Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:43

'İki gün əvvəl isə 'Telegram' hesabıma bildiriş gəlib ki, dostum...'


Telegram
Telegram

Son zamanlar Azərbaycanda istər bəzi ictimai fəallar, istərsə də ayrı-ayrı vətəndaşlar şikayətlənirlər ki, istifadə etdikləri mobil nömrələrdən xəbərləri olmadan başqa şəxslər "WhatsApp" və "Telegram" kimi sosial şəbəkələrdə qeydiyyatdan keçiblər. Halbuki, sosial şəbəkələrdə hər hansı nömrədən qeydiyyatdan keçmək üçün həmin nömrəyə təsdiq kodu göndərilir. Bu kodu daxil etmədən qeydiyyatdan keçmək mümkünsüz sayılır. Şikayətlərə əsasən, təsdiq kodu o nömrəni işlədən şəxsin telefonuna gəlirsə, onu üçüncü şəxsin əldə etməsi müəmmalı görünür.

Z.Əhmədov
Z.Əhmədov

"Təəccüblə dedi ki, heç yerdə qeydiyyatdan keçməyib"

Hüquq müdafiəçisi Zəfər Əhmədov AzadlıqRadiosuna bildirib ki, iki gün əvvəl o da həmin halla rastlaşıb: "Bir dostumun xahişi ilə onun üçün öz adıma nömrə almışam. Dostum internetə çıxışı olmayan telefonu işlədir və heç bir sosial şəbəkədə yoxdur. İki gün əvvəl isə "Telegram" hesabıma bildiriş gəlib ki, dostum artıq həmin sosial şəbəkədə var. Özünə zəng vurub soruşdum, təəccüblə dedi ki, heç yerdə qeydiyyatdan keçməyib, amma bir neçə gün ardıcıl şəkildə onun telefonuna təsdiq kodları ilə mesajlar gəlirdi".

"Güman ki, rəsmi qurumların…"

Hüquq müdafiəçisi deyir ki, onun da sosial şəbəkələrdə olan hesabları bir neçə dəfə ələ keçirilib: "Yəqin ki, burda da hədəf mən idim, çünki nömrə mənim adımadır. Dostumun isə heç bir siyasi və ictimai fəaliyyəti yoxdur. Belə üsulla sosial şəbəkələrdə hesab açılırsa, güman ki, rəsmi qurumların və mobil operatorların bundan xəbəri olmamış olmaz".

Bundan əvvəl də Bakıda bəzi fəallar etiraz aksiyaları ərəfəsində onların mobil nömrələrindən "Telegram" və "WhatsApp"da hesablar açılması ilə bağlı iddialar səsləndirmişdilər.

Dövlət sirləri sosial mediaya necə ötürülür?
Gözlə

No media source currently available

0:00 0:05:52 0:00

"Araşdırma zamanı oxşar halların…"

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən isə "Turan"a bildirilib ki, vətəndaşların "WhatsApp" hesablarının ələ keçirilməsi halları müşahidə edilir: "Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil".

Vurğulanıb ki, qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə "WhatsApp" mobil tətbiqinin inzibatçısı "Meta Platforms, Inc." şirkətinə müraciət edib: "Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib".

Tövsiyə

Xidmətdən vətəndaşlara "WhatsApp" mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilib. Həmçinin, bu hallarla qarşılaşan şəxslərdən onlara məlumat vermələrini xahiş edirlər. Bildirilib ki, hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.

"Bu üsulla şəxsən mənim də hesabıma müdaxilə olmuşdu"

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, burada aspektlərdən biri mobil telefonun qanunsuz paralel istifadəsidir: "Bu üsulla şəxsən mənim də hesabıma müdaxilə olunmuşdu. Mənə gələn kod paralel istifadə olunmuş və sistemə giriş olunmuşdu. Bu da onu göstərir ki, mobil operatorlar şəxsin sim-kartına gələn informasıyaları hansısa formada oxumağa icazə verən kənar müdaxilələrdən qoruya bilmirlər, ya da özləri buna imkan yaradırlar".

Ə.Məmmədli
Ə.Məmmədli

Onun sözlərinə görə, ikinci səbəb isə hansısa xüsusi proqramlar ola bilər: "Həmin proqramlar yanıltıcı informasiyalar göndərir və həmin mesajlar hansısa formada virtual olaraq təsdiqlənir. Bu da texniki baxımından o qədər mümkün görünmür. Bu, mobil şəbəkə operatorlarının problemi kimi görünür".

Hökumətin məsuliyyəti

Ə.Məmmədli qeyd edib ki, Azərbaycanda mobil şəbəkələrin payçısı və ya böyük hissənin sahibi hökumət olduğu üçün hətta onun istəyi olmasa belə, məsuliyyəti var: "Bu problemlərdən kütləvi şəkildə şikayətlər varsa, amma obyektiv araşdırma aparılmırsa, o zaman burada şübhəli tərəf kimi hökumətin araşdırmama səbəbinin konkret arxasında duran məntiq bunu istəməməsi kimi görünə bilir".

Şikayətlərə, hələlik, başqa maraqlı tərəflərdən, o cümlədən mobil operatorlardan münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG