Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:32

Rusiya və Ukrayna hərbi cinayət iddialarına necə reaksiya verib


Bet Van Şaak
Bet Van Şaak

ABŞ-ın Qlobal Kriminal Ədalət üzrə səfiri Bet Van Şaak (Beth Van Schaack) Ukrayna əsgərlərinin rusiyalı hərbçiləri güllələməsinə dair Moskvanın iddialarını şərh edib. O, Moskva və Kiyevin bu ittihamlara reaksiyasının kəskin fərqləndiyini qeyd edib.

“Bunu çox yaxından izləyirik. Vurğulamaq vacibdir ki, müharibə qanunları hər iki tərəfə bərabər tətbiq olunur, həm təcavüzkar, həm də müdafiə olunan tərəfə”, – Van Şaak noyabrın 21-də jurnalistlərlə telefon müsahibəsində deyib.

“Propaqanda, dezinformasiya”

“Eyni zamanda belə iddialara reaksiyada həqiqətən böyük fərq görürük. Rusiya propaqanda, yanlış məlumat, dezinformasiya ilə reaksiya verir. Ukrayna hakimiyyəti isə ümumilikdə pozuntuları etiraf edərək onları pisləyib, təhqiqat vəd edib”, – səfir vurğulayıb.

Diplomat Ukraynanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə davam etməyə çağırıb. O əlavə edib ki, Ukraynada Rusiya qüvvələrinə qarşı hərbi cinayət ittihamlarının miqyası və sayı “Ukrayna qüvvələrinə qarşı iddialarla müqayisədə nəhəngdir”.

Van Şaak onu da deyib ki, “Rusiya qüvvələrinin yerləşdirildiyi hər bir vilayətdə Rusiyanın təcavüzünün sistematik hərbi cinayətlərlə müşayiət olunmasına dəlil artır”.

O, “dinc əhali və mülki infrastruktur elementlərinə məqsədli, fərq qoymadan və qeyri-adekvat hücumları”, eləcə də “dinc sakinlər və hərbi əsirlər saxlanarkən yol verilən pozuntuları, bu cinayətləri ört-basdır etmək cəhdlərini” misal çəkib.

Rusiya səfirliyinin bəyanatı

Rusiya səfirliyi bəyanatında Birləşmiş Ştatların “ukraynalı banditlərin azğınlığını ört-basdır etməsinin Ukraynadakı neonasistlərin özbaşınalığı və cəzasızlığına yol açdığını” bildirib. Bəyanatı TASS agentliyi noyabrın 22-də yayıb.

Rusiyanın Müdafiə Nazirliyi noyabrın 18-də yaydığı video görüntülərdə Ukrayna qüvvələrinin yerdə uzanıb təslim olan rusiyalı əsgərləri öldürməsinin əks olunduğu bildirilir. Ukraynanın ombudsmanı Dmitro Lubinetsin sözlərinə görə, rusiyalı əsgərlər özlərini təslim olan kimi göstəriblər, onların yoldaşları ukraynalılara birinci atəş açıb.

Lubinets insidentin araşdırılacağını vəd edib. Hadisənin noyabrın 12-də Luqanskın Makiyevka kəndində baş verdiyi qeyd edilir.

XS
SM
MD
LG