Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:30

Rusiya qış müharibəsindən necə çıxacaq. 'Ən pis yer səngərdir'


Ukraynalılar ələ keçirilmiş Rusiya tankını təmir edirlər
Ukraynalılar ələ keçirilmiş Rusiya tankını təmir edirlər

Qardan öncə yağışlar başlayır. Yağış səngərlər, bəzən əsgər çəkmələrinə dolur. Əsgərlərin ayaqları yaş olur, donur. Bu isə nəzarətsiz qalanda qanqrena ilə nəticələnə bilər.

Temperatur düşdükcə torpaq donur və deməli, səngər qazmaq çətinləşir.

Suallar

Hazırda ən qızğın döyüşlər Ukraynanın şərqindəki Donbas bölgəsində gedir. Rusiyalılar Baxmut şəhərini vurur, Ukrayna qüvvələri isə bir qədər şimalda azad etdikləri əraziləri əllərində saxlamağa çalışırlar.

İndi fərq yaradan əsas məsələ soyuqların düşməsidir. Mənfi temperatur əsgərlərin vəziyyətini, avadanlıq və maşınların işini, ümumilikdə hərəkət və strategiyanı çətinləşdirir.

Bəs görəsən, soyuqlar münaqişəni yaza qədər donduracaq, yoxsa tərəflərdən biri fürsətdən yararlanıb üstünlük qazanmağa çalışacaq? Hərbi müşahidəçilər bu suallara cavab axtarırlar.

Aylarla davam edən işgəncə

Tərəflərdən biri üstünlük əldə etsə belə, quruda müharibə hər iki tərəfin əsgərləri üçün aylarla davam edən işgəncəyə çevriləcək.

"Bu çox pisdir. Soyuq və yaş olacaq – bununla bağlı heç bir şübhə yoxdur. Hava havadır, palçıq da palçıq. Hətta texnologiya ilə belə bununla bir şey eləmək mümkün deyil. Ancaq rusiyalıların işi ukraynalılardan xeyli daha pis olacaq. …Yeni səfərbər edilmiş, pis təchizatlı əsgərlər, liderliyin olmaması…”, – 2014-2018-ci illərdə Avropadakı ABŞ qüvvələrinin komandanı olmuş, təqaüddə olan ABŞ ordu generalı Ben Hoces (Ben Hodges) deyir.

Ukraynanın şimal-şərqi və şərqinə artıq qar yağıb. Ölkənin çox yerində temperatur sıfırdan aşağı düşüb.

Rusiyanın raket zərbələri ölkənin elektrik və istilik infrastrukturunun xeyli hissəsini sıradan çıxarıb. Şəhər və kəndlərdə yaşayan milyonlarla insan evlərini isti saxlamaqda, telefonlarını yükləməkdə və su tapmaqda çətinlik çəkirlər.

Səngərdə olmaq

Mütəxəssislər deyirlər ki, səngərlərdə durum bundan qat-qat çətindir. "Ümumiyyətlə, əsas səhv səngərdə olmaqdır. İstər yayda, istərsə də qışda ola biləcəyiniz ən pis yer səngərdir. Qüvvələrinizi meşəlik ərazilərə yaymağı bacarmalısınız”, – finlandiyalı zabit, Helsinkidəki Finlandiya Milli Müdafiə Universitetinin professoru polkovnik Jan Makitalo (Janne Makitalo) deyir.

"Səngər qazmaq müharibə aparmağın o qədər də müasir üsulu sayılmır. Həm suya görə, həm də ətrafda dronlar uçuşanda daldalanmaq imkanları çox olmur”, – o deyir.

Qərb kəşfiyyat rəsmiləri hava soyuduqca döyüşlərin də səngiyəcəyi qənaətindədirlər.

"Biz artıq münaqişədə templərin bir qədər azaldığını görməkdəyik və qarşıdakı aylarda da bunu görəcəyimizi düşünürük”, – ABŞ milli kəşfiyyatının direktoru Avril Heynz (Avril Haines) dekabrın 3-də keçirilən təqdimatda deyib. Ancaq heç də hər kəs bu qənaəti paylaşmır.

Ukraynanın üstünlüyü

Ukrayna ordusunun şərq komandanlığının sözçüsü Serhiy Çerevatıy bu həftə deyib ki, palçıq donanda və torpaq bərkiyəndə tank və ağır tırtıllı maşınlar daha rahat hərəkət edə biləcək.

"Hərbi əməliyyatların qış dövrünə hazır olmaq üçün hər şeyi edirik. Avadanlığımızı hazırlayırıq; …hissələri xüsusi geyim və sursatla, habelə qızınmaq və dincəlmək imkanı verən ləvazimatla təchiz edirik”, – Çerevatıy Müdafiə Nazirliyinin xəbər xidməti “Armiya Inform”a deyib.

"Qış adətən Ukraynada mexanikləşdirilmiş hərbi avadanlıq üçün ən yaxşı mövsümdür. Yaz isə Ukraynada döyüşmək üçün ən pis mövsümdür. Qar və buz əriyib çaylarda su səviyyəsini artırır və sahələri palçıq dənizinə çevirir. Güman ki, Ukrayna qüvvələri donmuş torpaqdan yararlanmağa hazırlaşırlar. Donmuş torpaq onlara palçıqlı payız aylarına nisbətən daha rahat hərəkət etmək imkanı verəcək”, – Vaşinqtonda yerləşən tədqiqat mərkəzi Müharibə Elmləri İnstitutu bildirir.

“Hər şey yavaş hərəkət edir”

Qış şəraiti sahədəki qoşunlara böyük problemlər yaradır: həm səngərdə, həm palçıqda, həm izlərin rahat göründüyü qarda, həm də ağaclar yarpaqsız olduğu üçün dronlardan gizlənməyin çətinləşdiyi meşəlik ərazidə.

"Hər şey bir qədər yavaş hərəkət edir, əsgərlərin [enerjisini] tükəndirir, soyuq onları gücdən salır”, – Hoces deyir.

Rusiya ordusunda adi geyim və soyuq hava şəraitində sağ qalmaq və döyüşmək üçün avadanlıqla bağlı ciddi problemlərin olduğu deyilir. Yüzminlərlə adamın qəfil səfərbər edilməsi Rusiyanın logistika və təchizat şəbəkələrini gücə salıb.

Şimali Koreya köməyə gəlir

Bəzi yeni səfərbər olunan birliklər “Telegram” kimi sosial şəbəkələrdə öz avadanlıqlarını, məsələn, qızdırıcı sobaları özləri almalı olduqlarından gileylənirlər. Rusiyanın öz qoşunlarına qış uniformaları və alt paltarı almaqdan ötrü Şimali Koreyanın geyim fabriklərinə üz tutduğu da bildirilir.

Makitalo deyir ki, yeni “mobiklər”in (yeni səfərbər olunan əsgərlərə verilən ləqəb) təzə avadanlığı yoxdur. "Qış vaxtı döyüş zonasında yalnız qaçıq ayaqqabınız varsa, çox tezliklə əsgərlikdən çıxırsınız və toplara yem olursunuz”, – o deyir.

"Rusiya get-gedə daha çox XX əsr sovet ordusu kimi davranır, özü də 1960-cı və 1970-ci illərin dəstləri ilə. Bu şərtlər daxilində Rusiyanın döyüş sahəsində ciddi dönüş edə biləcəyini heç görə bilmirəm”, – Rusiya təhlükəsizlik qüvvələri üzrə təcrübəli ekspert Mark Galeotti ötən ay “Daily Telegraph”a müsahibəsində deyib.

Nizam-intizam olmasa da...

Rusiya ordusu eyni zamanda nizam-intizam və birliyin olmamasından əziyyət çəkir. Aylardır ki, fasiləsiz itaətsizlik və hətta fərarilik halları haqda məlumatlar gəlir. Rusiya mətbuatı "baryer qoşunlarının” meydana gəlməsi haqda xəbər yayıb. Bu qoşunların vəzifəsi Rusiya hərbi birliklərinin geri çəkilməsinin və ya komandirin əmrlərinə itaətsizlik göstərməsinin qarşısını almaqdır.

"Qışda əsgərlərə su içirməlisən. Əlbəttə ki, bioloji ehtiyaclarını səngərin içərisində ödəyən intizamsız birliyin daxilində xəstəlik də tez yayılacaq”, – Hoces deyir.

Ancaq sıralarını yeni səfərbər etdiyi 300 min əsgərlə möhkəmləndirməyə davam edən Rusiya yaza qədər mövqelərini saxlamağa da çalışa bilər.

"Rusiya əsgərlərinin stoisizmini dəyərləndirməmək olmaz. Onların məğlub olsalar da, dözərək duruş gətirdiyi çox müharibələr olub”, – London Kral Kollecinin keçmiş müharibə elmləri professoru Lorens Fridman (Lawrence Freedman) bu yaxınlarda yayımlanmış bir podkastda deyir.

Qış uniforması, qızdırıcı...

Ukraynalılara gəlincə, onlar Qərbdəki dəstəkçilərindən təkcə artilleriya və hərbi sursat deyil, müasir qış geyimləri də alırlar. Bu yaxınlarda Britaniya Müdafiə Nazirliyi 195 min qış geyimi, Kanada isə 500 min qış uniforması göndərdiyini bildirib.

Pentaqon ötən ay 200-dən artıq elektrik enerjisi generatoru göndərdiyini deyib. Pentaqon bundan öncə çadır, qızdırıcı və soyuq hava üçün minlərlə geyim dəsti göndərdiyini açıqlamışdı.

“Ancaq Rusiya tərəfinin təchizatı sonsuzdur. Rusiyalıların o qədər sursatı, o qədər maşını, o qədər partlayıcısı, raketi var ki, bu vəziyyətdə Ukrayna hələ də zəifdir. Ukraynalıların kifayət qədər qış geyimi, qış döyüş çəkməsi, içində isidici qatı olan rezin çəkməsi və qış əlcəkləri yoxdur”, – Makitalo deyir.

"Bunkerləri qızdırmağa isidicilər, qızdırılan çadırlar, yataq çantaları da vermək vacibdir. Soyuq torpaqda yatmamaları üçün yataq döşəkləri çox vacibdir. Batareyaları, kompüterləri, idarəetmə sistemlərini, dronları, mobil telefonları yükləməyə elektrik generatorlarına ehtiyac var”, – deyə o əlavə edib.

Təmir işləri

Daha iri maşınlara – haubitsa, heyəti daşıyan zirehli maşınlar, tanklar və yük maşınlarına gəlincə, burada da əsgərlər adi təmir məsələlərində əziyyət çəkirlər. Mənfi temperaturda yağ yapışqan olmağa başlayır; aşağı keyfiyyətli rezin dəbilqələrsə çatlaya bilər.

"Maşınlarla bağlı görülməli olan işlər, təmir işləri çətinləşir. Artilleriya üçün fərqli növ sürtgü maddələriniz olmalıdır. Təkər təzyiqinin düzgün səviyyəsini qoruyub saxlamalısınız. Sizi dəstəkləyən yaxşı logistika sisteminiz olmalıdır”, – Hoces söyləyir.

Makitalo deyir ki, qışda adi sahə metodları da fərqli olur: Finlandiya ordusu öz əsgərlərinə soyuq hava şərtlərində döyüş təlimi verərkən onlara çadırlarını tərk edib soyuğa çıxmazdan əvvəl silahın gövdəsindəki yağı təmizləməyi öyrədir. Əks halda metal üzərində kondensasiya yaranacaq, sonra o donacaq və silahın ilişməsinə səbəb olacaq.

XS
SM
MD
LG