Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:36

Rusiyada məhbusların orduya cəlbi. Qaynar radiatorlara bağlayıblar


Donetsk vilayətində Ukrayna hərbçiləri
Donetsk vilayətində Ukrayna hərbçiləri

Rusiyanın daş kömür mədənləri ilə tanınan Kemerovo vilayətindəki 29 saylı islah-əmək koloniyasından bir məhbus AzadAvropa/AzadlıqRadiosunun “Sibir. Realii” (sibreal.org) xidmətinə telefonla 200 nəfərədək məhbusun orduya yazılmaqda maraqlı olduğunu bildirib. Həbsxana əməkdaşları tərəfindən cəzalanacağından ehtiyat etdiyindən adının çəkilməsini istəməyən həmin şəxs hətta bunu sübut edən video da çəkib.

“Cəhənnəmin ən yaxşısı”

Ancaq o bildirib ki, oktyabrın sonuna doğru, “Vaqner” hərbi şirkətindən adamların gəlməsindən sonra məhbusların muzdlu döyüşçü kimi müharibəyə getmək istəyi sönüb:

"Oktyabrın 26-da onlar bütün kommunikasiya xətlərini kəsdilər. Vaqnerçilər gələndə həmişə belə edirlər. …Sonra da “Vaqner” haqda filmlər göstərməyə başladılar. Birinin adı “Cəhənnəmin ən yaxşısı” idi”.

Rusiyanın Ukraynada apardığı müharibənin yeni və qeyri-müəyyən mərhələyə qədəm qoyduğu vaxtda ölkə rəhbərliyi orduya yeni canlı qüvvə cəlb etmək üçün həbsxana sisteminə üz tutub.

Rusiyanın müharibənin əvvəlindən bəri verdiyi itkilərin dəqiq sayı məlum deyil. Qərb rəsmiləri 80 min – 90 min Rusiya əsgərinin öldüyünü və ya yaralandığını deyirlər.

Qeyri-ənənəvi üsullar

Hökumət səfərbərlikdən əlavə əsgərlərin sayını artırmaq üçün qeyri-ənənəvi üsullara da əl atır. Yaş və fiziki göstəricilərlə bağlı tələblər yumşaldılır və açıq-aşkar şəkildə orduya könüllülər cəlb olunur.

Ən azı iyuldan bəri Federal Penitensiar Xidmətin nəzarətində olan 470 minədək məhbusun bir qisminin orduya cəlb edilməsinə başlanılıb.

Bu səylərin başında isə Kremllə sıx bağları olan biznesmen Yevgeniy Priqojinin “Vaqner Group” hərbi şirkəti durur. Bu şirkətin muzdlu döyüşçüləri Suriya, Liviya və Mərkəzi Afrika Respublikasında (MAR) hərbi cinayətlər törətməklə tanınır.

Yay aylarından bəri Rusiyadan məhbusların döyüşə göndərilməsi ilə bağlı çox sayda xəbərlər yayılıb. Onların arasında ölüm sayının təlim görmüş muzdlulara nisbətən daha çox olduğu bildirilir.

Kişi məhbusların sayı 23 min azalıb

Daha öncə “The Insider” saytı sentyabr və oktyabrda “Vaqner” rəhbərlərinin Ukraynadakı döyüşlərdə ölən və yaralanan məhbusların ailələrinə göndərdiyi ölüm bildirişlərini nəzərdən keçirib. Sayt 500-dən çox məhbusun öldürüldüyünü aşkar edib.

Həbs və ədliyyə sahələri üzrə ixtisaslaşan “Mediazona” xəbər saytının məlumatına görəsə, həmin iki ay ərzində ölkədəki kişi məhbusların ümumi sayı 23 min nəfər azalıb. Sayt bu qədər böyük düşüşün yaxın tarixdə görünməmiş hadisə olduğunu bildirib və bunu məhbusların “Vaqner” sıralarına cəlbiylə əlaqələndirib.

Məhbus haqları ilə məşğul olan “Rusiya barmaqlıqlar arxasında” təşkilatının rəhbəri, ictimai fəal Olqa Romanovanın hesablamalarına görə, 50 minədək məhbus Ukraynada döyüşlərə cəlb edilmiş ola bilər.

Elitayla müqayisə

Romanova və həbsxana mənbələri bildirirlər ki, təkcə noyabrdan bəri “Vaqner”çilər Sibir və Uzaq Şərqin azı altı regionunda həbsxanalara gediblər. Bir neçə yüz məhbus döyüşməyə razılıq verib. Bunlar əsasən xüsusi rejimli həbsxanalarda saxlanan və cəza müddəti çox uzun olan məhbuslardır.

“Vaqner” şirkəti bu ay yaydığı bəyanatda Prigojindən sitat gətirib. Priqojin məhbusları ölkə elitası ilə müqayisə edir.

"Hesab edirəm ki, məhbuslar ən yüksək səviyyəli, Rusiya elitasından daha yüksək vicdana sahibdirlər. Çünki məhbuslar həyatın hansısa məqamında bəxti gətirməmiş adi adamlardır. Buna görə də onlar bu qədər kütləvi şəkildə könüllü olmağa razılıq veriblər", – Müdafiə Nazirliyini sərt tənqid edən Priqojin noyabrın 11-də deyib.

Amnistiya və 100 min rubl

Kemerovodakı 29 saylı islah-əmək koloniyasında 100-dək məhbusun vaqnerçilərin təklifini qəbul etdiyi bildirilir.

“Sibir. Realii”yə danışan məhbus bildirib ki, döyüşə getməyə razılıq verən məhbuslara törətdikləri cinayətlərə görə tam amnistiya və 100 min rubl (1640 dollar) aylıq maaş vəd edilib. Bu isə Sibirin depressiv mədən və sənaye regionu olan Kemerovo üçün orta maaşdan yaxşıdır.

Məhbus olmayan əsgərlər üçün fiziki tələblərin yumşaldılmasına gəlincə, “Vaqner” yaşı 50-dən yuxarı olan, habelə HIV və hepatit virusları daşıyıcıları olan könüllüləri də qəbul edir.

“Elə möhkəm döyülüblər ki, heç yeriyə bilmirlər”

“Vaqner” həbsxanalarda səfərbərliyi əsasən gizli gerçəkləşdirir. Buna görə də məhbusların yaxınları həbsdə olan ərlərinin və oğullarının nəyə imza atdıqlarını bilməyəcəklərindən narahatdırlar.

Kemerovoda yerləşən başqa bir həbsxanada – 37 saylı islah-əmək düşərgəsində məhbusların saatlarla qaynar radiatorlara bağlandığı bildirilir. Bu yolla onları muzdlu şirkətinə yazılmağa məcbur etmək istəyiblər. Bəzi məhbus yaxınlarının verdiyi məlumatlara görə, noyabrın ortalarından bəri 100-dən çox məhbus müəssisəni tərk edib. Onların döyüşlərdən öncə təlimə göndərildiyi güman olunur.

"İmtina edənlər indi həbsxanaya qaytarılıb və elə möhkəm döyülüblər ki, heç yeriyə bilmirlər. Bizim onları görməyimizə icazə vermirlər. Heç onlarla danışmağımıza da imkan vermirlər”, – bir məhbusun həyat yoldaşı deyir.

“Dörd ili qalmışdı”

Anna adlı başqa bir qadın da 37 saylı koloniyada olan əri Artyomla əlaqəni itirəndən sonra həbsxana rəhbərliyinə məktublar yazaraq suallarına cavab istəyib.

"Sonra tanımadığım nömrədən bir kişi zəng vurub ərimin kamera yoldaşı olduğunu dedi. O dedi ki, guya Artyoma onu müharibəyə göndərmək üçün müqavilə imzalatdırıblar. Onlar onu hərbi təyyarə ilə aparıblar. Dedi ki, onlar Artyoma elektroşok tapançası və su ilə işgəncə veriblər. Bilirəm ki, ərim heç vaxt belə şeyə könüllü getməzdi. Onun dörd ili qalmışdı. Bu necə müharibədir axı?”, – o deyir.

Sibirin Krasnoyarsk şəhərindən Svetlananın 5 saylı islah-əmək koloniyasında olan 38 yaşlı oğlu da Ukraynaya göndərilib. Qadın çox qəzəblidir: "Onlar hansı əsasla səfərbərlik əməkdaşlarını həbsxananın içinə buraxıblar? Özü də hansı qanuna əsasən məhbusları buraxıblar? Qanunda heç bir yerdə belə bir şey yazılmayıb. Niyə mənə xəbər verilməyib?”

XS
SM
MD
LG