Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:46

Çin etirazları ‘Kommunist Partiyası üçün dönüş nöqtəsidir’


Etirazçılar
Etirazçılar

Üç ilə yaxın davam edən sərt COVID tədbirlərindən sonra Çin lideri Si Cinpinq böyük sınaqla üz-üzədir. On minlərlə insan hökumətin qeyd-şərtsiz nəzarət və söz azadlığına təzyiq siyasətinə etiraz üçün küçələrə çıxıb.

Noyabrın 25-də başlayan nümayişlər Çinin azı 16 bölgəsinə, o cümlədən paytaxt Pekin və maliyyə mərkəzi Şanxaya yayılıb.

Çində etirazlar bir neçə şəhərə yayılıb
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

Şüarlar

İnsanlar Kommunist Partiyasının qadağalarla dolu "sıfır COVID" siyasətinə etiraz edirlər. Bu siyasət nəticəsində milyonlarla insan evlərində və ya karantin mərkəzlərində dustaq qalıb, yaxud da səyahət etmək hüquqları əllərindən alınıb. İnsanlar bitməz-tükənməz test, lokdaun və nəzarət girdabında ilişib qalıblar.

Ancaq bu vətəndaş itaətsizliyi dalğası eyni zamanda ölkə rəhbərliyinin illərlə davam edən sosial-iqtisadi siyasətindən məyusluğunu da əks etdirir. Dünyanın qalan hissəsinin pandemiya qadağalarından çıxdığı zamanda vətəndaşlar dövlətin siyasətini getdikcə daha çətin anlayırlar.

Yayılan videolarda Şanxayda etirazçıların "Si Cinpinq! Vəzifədən get! CCP (Çin Kommunist Partiyası)! Get!" dediyi eşidilir. Bəzi başqa videolarda etirazçılar daha çox demokratik azadlıqlar və ifadə azadlığı tələb edirlər.

"Bu, Kommunist Partiyası üçün dönüş nöqtəsidir”, – “Natixis” investisiya bankının Asiya-Sakit okean hövzəsi üzrə baş iqtisadçısı Alisia Qarsia-Herrero AzadlıqRadiosuna deyib.

Əyilmə nöqtəsi

İnsanların bu açıq çağırışı Çin üçün ciddi əyilmə nöqtəsidir.

Bu təkcə xalqın ölkəni idarə edənlərə qarşı artan qəzəbini göstərmir, həm də COVID hallarının artdığı və daha yoluxucu variantların mövcud olduğu dövrdə baş verir. Bəs görəsən, Si buna necə cavab verəcək?

COVID qadağalarının doğurduğu qəzəb artıq aylardır ki, artmaqdadır. Ancaq Sintszyan regionunun paytaxtı Urumçidə çoxmərtəbəli binada yanğında 3-ü uşaq olmaqla 10 nəfərin həyatını itirməsi insanların səbr kasasını daşırıb.

Sakinlər yanğınsöndürənlərin binaya yaxınlaşa bilməməsininə görə lokdaun tədbirlərini günahlandırırlar.

Rəsmilərin mövqeyi

Noyabrın 25-də rəsmilər bu ölümlərdə COVID qadağalarının rolunu danıblar və üstəlik, “Özünüxilas qabiliyyəti çox aşağı olub” deməklə yerli sakinləri günahlandırıblar. Bu cavab Çin sosial media platformalarında qəzəbi daha da qızışdırıb və Urumçidə etirazlar baş qaldırıb.

Sentyabrda isə Quijouda insanları karantin mərkəzinə daşıyan bir avtobus qəzaya uğrayıb və 27 nəfər həyatını itirib. Bunun ardınca Jenjouda “Apple” “iPhone” zavodunda minlərlə işçi ilə iğtişaş polisi arasındakı toqquşmalar hələ də davam edir. Bu etirazlarda işçilər barrikadaları sökərək “boğucu” qaydaların aradan qaldırılmasını tələb ediblər.

Çin rəsmiləri “sıfır COVID” strategiyasını dəstəkləməkdə israrlıdırlar.

Çin vaksinasiya kampaniyası aparsa da, insanlara Çində istehsal olunan vaksin vurulub. Bu vaksin Omikron kimi daha sürətlə yoluxan variantlara qarşı yetərincə güclü deyil. Rəsmilər də qadağaların yumşaldılması nəticəsində səhiyyə sisteminin yüklənə biləcəyindən ehtiyatlanırlar. Bu yanaşma nəticəsində ölkənin 1,4 milyardlıq əhalisinin təbii immuniteti də aşağı düşüb.

Tələbə etirazları

Mövcud etirazlarda bəzi universitet kampusları əsas etiraz nöqtələri rolunu oynayır.

Sian İncəsənət Akademiyasında toplaşan xalq Urumçidə ölənləri yad etmək üçün telefonlarını yuxarı qaldırıb. Bəzi universitetlərin saytları isə tələbələrin gül, etirazların simvolu olan ağ kağız tutduqları fotoları dərc edib.

Çində etirazlar nadir hadisə deyil. Zaman-zaman ölkənin müxtəlif yerlərində bank sektoru, yerli korrupsiya və işçi hüquqları ilə bağlı etirazlar baş qaldırır. Ancaq ekspertlər deyirlər ki, hazırkı etirazların miqyası və yayılma dərəcəsi çox fərqlidir.

"Bu etirazların kökündə hansısa lokal hadisə deyil, mərkəzi hökumət və Si Cinpinqin COVID siyasətindən birbaşa narazılıq dayanır. Etirazların spontan şəkildə əsas şəhərlərə yayılması Partiya üçün açıq-aydın sınaqdır”, – Almaniyada fəaliyyət göstərən Corc Marşall Avropa Təhlükəsizlik Elmləri Mərkəzinin Çin üzrə eksperti Sari Arho Havren deyir.

Çinlilər nə istəyir

2019-cu ildə Honq Konqda başlayan, demokratiyanı dəstəkləyən etirazlar indiki etirazlardan böyük olsa da, hazırkı etirazlar Çinin əsas (materik) hissəsində 1989-cu ildən bəri görülən ən iri etirazlardır. 1989-cu ildə demokratik tələblərlə başlayan etirazlar bütün ölkəni bürümüş və Pekinin Tyananmen meydanı ətrafında qanlı toqquşma və qırğınla sona çatmışdı.

"Çində insanların çoxunda Qərb tərzi demokratiya haqda ideallaşdırılmış təsəvvür yoxdur. Ancaq onlar insanyönlü siyasət vədlərinə əməl edən hökumət istəyirlər. Hazırda isə bu yoxdur", – London Kral Kollecinin Lau Çin İnstitutunun direktoru Kerri Braun deyir.

Hər kəs hökumətin xalqın qəzəbini necə yatıracağını görmək istəyir. Sərt COVID siyasətinin yumşaldılıb-yumşaldılmayacağı da hamıya maraqlıdır.

"Əgər etirazlar özü-özünə yatmasa, əksinə, daha da yayılsa, buna cavab olaraq ağır repressiya gözləyə bilərik”, – Havren söyləyir.

Hökumətin atdığı addımlar

Hökumətin nəzarətində olan “People's Daily” qəzeti noyabrın 27-də mövcud COVID qaydalarına “sarsılmaz sədaqət” çağırışı edib. Eyni gündə Urumçidə hökumət nümayəndələri lokdaun tədbirlərinin tədricən aradan qaldırılması yönündə ictimai nəqliyyatın işinin qismən bərpa ediləcəyini bildirib.

Şanxayda polis insanların ölənləri yad etmək üçün toplaşdığı yerə hücum edərək etirazçılarla toqquşub və bir neçə nəfəri həbs edib. Noyabrın 28-nə keçən gecə Şanxay hökumətinin etirazların baş verdiyi yollarda hündür baryerlər quraşdırdığı görülüb.

Bəzi nümayişlər dinc yolla dağıdılıb. Bəzilərini isə iğtişaş polisi və digər polis qrupları dağıdıb və etirazçıları maşınlara doldurub.

Çinin bəzi yerlərində isə rəsmilər etirazlar barədə danışmamağa, bəzilərində isə onların mövcudluğunu danmağa üstünlük verirlər.

XS
SM
MD
LG