Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:24

‘Çağırış vərəqəsini göstərib evləndik’. Əri döyüşdə ölənə 115 min dollar


Ukraynada müharibə toyu, mart, 2022-ci il
Ukraynada müharibə toyu, mart, 2022-ci il

"Onları dəstə ilə evləndiririk. Bir neçə cütlüyü birdən evləndiririk",


Oktyabrın 22-də Yelena Mixaylova və çoxdankı partnyoru Maksim Pskov regionunun Latviya ilə sərhəddəki Pıtalovo şəhərciyinin VVAQ-ında nikah bağlayıblar. Maksimin Kremlin Ukraynada apardığı müharibədə vuruşmaq üçün orduya çağırılıb və nikah da çağırış vərəqəsinin gəlməsindən bir neçə gün sonra bağlanıb.

Yelena pulları olmadığından bir-birinə üzük belə verə bilmədiklərini deyir. Cütlüyün normal gəliri yoxdur. Maksimin işi olmadığı üçün cürbəcür xırda işlərdə çalışır. Son zamanlar mexaniklik edirmiş.

İran dronlarının özəllikləri: Ermənistan bu dronları almağa niyə ehtiyat edir?
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

“Onun başına hər iş gələ bilər”

Bu cütlüyün hekayəsi artıq qeyri-adi sayılmır. Putinin səfərbərlik elanından sonra ölkənin bütün regionlarında nikahların sayı qəfildən artıb. Əksər regionlarda orduya çağırılan əsgərlərin sənədlərini VVAQ-a təqdim etdikləri gün evlənməsinə icazə verilib. Bəzi regionlarda əsgərlərlə onların nişanlılarını VVAQ-a aparmaq üçün xüsusi avtobuslar da təşkil edilib. Bəzi yerlərdə isə çağırış məkanlarında müvəqqəti nikah mərkəzləri yaradılıb.

Mixaylovanın 19 il birgə yaşadıqdan və birlikdə iki uşaq böyütdükdən sonra Maksimlə evlənməsinin səbəbi də fərqli deyil.

"Səfərbərlik bir az qorxuludur. Onun başına hər iş gələ bilər. İstənilən halda qanuni evli arvadların daha çox hüququ olur. Buna görə də münasibətlərimizi rəsmiləşdirmək qərarına gəldik", – o deyir.

Müavinətlər

Ərləri müharibədə öldürülən qadınlara 7 milyon rubl (115 min dollar), ərləri yaralananlara isə 3 milyon rubl (48 min 600 dollar) ödənilir. Bundan başqa, dövlət yaralanıb xəstəxanaya düşən kişiləri ziyarətə gələn arvadlarının nəqliyyat və otel xərclərini ödəyir. Səfərbər edilən əsgərlərin ailələrinə birdəfəlik ödəmələrsə regiondan asılı olaraq 50 min – 150 min rubl (815 – 2450 dollar) arasında dəyişir.

Pıtalovo rayonunun icra hakimiyyətinin adının çəkilməsini istəməyən nümayəndəsi rayonda evlənən əsgərlərin sayının kəskin artdığını deyir.

"Onları dəstə ilə evləndiririk. Bir neçə cütlüyü birdən evləndiririk", – o deyir və əlavə edir ki, orduya cəlb edilən əsgərlər vəsiyyətnamələrini rəsmiləşdirmək üçün notariat kontorlarının qarşısında növbəyə dururlar.

31 min nikah

Rusiya üzrə ixtisaslaşan “Mediazona” media qurumu ölkə səviyyəsində nikahların artım dinamikasını araşdırıb. Regional VVAQ-lardan toplanan məlumatlar əsasında Buryatiyada yeni evliliklərin sayı həftəyə 83-dən 662-yə yüksəlib.

Ümumilikdə “Mediazona”ya nikahlarla bağlı məlumat verən 75 regionda Putinin səfərbərlik elanından sonrakı 4 həftə ərzində səfərbərliyə cəlb edilən əsgərlərin 31 min nikahı qeydə alınıb.

Həştərxanda yerli media elə təkcə oktyabrın 22-də 104 cütlüyün evlənməsi xəbərini verib. Altay vilayətinin Kamen-on-Ob şəhərciyində 21 sentyabr – 15 oktyabr tarixləri arasında 71 nikah qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 23 olub.

İranlı ana: "Oğluma tələsik ölüm hökmü kəsdilər"
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

Rekord nikah sayı

Şərqi Sibirdəki Zabaykalye regionunda da sentyabr və oktyabr aylarında rekord sayda nikah qeydə alınıb. "Regional qeydiyyat idarəsində əməkdaşlar sürətləndirilmiş prosedurla işlədilər. Çünki bir gündə 1211 çağırış vərəqəsi təqdim edilib”, – deyə yerli administrasiyanın qəzeti yazır.

Oğlu Arxangelsk vilayətinin Kotlas şəhərindən səfərbər olunan Larisa Solovyova AzadlıqRadiosuna VVAQ-ın oğlunun müraciətini rədd etdiyini deyir. VVAQ əməkdaşları israrla onun bir ay gözləməli olduğunu deyiblər.

"Oğlum yay düşərgəsinəmi gedir? O, müharibəyə gedir. Ancaq bu bürokratlar müharibə şəraitində işləməkdən imtina edirlər… Oğlumun adını deməyəcəyəm – düşmən bilməsin. Mən ona görə çox narahatam”, – o deyib.

Çağırış vərəqəsi gələn kimi...

Kemerovo vilayətinin qubernatoru Sergey Tsivilyov oktyabrın 13-də Sibirdə yerləşən Omsk şəhərində yeddi səfərbər olunmuş əsgərin toyunu təşkil edib. Özü də işğalı dəstək əlaməti olaraq toya yaxasına iri bir “Z” hərfi taxıb gəlib. Ukraynanı işğal edən texnikanın üstündə bu hərfin yer alması onu müharibəni dəstəyin simvoluna çevirib.

Sentyabrda Kareliya regionunun Kostomukşa şəhərində 34 cütlük evlənib. Onlardan biri də Anna Vasilyeva ilə əri Alekseydir.

"Səfərbərlik elan ediləndə mən hələ onu sevdiyimə belə əmin deyildim. Biz, sadəcə, görüşürdük və bir-birimizi tanımağa çalışırdıq. Ancaq ona çağırış vərəqəsinin gəlməsi ikimiz üçün də qəfil oldu və bir-birimizi sevdiyimizi anladıq”, – Vasilyeva deyir.

"Onun Tverdəki hərbi bazasına getdim. Hissədən ona məzuniyyət verdilər və biz mərkəzi VVAQ-a getdik, onun çağırış vərəqəsini göstərib evləndik. Növbə çox uzun idi və biz xeyli gözlədik. Basabas və narahat yer idi”, – o deyir.

Ciddi “beyinyuma”

Vasilyeva toydan sonra ərini müharibəyə getməməyə razı salmağa çalışıb.

"Ona dedim ki, Kareliyadan olan başqa kişilər kimi Gürcüstana getsin, ya da haradasa gizlənsin. Ancaq bundan imtina etdi. Onun və mənim həyata və baş verənlərə baxışlarımız çox fərqlidir. Onun olduğu hərbi hissəni çox ciddi “beyinyumadan” keçiriblər. Özü də bunu “Vaqner” (özəl kontraktor) şirkətindən olan təcrübəli təlimçilər edib.

Ayrılanda ona, nə olursa-olsun, insan qalmağı tapşırdım. Hər hansı ukraynalı ona təslim olarsa, heç kimə işgəncə verməməyi tapşırdım. Onu yola saldım, ancaq geri qayıdacağına inanmıram. Hərçənd həmişə ona telefonda onu gözlədiyimi və evə gəlməli olduğunu deyirəm. Ancaq onun uzun zamandır tanıdığım yaxşı, şirin oğlan kimi qalacağına inanmıram”,
– o deyir.

Yelena Mixaylova isə Pıtalovoda iki oğlu ilə tək qalıb.

"Bizi kim saxlayacaq? O gedib. İki oğlumuz var – onları kim böyüdəcək? Böyük oğlumuz üçün də narahatam. Onun 17 yaşı var. Mənə toy lazım deyildi. Mənə heç nə lazım deyil. Sadəcə, qoy bütün bu baş verənlər bitsin. Əvvəl yaşadığımız kimi yaşamaq istəyirik”, – o deyir.

XS
SM
MD
LG