Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:48

Azərbaycanda su səviyyəsinin azalması ciddi risklər yaradır


"Şimal" Elektrik Stansiyası
"Şimal" Elektrik Stansiyası

Azərbaycanda son illər su çatışmazlığı problemi tez-tez gündəmə gəlir. Bu sahənin mütəxəssisləri su təminatı ilə bağlı həyəcan təbili çalaraq bildirirlər ki, hökumət bu istiqamətdə ciddi addımlar atmasa, ölkə yaxın gələcəkdə ciddi problemlərlə üzləşəcək. Bir çox beynəlxalq araşdırmalar da bu baxışa dəstək verir. Məsələn, Beynəlxalq Resurslar İnstitutunun araşdırmasına görə, 2040-cı ildə ciddi quraqlıqla üzləşmək ehtimalı olan ölkələr arasında Azərbaycan 18-ci yerdə qərarlaşıb. Deməli, Azərbaycan su çatışmazlığını ən ciddi yaşayacaq 18 ölkədən biridir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında da bildirilmişdi ki, iqlim dəyişiklikləri ölkədə su resurslarının həcmini 15 faiz azaldıb. BMT İnkişaf Proqramının proqnozuna görə, kəsərli addımlar atılmasa, Azərbaycan 2050-ci ilədək su resurslarının daha 23 faizini itirə bilər.

Azərbaycanda su çatışmazlığı ilə bağlı problemlər bir neçə istiqaməti əhatə edir. Bunlardan biri çaylarda suyun azalmasıdır. Bu yaxınlarda "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mediaya açıqlamasında bildirilmişdi ki, Kür çayının suyunda 27 faiz, Araz çayının suyunda isə 35 faiz azalma qeydə alınıb. Çaylarda suyun səviyyəsinin aşağı düşməsi onsuz da su çatışmazlığından əziyyət çəkən fermerlərin işini bir qədər də çətinləşdirir.

Azərbaycanda çaylarla yanaşı, Xəzər dənizinin də suyu azalmaqdadır. Bu, Xəzərin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır. Araşdırmaçıların fikrincə, proses dayanmasa, Xəzərin sahilləri kilometrlərlə geri çəkiləcək. Bu dənizdə su səviyyəsinin əsas azalma səbəblərindən biri Xəzərə ən çox su gətirən Volqa çayında suyun azalmasıdır. Ölkədə su çatışmazlığının, əsasən, kənd təsərrüfatı üçün çətinlik yaratdığı düşünülür. Amma bugünlərdə "Azərenerji" ASC-nin açıqlamasından məlum olur ki, su səviyyəsinin azalması ölkənin energetika sektoruna da risklər yaradır.

Ertələnməz tədbirlər

Qurumun açıqlamasında bildirilir ki, Şüvəlan qəsəbəsində yerləşən "Şimal" Elektrik Stansiyası yaxın zamanda fəaliyyətini dayandıra bilər. Stansiyanı xilas etmək üçün işi ertələmədən 540 metr uzunluğunda estakadanın və iki su-nasos stansiyasının tikintisinə başlanılıb. Bunlar Xəzərin 8 metr dərinliyindən soyuq su götürməyə imkan verəcək, əks halda "Şimal" stansiyası ciddi təhlükəylə üz-üzə qalacaq. "Şimal" ölkənin ən böyük ikinci elektrik stansiyasıdır. Paytaxt Bakının 40 faizindən də çox hissəsini məhz bu stansiya elektriklə təmin edir.

Stansiyanın işi ilə bağlı bu riskləri ortaya çıxaran amil son 20 ildə su səviyyəsinin 2 metrə yaxın aşağı düşməsidir. Bu, ən çox soyutma suyunun götürülməsini çətinə salır. "Azərenerji" bildirib ki, yeni estakada və su-nasos stansiyalarının inşası təkcə stansiyaları xilas etmək baxımından önəmli deyil. Bu layihə nəticəsində su daha dərinlikdən götürüləcəyindən soyutma suyu 2.6 dərəcə daha aşağı temperaturda olacaq. Yeni estakada üzərində hər iki tərəfdən toplam dörd boru çəkiləcək və iki nasos stansiyasında səkkiz nasos fəaliyyət göstərəcək.

Xəzər dənizində su səviyyəsinin düşməsinə görə yeni estakada və su-nasos stansiyasının tikilməsi ilk dəfə deyil. "Şimal" Elektrik Stansiyasından əvvəl "Sumqayıt" Elektrik Stansiyasında da bu addımın atılmasına zərurət yaranmışdı. "Şimal" Elektrik Stansiyası üçün yeni estakada və iki su-nasos stansiyası tikintisinin gələn ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulub.

Xəzərin suyu şirinləşdiriləcək

Xəzər dənizi ilə bağlı bugünlərdə gündəmə gələn digər bir məsələ Xəzərin suyunun şirinləşdirilməsi ilə bağlıdır. Oktyabrın 10-da İsrailin su emalı sahəsində ixtisaslaşmış "I.D.E. Water Assets Ltd" şirkəti və "Azərbaycan İnvestisiya Şirkəti" ASC arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycan Xəzər dənizi suyunu duzsuzlaşdıracaq zavod yaratmaq üçün İsraillə əməkdaşlıq edəcək.

Azərbaycanda su resursları yetərli deyil, ancaq ölkə su itkisi səviyyəsinin yüksək olmasıyla da seçilir. Su resursları ilə bağlı ciddi narahatlıq olsa da, rəsmi açıqlamaya görə, Azərbaycanda bu resursların 30 faizi itkiyə gedir. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin məlumatına görə, ölkədə suvarılan sahələrin cəmi 5 faizində müasir suvarma sistemləri tətbiq edilir. Suvarma əksər hallarda selləmə şəklində aparılır. Bu tip suvarma isə həm çox həcmdə su itkisinə, həm də torpağın şoranlaşmasına gətirib çıxarır.

XS
SM
MD
LG