Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:38

Ukrayna Moskvaya zərbə endirə bilərmi?


Milli Qvardiyanın əsgərləri Qırmızı meydanda
Milli Qvardiyanın əsgərləri Qırmızı meydanda

Rusiyada dekabrın 6-da dron zərbəsi nəticəsində artıq sayca üçüncü aerodromda yanğın baş verib.

Reuters agentliyi xatırladır ki, bundan bir gün əvvəl “Ukrayna qüvvələri ehtimalən Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq qabiliyyətini nümayiş etdirərək” iki hərbi aerodroma zərbələr endirmişdi.

Rusiyanın Kursk şəhərindəki rəsmilər səhərin erkən saatlarında endirilmiş zərbənin ardınca aerodromdan qalxan qara tüstünü görüntüləyən fotoları yayıblar.

Kursk qubernatoru bildirib ki, aerodromdakı neft çənində yanğın baş versə də, itki olmayıb.

Bundan bir gün əvvəl Moskva Rusiyanın strateji aviasiyasının yerləşdiyi Engels hərbi hava bazasına və Ryazandakı aerodroma sovet istehsalı olan dronlarla zərbələr endirildiyini təsdiqləmişdi.

Kiyev bu zərbələri alqışlasa da, onları endirdiyini təsdiqləməyib.

“Böyük strateji uğursuzluq”

Britaniyanın Müdafiə Nazirliyi bildirib ki, əgər Rusiya bu zərbələri məqsədli şəkildə edilmiş hücum hesab edirsə, deməli özünün Ukrayna müharibəsi başlanandan bəri ən böyük strateji uğursuzluğunu etiraf edir.

Nazirlik dekabrın 6-da ehtimal etdiyini bidlirib ki, bu insidentlərə görə Rusiyanın yüksək vəzifəli komandanlarının cəzalandırılması mümkündür.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Ryazandakı bazaya endirilmiş zərbə nəticəsində 3 hərbi qulluqçu həlak olub.

Zərbələr hərbi obyektlərə endirilsə də, Moskva onları “terrorçu hücum” kimi səciyyələndirib.

The New York Times Ukraynanın vəzifəli rəsmilərindən birinə istinadla yazır ki, dekabrın 5-dəki hücumlar zamanı dronlar Ukrayna ərazisindən buraxılıb və zərbələrdən azı birini Ukraynanın bazanın yaxınlığında gizlənmiş xüsusi təyinatlı birləşməsi yönləndirib.

“Siqaret çəkməyin ziyanı”

Bununla belə Ukrayna Rusiyanın ərazisində baş verən hücumlara görə məsuliyyəti bir qayda olaraq üzərinə götürmür.

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov bu zərbələr barədə suala ənənəvi zarafatla cavab verib.

O deyib ki, insidentlər baş vermiş Rusiya bazalarında ehtimalən kimlərsə qadağan olunmuş sahədə siqaret çəkiblər.

Ukrayna prezidentinin müşavirlərindən Oleksiy Arestoviç deyib ki, Engels aerodromu Rusiyanın nəhəng bombardmançı təyyarələri üçün düzəldilmiş yeganə bazadır:

"İndi onlar təyyarələri müxtəlif aerodromlara dağıtmağa çalışacaqlar, amma bütün bunlar onların Ukraynaya hücum qabiliyyətini xeyli mürəkkəbləşdirəcək. Biz uğursuz siqaret çəkənlərin sayəsində çox böyük uğur əldə etmişik”.

Rusiyalı şərhçilər sosial media şəbəkələrində yazırlar ki, əgər Ukrayna Rusiya ərazisinin belə məsafədə dərinliyini vura bilirsə, Moskvaya da zərbə endirilməsi mümkündür.

Ukrayna 70 raketdən 60-nı vurduğunu deyir

Rusiyanın Engels hərbi hava bazasında yerləşdirdiyi nəhəng uzaqmənzilli Tupolev strateji bombardmançıları onun starteji nüvə cəbbəxanasının əsas hissəsidir.

Soyuq Müharibə illərində ABŞ özünün buna bənzər B-52 bombardmançılarını yerləşdirmişdi.

Rusiya oktyabrdan bəri Ukraynaya ağır hava zərbələrinin endirilməsi üçün məhz Engels bazasındakı təyyarələrdən istifadə edirdi.

Saratov şəhəri yaxınlığındakı Engels bazası Ukrayna sərhədindən azı 600 kilometr aralıdadır.

Rusiya dekabrın 5-də dron zərbələrinə Ukrayna boyunca ağır raket zərbələri endirməklə cavab verib.

Rusiyanın raket zərbələri bir çox ərazilərdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Amma Reuters yazır ki, bu zərbələrin şiddəti ötən aydakından xeyli az olub.

Ukrayna bildirir ki, onun hərbi hava qüvvələri Rusiyanın atdığı 70 raketdən 60-nı göydə vurub.

“Onlar bir şeyi başa düşmürlər ki…”

Ukrayna hökuməti sakinlərə xəbərdarlıq edib ki, elektrik enerjisinin verilməsi yenə də fasiləli əsasa keçirilə bilər.

Prezident Volodimir Zelenski deyib ki, Rusiyanın son raket zərbələrində azı dörd nəfər həlak olub.

Rusiya “xüsusi əməliyyat” adlandırdığı bu müharibədə mülki infrastruktura zərbələr endirməsinə haqq qazandırır.

Lakin Ukraynanın müdafiə naziri Reznikov deyib:

"Onlar bir şeyi başa düşmürlər ki, belə raket zərbələri bizim müqavimətimizi yalnız gücləndirir. Bununla yanaşı bizim partnyorlarımızın bizə dəstəyi də artır”.

ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, “Rusiyanın Ukrayna xalqını əllərini qaldırmağa məcbur etmək üçün əl atdığı qambit baş tutmayacaq”.

XS
SM
MD
LG