsə Tallinin o vaxta qədər şəhərin mərkəzində olan sovet dövründən qalma ziddiyyətli müharibə abidəsinin yerini dəyişməsi idi. Hücum zamanı bank kartları və mobil telefon şəbəkələri müvəqqəti donmuşdu.

Sualtı kabellər necə zədələndi

2021-ci ildə isə Norveç sahillərində sualtı kabellər zədələnərək kəsilmişdi. Kabellərə birləşdirilmiş sensorlar Rusiya sualtı qayıqları haqda məlumatı qeydə ala bilmişdi. Buna görə də bəziləri bu hadisəni Moskvanın törətdiyinə inanırlar.

Bu il yanvarın 7-də isə Norveçin materik hissəsi ilə Svalbard arxipelaqını bağlayan, Şimal Buzlu okeanın dibindən keçən internet və kommunikasiya kabelləri sıradan çıxarılmışdı.

Bu kabellər Svalbard Peyk Stansiyasını (“SvalSat”) işlədən “Space Norway” kosmik şirkətinə elektrik enerjisi nəql edir. Svalbard Peyk Stansiyası dünyada qütblərin ətrafında fırlanan peyklərdən data endirə bilən cəmi iki yerüstü stansiyadan biridir.

Rusiya daha öncə “SvalSat”dan həm hərbi, həm də kommersiya peyklərindən məlumat endirmək üçün istifadə oluna biləcəyindən narahatlıq bildirmişdi.

Üstüörtülü xəbərdarlıq

Yanvarda Britaniya Müdafiə Qərargahının rəisi admiral ser Toni Radakin “Rusiya sualtı qayıqlarının fəaliyyətində müşahidə olunan fenomenal artımdan” narahatlıq ifadə etmişdi. O “The Times of London”a müsahibədə deyib ki, Rusiya sualtı kabellərə risk yaradacaq və “istismar edə” biləcək hərbi dəniz potensialına malikdir.

"Qərb ölkələrinin iqtisadiyyatları bu məlumat mübadiləsinə çox bağlıdır. Çünki bizim iqtisadiyyatlarımız əsasən rəqəmsal bilik yönlüdür. Rusiya da bunu bilir. Ona görə mən qaz boru kəmərlərinin partlamasını sualtı fəallıqla bağlı üstüörtülü xəbərdarlıq kimi görürəm”, – Monəqən deyir.

“Rusiya Ukraynada ciddi uğursuzluqlarla üzləşsə də, o, ağrıyan yerdən vura biləcək son dərəcə güclü dəniz, kosmik və kiberkosmik qüvvələrinə malikdir”, – o deyir.

72 yaşlı bloqqer: 'Bildiklərimi başqalarına öyrətmək istəyirəm'
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

ASAT raketi

Rusiyanın potensialı dənizin dibi ilə məhdudlaşmır.

Rusiya ötən ilin noyabrında ASAT dikinə atışlı antipeyk raketini sınaqdan keçirib. Sınaq zamanı Yerin orbitindəki sovet vaxtından qalan hədəf vurularaq məhv edilib. Raket peyk həmin koordinatdan keçərkən Yer səthindən atılıb. Bu sınaq xarici ölkələrin Rusiyanın kosmik potensialı ilə bağlı narahatlığını gücləndirib.

Rusiyanın BMT-nin tərksilah məsələləri ofisindəki nümayəndə heyətinin rəhbəri Konstantin Vorontsov ötən ay deyib ki, ABŞ və müttəfiqlərinin kommersiya və mülki peyk aktivlərindən Ukraynaya kömək üçün istifadə etməsi "hərbi münaqişədə dolayı iştirak mənasına gəlir” və "kvazi-mülki infrastruktur …legitim cavab hədəfinə çevrilə bilər”.

XS
SM
MD
LG