Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:45

Qazaxıstanda prezidentliyə namizədlər: biri at sağır, digəri nallayır


Almatıda seçki plakatı
Almatıda seçki plakatı

Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev noyabrın 20-də keçiriləcək seçkilərdə formal olaraq beş namizədlə mübarizə aparsa da, onları asanlıqla yenəcəyi gözlənilir. Bundan sonra o daha yeddi il ölkəni idarə edəcək.

Tokayevin özünün bu sınağı nə qədər ciddi qəbul etməsi ötən həftə namizədlərin yeganə teledebatına öz yerinə nümayəndəsini – parlamentin aşağı palatasının spikeri Yerlan Koşanovu göndərməsindən görünür.

Real rəqabətin olmaması və nəticələrin öncədən bilinməsi Qazaxıstanda prezident seçkiləri üçün yeni deyil. Tokayevin 82 yaşlı sələfi Nursultan Nazarbayevin dövründə də seçkilər belə keçirdi.

Ancaq ilin əvvəlindəki iğtişaşlardan sonra Tokayev keçmişlə əlaqənin kəsilməsinə çağırış edir. Müşahidəçilərə görə, bu, əvvəlki seçkilərlə oxşarlıqları daha da qabardır.

“Yeni Qazaxıstanda” köhnə dəbli seçki

"Tokayevin “yeni Qazaxıstanında” bu köhnə dəbli seçki görüntüsü özünü islahatçı kimi qələmə verməyə çalışan prezident üçün pisdir”, – Qazaxıstanda çalışan jurnalist, “Dark Shadows: Inside The Secret World Of Kazakhstan” (“Qara kölgələr: Qazaxıstanın gizli dünyasının içində”) adlı kitabın müəllifi Coanna Lillis deyir.

"Bu onun bəyan etdiyi demokratikləşməyə sədaqətini sübuta yetirməyə fürsət idi. Ancaq əvəzində o, Nazarbayev kimi, seçkini “mikroidarə” etməyi seçdi”, – Lillis AzadlıqRadiosuna deyib.

Tokayev sentyabrda erkən seçki elan edəndə bunun üçün bir neçə səbəbi vardı.

Birincisi, “Qanlı yanvar” adlandırılan Yeni İl iğtişaşlarında 238 nəfər öldürülmüşdü. Yanacaq qiymətlərinin artmasına qarşı dinc etiraz nümayişləri bütün ölkəni bürüyən geniş etiraz dalğasına çevrilmişdi.

Vədlər

Baş verənlərdən öncə Tokayev əsasən Nazarbayevin məhdudlaşdırıcı təsiri altında olan prezident kimi görülürdü. Bu da təsadüfi deyil. Çünki Tokayevi Nazarbayevin özü seçib.

Ancaq Nazarbayev və ailə üzvləri bu böhranda güclü mövqelərinin bir hissəsini itirdilər. Elita daxilində parçalanma baş verdi. Nazarbayevin qardaşı oğullarından biri mənimsəmə ittihamı ilə altı illik həbs cəzasına məhkum edildi.

İğtişaşlardan sonra Tokayev ciddi islahat aparacağına, keçmişlə əlaqəni kəsəcəyinə və “oliqarxiya kapitalizminə” son qoyacağına söz verdi.

İyunda keçirilən referendumla Nazarbayev konstitusiyaya daxil edilmiş imtiyazlarından məhrum edildi.

Ermənistanla həmsərhəd Astaf kəndinin bərbad durumu
Gözlə

No media source currently available

0:00 0:04:03 0:00

Ukraynaya hücumdan sonra...

Fevralın sonunda Rusiya Ukraynaya hücum etdi. Dənizə çıxışı olmayan Qazaxıstanın ən yaxın ticarət tərəfdaşlarından biri olan Rusiya Qərbin sanksiyaları nəticəsində çətin duruma düşdü. Yanvar iğtişaşlarına yol açan sosial-iqtisadi problemlər daha da dərinləşdi.

Bu azmış kimi rusiyalı siyasətçilər və Kremlə yaxın ictimai fiqurlar Astananı müharibə ilə bağlı neytral mövqeyə görə tənqid etmək üçün növbəyə düzüldülər. Aralarında Qazaxıstanı Ukraynaya edilən hücuma bənzər müdaxilə ilə hədələyənlər də oldu.

Qazaxıstanın Avropaya ixracatının yarısını nəql edən əsas boru kəməri tez-tez bağlanmağa başladı. Rusiya rəsmiləri buna texniki və ekoloji bəhanələr gətirdilər.

“Ən böyük təhlükə”

Qazaxıstan siyasəti üzrə ekspert, siyasi təhlilçi Dosım Satpayev deyir ki, bu cür xarici təzyiqin fonunda "hökumət bir-iki il öncəni proqnozlaşdıra bilməyəcəyindən narahatdır”. O artmaqda olan inflyasiyanı ölkə üçün “ən böyük təhlükə” adlandırır.

Tokayevin əsl dəyişiklik etmək niyyətinə şübhəylə yanaşan Satpayev deyir ki, bütün bunlar erkən seçki qərarının səbəbləri arasında olsa da, “qorxu pis motivasiyadır”.

Rejimin narahatlığını ən çox seçkilərdə iştirak edən digər namizədlərin kimliyi büruzə verir. Seçkilərdə namizəd olan iki qadın və üç kişinin heç birinin müxalifətlə əlaqəsi yoxdur. Onların heç biri beş il və ya daha çox hökumətdə işləməyib.

Nəticədə bu seçkilər Tokayevin 2019-cu ildə qazandığı seçkilərdən daha az rəqabətlilik təsiri bağışlayır. 2019-cu ildə Nazarbayevin hakimiyyətdən getməsindən cəmi bir neçə ay sonra seçki keçirilmiş və o, yaxın müttəfiqini (Tokayevi) hakimiyyətə gətirmişdi.

Amirjan Qosanov

Ancaq o zaman hakimiyyət qeyri-adi addım ataraq hökumətə qarşı çıxmış bir siyasətçini namizəd kimi qeydiyyatdan keçirmişdi. Daha öncə məmur olmuş Amirjan Qosanov hökuməti tənqid edirdi.

Di gəl, seçkiyə legitimlik donu geydirməyi hədəfləyən bu hərəkət əks effekt verdi. Qosanov həvəssiz kampaniya aparır, pərdə arxasındakı sövdələşmə ilə bağlı ittihamlar artırdı.

Qosanov tezliklə mübarizədən çəkilsə də, müstəqil müşahidəçilərin səyləri nəticəsində qeydə alınan pozuntu halları etirazları daha da gücləndirdi. Polis etirazları çətinliklə yatırdı.

Bu dəfə isə Qosanov öncə yarışacağını desə də, bir neçə həftə sonra mübarizədən çəkildi və bunun qan tökülməsinin qarşısını almaq üçün vacib olduğunu iddia etdi.

"İnsanlar yorulublar. Dolanmaq çətinləşib”, – Qosanov nege.kz saytında məqaləsində yazdı. Məqalədə o, Tokayevin “yerinə yetirilməyən yaxşı təşəbbüsləri” olduğunu da qeyd etdi.

Prezidenti tərifləyən və digər namizədlər

Tokayevin nominal rəqiblərindən keçmiş məmur Saltanat Tursınbekova seçki kampaniyasında atılmış heyvanların hüquqlarının müdafiəsini önə çəkdi. Hökumətyönlü mediada məişət zorakılığına qarşı mübariz kimi tanıdılan keçmiş məmur seçki mübarizəsinin ortasında Tokayevin gender siyasətini təriflədi.

Karakat Abden adlı digər qadın namizədsə seçki bülletenində “Sən qazax qızısan, fəxr et” adlı kitabın müəllifi kimi təqdim edilib. Dövlət mediası onu at sağaraq özünün kənd həyatı bacarıqlarından danışarkən göstərib.

Hökumətyönlü Auyl Xalq Demokratik Partiyasının namizədi Jiquli Dairabayev də ondan geri qalmamaq üçün kamera qarşısında atın ayağında nal ölçüb.

Namizədlərdən yalnız biri özünü müxalif adlandırır. Nurlan Auesbayev adlı bu namizədin korrupsiya və oliqarxiyanı çox da sərt olmayan tənqidi Tokayevin öz tənqidi ifadələrinin təkrarı kimi səslənir. Auesbayev Tokayevin özünü tənqid etməyə cəhd göstərməyib.

XS
SM
MD
LG