Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:54

Paşinyan Rikerlə Bakı-Xankəndi danışıqlarını müzakirə etdiyini bildirib


Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 1-də Yerevanda ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib
Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 1-də Yerevanda ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 1-də Yerevanda ABŞ dövlət katibinin Qafqazda danışıqlar üzrə müşaviri Filip Rikeri qəbul edib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun baş nazirin mətbuat xidmətinə istinadla yazır ki, Paşinyan görüş zamanı Amerika diplomatına Yerevanın "ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyətini yüksək qiymətləndirdiyini" bildirib.

Bu da qeyd olunur ki, Paşinyan və Riker bu görüş zamanı “Qarabağ problemi ilə bağlı məsələləri və Xankəndi ilə Bakı arasında danışıqlar mexanizminin yaradılması” məsələsini müzakirə ediblər.

Xəbərdə deyilir ki, danışıqlar zamanı Azərbaycan-Ermənistan münasibətləri, regional stabillik və başqa məsələlər müzakirə olunub.

Bakının mövqeyi

Azərbaycan tərəfi Ermənistan baş nazirinin ofisindən verilən bu məlumatla bağlı hələki münasibətini bildirməyib.

Azərbaycan prezidenti İlham Əliyev bundan əvvəl verdiyi bəyanatlarda Qarabağ probleminin artıq mövcud olmadığını, ATƏT-in vasitəçiliyinə ehtiyac qalmadığını bildirib.

Praqada dördtərəfli danışıqlardan əvvəl Azərbaycan prezidenti Nikol Paşinyanın Azərbaycan və Qarabağ arasında birbaşa danışıqlar təklifinə dair müxbir sualına belə cavab vermişdi:

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Onlarla ünsiyyət bizim daxili işimizdir və biz bunu üçüncü bir tərəflə müzakirə etmək niyyətində deyilik”.

Azərbaycan prezidenti noyabrın 28-də habelə Filip Rikeri qəbul etmişdi.

Riker bu görüş zamanı vurğulamışdı ki, hazırda hər iki ölkə tərəfindən real, cəsarətli addımları müşahidə edir:

"Birləşmiş Ştatlar Ermənistanla Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub, sülh daha yaxşı və parlaq gələcək vəd edir".

O vaxt AZƏRTAC bildirirdi ki, Əliyev-Riker görüşündə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların aparılması ilə bağlı xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçirilmiş görüş ətrafında fikir mübadiləsi aparılıb.

Rikerin özü mandata ehtiyac qalmadığını demişdi

Erməni tərəfinin əsas etibarilə “Minsk qrupunun amerikalı həmsədri” kimi təqdim etdiyi Filip Rikerin özü də ötən ay bu məsələyə toxunmuşdu. O ATƏT-in Minsk qrupunun mandatı barədə demişdi:

"Məncə iş o həddə çatıb ki, biz bu mandata konsensusla son qoya bilərik".

Eyni fikirləri dekabrın 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da səsləndirib. O ATƏT-in Minsk qrupunun faktiki olaraq mövcud olmadığını deyib.

Qarabağın statusu məsələsinə gəlincə isə Lavrov bildirib ki, Almatı bəyannaməsini və Praqada keçirilən dördtərəfli razılaşmanın müddəalarını qəbul etməklə Ermənistan tərəfi Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını “qeyd-şərtsiz” qəbul edib.

Azərbaycan da hazırda ATƏT-in Minsk qrupunun vasitəçiliyinin əleyhinədir. Amma Ermənistan, habelə Qarabağ separatçıları əksinə, danışıqların beynəlxalq vasitəçi ilə aparılmasını istədiklərini bəyan edib.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG