Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:32

Ehtiyac olmadan alınan borcdan kim qazanır?


Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Azərbaycan dövləti öz prezidentinin ailəsinə belə borclanır

Hesablama Palatasının gələn ilin dövlət büdcəsi layihəsi barədə rəyində bir çox irad əksini tapıb. Məsələn, Palatanın fikrincə, Maliyyə Nazirliyi ehtiyac olmadan borclanmaya gedib.

Sözügedən rəydə qeyd olunur ki, bu ilin ilk səkkiz ayının nəticələrinə görə, dövlət büdcəsi 20 milyard 185 milyon manat gəlir əldə edib. Həmin müddət ərzində büdcənin xərcləri 18 milyard 152 milyon manat olub. Deməli, ilk səkkiz ayda dövlət büdcəsinin gəlirləri onun xərclərini 2 milyard manat qabaqlayıb. Buna baxmayaraq, Maliyyə Nazirliyi il ərzində kəsirin maliyyələşdirilməsi mənbələri üzrə 576 milyon manat vəsait cəlb edib. Daxili borclanma hesabına cəlb edilən 380 milyon manat vəsait büdcənin qalığına yönəldilib. Bu qəribəliyi nəzərə alaraq, Hesablama Palatası bildirir ki, dövlət büdcəsi profisitlə icra edildiyi halda borclanmaya gedilib. Nəticədə həmin vəsait əlavə faiz xərcləri yaradıb və eyni zamanda borc öhdəliklərinin yeni borclanma ilə ödənilməsi zamanı faiz dərəcələrinin artması ehtimalını şərtləndirib.

Maliyyə Nazirliyinin rəsmiləri büdcənin parlamentdə müzakirəsi zamanı bu tənqidlərlə razılaşmadıqlarını bildirdi. Nazirlik ehtiyac olmadan borc vəsaiti əldə edilməsini ölkədə qiymətli kağızlar bazarına dəstəklə əlaqələndirir. Bu halda sual doğur: Maliyyə Nazirliyinin ehtiyac olmadığı halda borclanaraq dəstək olmağa çalışdığı qiymətli kağızlar bazarında əsas oyunçular kimlərdir?

Borcların yarısı bir şirkətə məxsusdur

Son illər ərzində Azərbaycan hökumətinin dövlət borcu ilə bağlı gerçəkləşdirdiyi siyasətin əsas məqsədi xarici borclanmanı ÜDM-in 10 faizinə endirməkdir. Bu üzdən, son dövrlər Azərbaycanın xarici dövlət borcunun ÜDM-dəki payı azalmaqdadır. Ancaq bu azalma toplam borcların azalmasından qaynaqlanmır. Son illərdə hökumət daha çox daxili mənbələr hesabına borclanır. Bu səbəbdən, xarici borcun həcmi azalsa da, daxili borc həcmi artdığından toplam borc məbləğində nisbi çoxalma gözə çarpır.

Azərbaycanda hökumətin daxili borcları hansı şirkətlərdən əldə etməsi ictimaiyyətə açıqlanmır. Ancaq Hesablama Palatasının rəyləri və bank bazarının təhlili bu borclanmanın hansı biznes şəbəkəsindən təmin edildiyini ortaya çıxarır. Belə ki, Hesablama Palatasının ötən il yayımladığı hesabatda bildirilirdi ki, Azərbaycanda daxili borcların təxminən yarısı bir şirkətə məxsusdur. Qurum bu asılılığı risk amili kimi qiymətləndirirdi. Hesablama Palatasının sonuncu rəyində də ölkənin qiymətli kağızlar bazarında investor şəbəkəsinin məhdud inkişafına diqqət çəkilir.

Azərbaycan bank bazarının təhlili üzə çıxarır ki, Hesablama Palatasının rəyində daxili borclanmanın yarısının həyata keçirildiyinin bildirildiyi holdinq məhz "Paşa Holdinq"dir. Bu ilin ilk altı ayının nəticələrinə görə, Azərbaycanda fəaliyyət göstərən banklar qiymətli kağızlara yatırımlarından toplam 129 milyon 344 min manat gəlir götürüb. Qiymətli kağızlardan əldə edilən mənfəətin həcminə görə ilk iki yeri "Kapital Bank" və "Paşa Bank" tutur. Bu iki bankın ilk yarımildə qiymətli kağızlardan gəlirləri 74 milyon manat olub. Bu, bazardakı toplam gəlirin 57 faizinin həmin iki banka çatması deməkdir. Adıçəkilən banklarla bağlı ortaq məqam təkcə qiymətli kağızlardan çox gəlir götürmələri deyil. Nəzərə almaq lazımdır ki, istər "Kapital Bank", istərsə "Paşa Bank" elə "Paşa Holdinq"ə daxil şirkətlərdir. Məhz bu rəqəmlər Hesablama Palatasının rəyində daxili borcların yarısının mənbəyi kimi göstərilən biznes şəbəkəsinin "Paşa Holdinq" olduğunu təsdiqləyir. Xatırlatmağa dəyər ki, bu holdinqin səhmdarları, rəsmi olaraq, prezidentin ailə üzvləridir.

Qiymətli kağızlardan əldə edilən gəlirlərə görə üçüncü yerdə Azərbaycan Beynəlxalq Bankı qərarlaşır. Bu dövlət bankı ilin ilk yarısında qiymətli kağızlardan sektorun toplam gəlirinin 25.4 faizini - 33 milyon manata yaxın gəlir götürüb. Qiymətli kağızlardan əldə edilən gəlirin həcminə görə dördüncü pillədə "Xalq Bank" qərarlaşıb. Maraqlıdır ki, bu bankın da səhmdarları arasında prezidentin ailə üzvləri var. Bu baxımdan, rəsmi rəqəmlərdən aydın olur ki, ölkə banklarının qiymətli kağızlardan əldə etdiyi gəlirin 90 faizə yaxını təkcə "Paşa Holdinq"ə və dövlətə məxsus banklara çatır. Digər bankların bu gəlirdəki payı isə toplam 10 faizdir.

Qiymətli kağızlar bazarı 26 faiz daralıb

Maliyyə Nazirliyi daxili borclanmaya getsə də, bu il Azərbaycanda qiymətli kağızlar bazarı kiçilib. Yanvar-sentyabr aylarında ölkənin qiymətli kağızlar bazarında 9 milyard 434 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25.7 faiz aşağı göstəricidir. Hesabat dövründə qiymətli kağızlar bazarında 6 min 596 əqd bağlanılıb. Bu, illik müqayisədə 26.1 faiz aşağı göstəricidir.

Yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 52 faizi dövlət qiymətli kağızlarının, 11.1 faizi korporativ qiymətli kağızlarının, 36.9 faizi isə repo əməliyyatlarının payına düşüb. Bu, öncəki illə müqayisədə, uyğun olaraq, 20.9 faiz, 3.5 faiz və 35.6 faiz azalma deməkdir.

XS
SM
MD
LG