Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:31

'Tərtər işi'ndə ağır cəza alan daha 8 nəfərin işi istintaqa qaytarıldı


Emil Əliyev
Emil Əliyev

Tərtər hadisələrində dövlətə xəyanət və başqa ağır cinayətlərdə suçlanaraq 20 ilə qədər həbs cəzasına məhkum edilmiş daha 8 nəfərin (Orxan Babayev, Emin Aibov, Zaur Abdullayev, Vəli Xəlilov, Nicat Rzayev, Natiq Quluzadə, Yalçın Tanrıverdizadə Emil Əliyev) işi yenidən istintaqa qaytarılıb. Bu barədə Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə qərar çıxarılıb. Bundan öncə 11 nəfərin işində olduğu kimi, yenə də səbəb olaraq istintaq dövründə çoxsaylı kobud qanun pozuntularına yol verilməsi göstərilib.

Məhkəmədə çıxış edən vəkillər bu şəxslər haqqında vaxtilə istintaq aparmış müstəntiqlərin, istintaqa prosessual rəhbərlik etmiş prokurorların, hər üç məhkəmə instansiyasında (Tərtər Hərbi Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə) hökm vermiş, onu qüvvədə saxlamış hakimlərlə bağlı xüsusi qərar çıxarılmasını istəyib. Lakin vəkillərin bu vəsatəti təmin edilməyib.

Müdafiəçilərin daha bir vəsatəti də təqsirləndirilən şəxslərin azadlığa buraxılması, istintaq getdiyi müddətdə onlar haqqında alternativ (ev dustaqlığı, başqa yerə getməməyə dair iltizam və s.) qətimkan tədbirinin seçilməsi olub. Lakin məhkəmə bu vəsatətə də "yox" deyib.

'Tərtər işi' yenidən istintaqa qaytarılıb

"Tərtər işi" üzrə həbs olunub, dövlətə xəyanət və başqa ağır ittihamlarla 5 ildən çoxdur həbsdə olan 11 nəfərin haqqındakı cinayət işi yenidən istintaqa qaytarılıb.

Bu barədə noyabrın 5-də Gəncə Hərbi Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyilə qərar çıxarılıb.

Qərara əsasən, Hərbi Prokurorluqda istintaq zamanı çoxsaylı kobud prosessual pozuntulara yol verilib. Hakim belə nəticəyə gəlib ki, həmin pozuntular aradan qaldırılmadan məhkəmədə bu işə baxılması mümkün deyil.

“Dinləyən yox idi”

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunmuşdu. Gəncə Hərbi Məhkəməsi də işi vaxtilə istintaqı aparmış Hərbi Prokurorluğa yox, Baş Prokurorluğun İstintaq İdarəsinə göndərib.

Qaragöl ətrafında yaşayan ermənilər: 'Axşamlar çaxır içirik ki, qorxmayaq'
Gözlə

No media source currently available

0:00 0:04:28 0:00

Məhkəmədə vəkillər bir sıra vəsatətlər qaldırıblar. Məsələn, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi və onların azadlığa buraxılmasını istəyiblər. Lakin bu vəsatət təmin edilməyib. Daha bir vəsatət isə vaxtilə bu iş üzrə istintaqı aparmış müstəntiqlərin, istintaqa prosessual rəhbərlik etmiş Hərbi prokurorun birinci müavini Şəfahət İmranovun, sonradan hər üç məhkəmə instansiyasında (Tərtər Hərbi Məhkəməsi, apellyasiya məhkəməsi və Ali Məhkəmə) hökm çıxarmış, həmin hökmü qüvvədə saxlamış hakimlərin, eləcə də məhkəmədə ittihamı müdafiə etmiş prokurorların haqqında xüsusi qərar çıxarılması olub.

“Biz neçə illərdir bu məsələləri deyirdik. Deyirdik ki, bu adamlara qarşı belə ağır ittihamları təsdiqləyəcək heç bir mötəbər sübut yoxdur. Bu adamlar təqsirləri sübuta yetirilmədiyi halda, uzunmüddətli həbsə məhkum ediliblər. Amma dinləyən yox idi. Məhkəmələr necə qərar veriblər, aydın deyil. Sağ olun ki, heç olmasa, indi dinləyirsiz”, – vəkil Zabil Qəhrəmanov belə deyib.

Işgəncə görən hərbçi: ‘Minəcən adam tutulmalıdı, o cümlədən Hikmət Həsənov’
Gözlə

No media source currently available

0:00 0:15:55 0:00

“Bunu əvvəlki dövlət ittihamçıları, hakimlər görmürdü?”

Digər vəkil Səadət Seyidova bu iş üzrə əvvəlki qərarları ləğv edib, təkrar apellyasiya məhkəməsinə qaytaran Ali Məhkəmənin Plenum qərarına diqqət çəkib:

“Orada yazılıb ki, bu iş üzrə qərar vermiş hakimlər, dövlət ittihamçıları məsuliyyət daşımır. Qətiyyən doğru yanaşma deyil. Budəfəki apellyasiya məhkəməsində prokuror hökmün ləğv olunması haqda vəsatətini əsaslandıranda dedi ki, müdafiə hüquqları pozulub, işdəki sübutlar qanunsuz yollarla – işgəncə ilə əldə olunub. Bunu əvvəlki dövlət ittihamçıları, hakimlər görmürdü?”

Səlahiyyətli şəxslərin barəsində xüsusi qərar çıxarılması haqda vəsatət də təmin edilməyib.

Noyabrın 5-də haqqındakı cinayət işi yenidən istintaqa qaytarılan 11 nəfər bunlardır: Rauf Orucov, Sultan Zeydullayev, Emin Adilzadə, Natiq Əliyev, Əlizamin Quliyev, Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Atabəy Rəhimov, Mirpaşa Mehdiyev və Faiq Əhmədov.

Daha 8 nəfərin işinə noyabrın 10-da baxılacaq.

Xatırlatma

"Tərtər işi" üzrə illərdir davam edən etirazlardan sonra 2021-ci ilin dekabrında istintaq yenilənib. Ötən 10 ay ərzində gedən istintaq nəticəsində həmin hadisələr zamanı hərbçilərə işgəncə verməkdə suçlanan 12 nəfər həbs edilib. Onların arasında Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov da var. Daha bir nəfər axtarışa verilib. Dörd nəfər isə buna qədər də işgəncəyə görə həbsdə idi, cəza almışdı. Onlara yeni epizodlar üzrə ittiham elan olunub. Həmin şəxslərin ittihamlara münasibəti bəlli deyil.

İstintaq təzələnəndən sonra zərərçəkmişlərin sayı da artıb. Tərtər hadisələrində işgəncəyə məruz qaldığını deyən, lakin əvvəlki dövrdə şikayətçi olmayan, yaxud da şikayətçi olsa da, zərərçəkmiş qismində tanınmayan şəxslər də istintaqa cəlb edilib. Beləliklə, zərərçəkmiş statusunda tanınanların sayı 400-ü keçib.

"Tərtər işi" üzrə həbsdə olanlara gəlincə, 2017-ci ildə dövlətə xəyanət və başqa ittihamlarla həbs olunan, lakin son nəticədə hərbi sahəyə aid başqa ittihamlarla məhkum edilən şəxslərdən 26 nəfərin işinə baxılıb. Onlardan 19 nəfərə bəraət verilib, barələrindəki cinayət təqibi xitam olunub. Daha 7 nəfərə isə ittihamların bir qismi üzrə bəraət verilib. Bəzi epizodlar üzrə isə bəraətverici olmayan əsaslar olsa da, onların da haqqında cinayət təqibinə xitam verilib.

Dövlətə xəyanət və başqa ağır maddələrlə uzunmüddətli (20 ilə qədər) həbs cəzasına məhkum edilmiş şəxslərdən isə 19-nun işinin yenidən araşdırılması qərara alınıb. Bu şəxslər barəsində çıxarılmış hökmləri apellyasiya məhkəməsi və Ali Məhkəmə də qüvvədə saxlamışdı. Bu səbəbdən baş prokuror 19 nəfər haqqındakı məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edib. Plenum bu il sentyabrın 30-da apellyasiya məhkəməsi və Ali Məhkəmənin çıxardığı qərarları ləğv edib. Həmin şəxslərin işi yenidən araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılıb. Bu qurum isə noyabrın 2-də 19 nəfərin üç ayrı qrup şəklində (11+7+1) işinə baxıb və onlar haqqındakı hökmü ləğv edib. İş təkrar araşdırma üçün birinci instansiya məhkəməsinə göndərilib. Bu məhkəmədə də icraata xitam verilib və istintaqdakı pozuntular əsas gətirilməklə prokurorluğa qaytarılıb.

XS
SM
MD
LG