Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:36

Paşinyan yenə Əliyevi ittiham edir


Nikol Paşinyan
Nikol Paşinyan

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, baş nazir Nikol Paşinyan son günlər özünün Twitter mikrobloqunda vaxtaşırı diqqəti “sərhəddə yaranmış vəziyyətə və prezident İlham Əliyevin təhdidli bəyanatlarına” çəkir.

O bundan əvvəl Azərbaycanı Qarabağ ermənilərinin soyqırımına cəhd göstərməkdə ittiham etmişdi.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryansa bidlirib ki, Azərbaycan tərəfindən vaxtaşırı səsləndirilən təhdidlər, Ermənistanın atəşkəsin pozulmasında ittiham olunması vəziyyəti gərginləşirmək və hərbi hərəkətlərə başlamaq niyyətindən xəbər verir:

“Hazırkı anda Azərbaycanın Ermənistana qarşı hərbi təxribat həyata keçirməsinin təhlükəsi mövcuddur. Biz bu kontesktdə işimizi davam etdirir və imkanlarımızı gücləndirir, habelə belə bir eskalasiyanın baş verməməsi üçün beynəlxalq birliklə işləyirik”.

Tatoyan: 'Azərbaycan Cermuxun ətrafına yol çəkib'
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Beynəlxalq mexanizmlər kifayət deyil

Lakin Qriqoryanın fikrincə Azərbaycanın cilovlanması üçün təkcə beynəlxalq mexanizmlər kafi deyil.

Qriqoryan bildirib ki, 13 sentyabr hücumu zamanı Ermənistanın cavabı və işə beynəlxalq birliyin qarışması hücumun dayandırımasına imkan vermişdi:

“Beynəlxalq mexanizm təklikdə işləmir. Biz imkanlarımızı artırmalı, ordumuzu islah etməli və bu mənada Azərbaycanın Ermənistan və Dağlıq Qarabağa qarşı növbəti təxribatlarının önlənməsi üçün mexanizm komponentləri yaratmalıyıq”.

Ötən həftə Ermənistanın keçmiş ombudsmeni Arman Tatoyan rəhbərlik etdiyi fondun hesabatını açqılamışdı.

O demişdi ki, Azərbaycan Ermənistanın suveren ərazisini tərk etmək niyyətində deyil və üstəlik Azərbaycan silahlı qüvvələri Ermənistan ərazisində yollar və hətta bunkerlər tikir.

“Bu dəfə lap aydın deyim ki, siz bu sualı bir daha verməyəsiniz...”

Azatutyun yazır ki, Ermənistan Milli Məclisi müdafiə komissiyasının sədr müavini Armen Xaçatryan Tatoyanın dediklərini təkzib etməyib və bildirib ki, onun dediklərində təzə heç nə yoxdur:

“Bəli biz və siz hamınız bilirsiniz ki, bu belədir. Əlbəttə, Azərbaycan ordusu Ermənistanın suveren ərazisindədir. Bu ordu yatmır, fortifikasiya işləri görür, səngərlər qazır və sair”.

“Ermənistan silahlı qüvvələri yol və bunkerlərin tikintisinə niyə mane olmur” sualına cavab verən Xaçatryan belə cavab verib:

“Bu dəfə lap aydın şəkildə deməliyəm ki, siz bu sualı bir daha verməyəsiniz. İndiki situasiyada, bizim qüvvə balansımızla hərbi əməliyyatlara başlamaq? Biz əlbəttə, lokal uğur qazana bilərik, amma tammiqyaslı müharibə başlansa...düşünürəm ki, bu sualı vermək yersizdir”.

İqtidar deputatı “əgər Ermənistan yol və bunkerlərin tikintisinə mane olsa, tammiqyaslı müharibə başlana bilərmi” sualına da cavab verməli olub:

“Əlbəttə, bəli. Üstəlik də Azərbaycan hər şeyə əl atır, təxribat törədir ki, sülh prosesi pozulsun. İndiki halda tammiqyaslı hərbi əməliyyatların başlanmasının Ermənistan Respublikası üçün çox ağır nəticələri ola bilər”.

Blinkenlə telefon söhbəti

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, xüsusilə də noyabrın 7-də Vaşinqtonda xarici işlərinin nazirlərinin ikitərəfli və üçtərəfli görüşlərini müzakirə ediblər.

“Dövlət katibi Blinken ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, eləcə də Dağlıq Qarabağ probleminin tənzimlənməsinə dəstək verməyə hazır olduğunu bildirib”, – məlumatda deyilir.

O da qeyd olunur ki, Paşinyan ABŞ-ın, şəxsən Dövlət katibi Blinkenin səylərini yüksək qiymətləndirib.

“Tərəflər regionda təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsi, o cümlədən humanitar məsələlərin tənzimlənməsindən ötrü addımların müzakirəsini davam etdirməyə razılaşıblar”, – məlumatda vurğulanır.

+++

Ermənistanın Baş naziri Nikol Paşinyan Twitter-də Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda verdiyi bəyanatları şərh edib.

“Azərbaycan Prezidenti Əliyev noyabrın 8-də hərbi formada, hərbi auditoriya qarşısında təhdidedici və aqressiv çıxışında deyib ki, Sisian, Gorus, Qafan və Ermənistanın digər şəhərləri onların gözü qarşısındadır və Ermənistan bunun nə demək olduğunu anlayır. Bu, dinc əhalini həyasızcasına terrorizə etməkdir”, – Paşinyan yazıb.

Əliyev nə demişdi

Prezident Əliyev Qələbə günü Şuşada çıxışında sentyabrın ortalarında sərhəd toqquşmalarına toxunaraq deyib ki, həmin əməliyyatdan sonra Ermənistanla sərhəd istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Qüvvələri yerləşib və indi həmin yüksəkliklərdən Ermənistanın bəzi şəhərlərini gözlə görmək mümkün olub: "Biz Bala Göyçə gölünün sahilindəyik. Böyük Göyçə (Sevan) gölü də gözümüzün önündədir".

Sentyabrın 12-13-də sərhəd toqquşmalarında hər iki tərəfdən ümumilikdə 300-ə qədər hərbçinin həlak olduğu bildirildi. Tərəflər atəşkəsin pozulmasına görə bir-birlərini günahlandırırlar.

“54 öldürmə cəhdi”

Paşinyan noyabrın 14-də Twitter-də Azərbaycanı Qarabağdakı ermənilərə atəş açmaqda ittiham edib. O deyir ki, Azərbaycan Qarabağ ermənilərini “öz vətəndaşları” adlandırır, ancaq eyni zamanda onlar kənd təsərrüfatı işləri ilə məşğul olarkən onlara atəş açır.

“2020-ci il noyabrın 9-dan bəri Azərbaycan dinc sakinlərə qarşı 54 öldürmə cəhdi həyata keçirib. Nəticədə 3 dinc sakin öldürülüb, 16 nəfər yaralanıb. Azərbaycan ‘Dağlıq Qarabağ problemi həll olunub’ ritorikasını belə reallaşdırır?” – Paşinyan sual edib.

Prezident Əliyev 2-ci Qarabağ müharibəsindən sonra bu münaqişənin artıq tarixdə qaldığını, bölgədəki etnik ermənilərin Azərbaycan vətəndaşları olduğunu dəfələrlə vurğulayıb.

Qarşılıqlı ittihamlar

AzadlıqRadiosunun erməni xidməti şənbə günü axşam Pirlər (Xramort) kəndində 45 yaşlı bir sakinin həmkəndlilərə ilə tarlada işlərkən yaralandığını yazır. Regionda olan Rusiya sülhməramlılarının da Azərbaycan qüvvələrinin dinc sakinlərə atəş açmasını təsdiqlədiyi bildirilir.

Azərbaycan isə erməni qüvvələrin sərhəddə, eləcə də Qarabağda Xocavənd istiqamətindəki mövqeləri atəşə tutduğunu deyir. Qarabağdakı silahlı dəstələr isə bu məlumatı təkzib edib.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG