Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:35

Podolyak: Müharibədə 13 minədək ukraynalı hərbçi öldürülüb


Baxmut şəhəri yaxınlığında Ukrayna hərbçiləri
Baxmut şəhəri yaxınlığında Ukrayna hərbçiləri

Ukraynanın şərqində ağır döyüşlərin davam etdiyi, Luqansk və Donetskdə Rusiyanın hücum dalğasının geri oturdulduğu bildirilir. Prezident Volodimir Zelenskinin köməkçisi müharibə başlayandan 13 minədək ukraynalı əsgərin öldürüldüyünü deyib.

Silahlı Qüvvələrin Baş Qərargahı gündəlik bülletenində qeyd edir ki, Rusiya qüvvələri Ukraynanın 14 məntəqədə mövqelərinə hücum edib. Buraya Luqansk və Donetskdə mövqelər də daxildir. Şərqdə Kupyansk və Liman, mərkəzdə Zaporojyedə isə rusiyalılar müdafiə mövqeyindədir.

Ancaq cəbhə xəbərlərini müstəqil təsdiqlətmək mümkün olmayıb.

“10 min- 13 min arası ölü sayı göstərilir”

Zelenskinin baş müşaviri Mixaylo Podolyak dekabrın 1-də Ukraynanın Kanal 24 televiziyasına deyib ki, fevralın sonunda Rusiyanın işğalı başlayandan 13 minədək ukraynalı əsgər öldürülüb.

“Baş Qərargahdan rəsmi rəqəmlərimiz var... 10 min- 13 min arası ölü sayı göstərilir”, – Podolyak vurğulayıb.

Onun sözlərinə görə, Zelenski “düzgün məqam çatanda” rəsmi məlumatı açıqlayacaq. Ancaq Podolyakın dediklərini ordu təsdiqləməyib.

Zelenski iyunda deyirdi ki, Ukrayna “hər gün 60-100 əsgər itirir, 500-dək insan yaralanır”.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqunun sentyabrda bildirdiyinə görə, müharibə başlayandan yeddi ay ərzində 6 minədək rusiyalı əsgər öldürülüb.

ABŞ generalının dediyi

Amma bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün olmayıb. Hər iki tərəfin ordunun ruh yüksəkliyini salmamaq üçün itkiləri az göstərdiyi güman edilir.

ABŞ generalı Mark Milli (Mark Milley) ötən ay deyirdi ki, müharibə başlayandan Ukrayna və Rusiyanın hərəsindən 100 mindən çox əsgər öldürülüb, yaxud yaralanıb.

Bu statistikanı da müstəqil təsdiqlətmək mümkün olmayıb.

Bu yaxınlarda azad olunmuş cənubi Xerson şəhərinə Rusiyanın raket hücumunda azı bir nəfər öldürülüb, enerji sistemi sönüb.

XS
SM
MD
LG