Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:24

​​​​​​​BMT-də Laçın dəhlizi müzakirələri. İrandan açıqlama


Xankəndidən ağır xəstə Yerevana aparılır, 19 dekabr, 2022-ci il
Xankəndidən ağır xəstə Yerevana aparılır, 19 dekabr, 2022-ci il

Azərbaycan XİN BMT-dəki müzakirələrə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti BMT Təhlükəsizlik Şurasında (TŞ) Laçın yolunda vəziyyətlə bağlı müzakirələrə münasibət bildirib.

XİN-in saytında yayılan məlumata görə, müzakirələr zamanı Azərbaycan nümayəndəsi Laçın yolunu ölkəsinin bağlanması, erməni sakinlərinə qarşı "blokada" və "humanitar fəlakət" ilə bağlı Ermənistan tərəfinin iddialarını rədd edib. Bəyanatda nə Azərbaycan hökumətinin, nə də etirazçıların Laçın yolunu bağlamadığı qeyd olunub: "Yerli sakinlərin istifadəsi üçün malların tədarükü və ya zəruri tibbi xidmətlərin göstərilməsi ilə bağlı heç bir maneə yoxdur".

XİN vurğulayıb ki, üçtərəfli bəyanata zidd olaraq, Ermənistan Azərbaycan ərazisindən öz qüvvələrini tam çıxarmayıb, 2021-ci ildə istehsal olunmuş minalar da daxil, çoxlu sayda piyada əleyhinə minalar yerləşdirməyə davam edir.

Hələlik, Ermənistan rəsmiləri və başqa maraqlı tərəflərin bu açıqlamaya münasibəti bəlli deyil. Amma Ermənistan rəsmiləri Qarabağda hərbi qüvvə yerləşdirmədiklərini, etnik ermənilərdən ibarət "müdafiə ordusu"nun Ermənistan silahlı qüvvələrinə dəxili olmadığını vurğulayırlar.

Yerevan BMT-dən missiya gözləyir

Ermənistan BMT strukturlarını Qarabağdakı vəziyyətlə yerində tanış olmaq üçün xüsusi missiya göndərməyə çağırıb. Bu haqda AzadlıqRadiosunun erməni xidməti – “Azatutyun” yazır.

Dekabrın 20-də axsam Yerevanın rəsmi müraciəti əsasında BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. İclasda Ermənistanın qrurumdakı təmsilçisi Mqer Marqaryan belə bir xahişlə çıxış edib.

“Yaranmış vəziyyətdə BMT-nin Təhlükəsizlik Şurasını addımlar atmağa, Azərbaycandan 2020-ci il 9 noyabr üçtərəfli bəyanatının müddəalarını tam icrasını, Laçın dəhlizini təcili və qeyd-şərtsiz açmasını tələb etməyə çağırırıq. Həmçinin Laçın dəhlizinə və Dağlıq Qarabağa missiya göndərməyə, orada yaranmış humanitar vəziyyəti dəyərləndirmək üçün faktları müəyyənləşdirməyə, BMT-nin humanitar strukturlarının maneəsiz girişini təmin etməyə çağırırıq”, – Marqaryan bildirib.

“Bakı yerli ermənilərlə birbaşa təmas qurur”

Azərbaycanın BMT-dəki səfiri Yaşar Əliyev isə Ermənistan tərəfin iradlarına cavab olaraq bir daha bildirib ki, Dağlıq Qarabağ adlı region mövcud deyil və Laçın dəhlizini də heç kim bağlamayıb. Əliyevin sözlərinə görə, Bakı yerli ermənilərlə birbaşa kontakt qurur. O, “uğurlu kontaktlara” nümunə kimi yeni Laçın yolunun çəkilməsini, azərbaycanlı mütəxəssislərin Sərsəng su anbarına ziyarətini vurğulayıb.

“Görünür, Ermənistan və bəzi üçüncü ölkələr yerlərdə müsbət hadisələrdən daha çox narahat olaraq müxtəlif növ provokasiyalara əl atır, gərginlik yaratmağa, kövrək tənzimləmə prosesini pozmağa çalışır. Pis ad çıxarmış, Azərbaycanın təbii resurslarının qanunsuz istismarıyla birbaşa əlaqəsi olan, ancaq regionla heç bir bağlılığı olmayan biznesmen Ruben Vardanyanın Azərbaycanın Qarabağ regionunda peyda olması, bəzi xarici oyunçuların sabitsizlik yaradan hərəkətləri bütün bunların aydın sübutudur”, – Əliyev vurğulayıb.

Digər diplomatların çağırışları

“Azatutyun” müzakirələrin saatyarım çəkdiyini, Təhlükəsizlik Şurası üzvlərini təmsil edən diplomatların Laçın dəhlizindəki vəziyyətə toxunduğunu yazır. Fransa təmsilçisi dəhlizi dərhal açmağa çağırıb, regiona BMT strukturlarının girməsinin mümkünlüyündən danışıb. ABŞ təmsilçisi yolun bağlanmasının humanitar və siyasi nəticələrini vurğulayıb.

“Azərbaycan hökumətini və dəhlizdə təhlükəsizliyə cavabdeh digər qüvvələri humanitar və kommersiya məqsədləri daxil olmaqla, sərbəst hərəkəti mümkün qədər tez bərpa etməyə çağırırıq”, – ABŞ təmsilçisi vurğulayıb.

Rusiya təmsilçisi məhz Moskvanın yaranmış böhranın həllindən ötrü ta əvvəldən aktiv çalışdığını söyləyib.

İrlandiya təmsilçisi Azərbaycan hakimiyyətini Laçın dəhlizində hərəkət azadlığı və təhlükəsizliyi təmin etməyə, eləcə də “bizə gələcəkdə mənasız insan qurbanlarından yayınmağa imkan verəcək barışıq prosesini davam etdirməyə” çağırıb.

Dekabrın 12-də başlanan aksiya

Azərbaycanın Qarabağ regionuyla Ermənistanı birləşdirən Laçın dəhlizinin dekabrın 12-dən bağlandığı bildirilir. Bir qrup azərbaycanlı fəal yolda ekoloji tələblər səsləndirir, Qarabağdakı filiz yataqlarının qanunsuz istismarına etiraz etdiklərini deyirlər. Azərbaycan XİN yolu etirazçıların deyil, Rusiya sülhməramlı kontingentinin bağladığını bildirib.

2020-ci ilin atəşkəs bəyanatı ilə 44 günlük hərbi əməliyyatlar dayandırılıb, Laçın dəhlizinə və qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib. Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarətini bərpa edib.

Ermənistan tərəf dəhlizin təcili xidmət maşınları üçün də bağlı olduğunu, xəstəxanalara gərəkən tibbi preparat və dərmanların, mağazalara ərzaq çatdırılmadığını bildirir. Qarabağdakı separatçı rejimin “dövlət naziri” Ruben Vardanyan böhran və blokadanın davam etdiyini söyləyib.

Azərbaycan isə dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu deyir.

Laçın dəhlizinin bağlanmasına İrandan ilk reaksiya

Tehran Laçın dəhlizinin bağlanmasına ilk dəfə olaraq reaksiya verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ümidini bildirib ki, Laçın dəhlizinin açılması məsələsi Ermənistanla Azərbaycanla arasında dialoq və sülh yoluyla həll olunacaq.

“İnanırıq ki, 2020-ci il 9 noyabr üçtərəfli atəşkəs bəyanatının tam icrası iki ölkə arasında mövcud fikir ayrılıqlarına son qoya bilər”, – diplomat İran mediasının sualına cavabında deyib.

HRW humanitar fəsadlardan danışır

“Human Rights Watch” (HRW) insan haqları təşkilatı isə dekabrın 21-də yaydığı bəyanatda qeyd edir ki, Laçın dəhlizinin bağlanması Qarabağda yaşayan “onminlərlə etnik erməninin vacib mal və xidmətlərə çıxışını pozub”.

Qurum qeyd edir ki, yolun bağlanması Qarabağ sakinlərinin regiondan çıxmasına mane olur, əks tərəfdən qalanlar isə evlərinə qayıda bilmir.

“Dağlıq Qarabağı kənar aləmlə birləşdirən yeganə yolun bağlanmasının davam etməsi ağır humanitar fəsadlara səbəb ola bilər”, – qurumun Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.

“Yolu kimin bağlamasından asılı olmayaraq, Azərbaycan hakimiyyəti və oraya yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti çıxışın açıq qalmasını təmin etməli, hərəkət azadlığına imkan verməli, adamların vacib mal və xidmətlərə çıxışı olmalıdır. Bu çıxışın uzun müddətə pozulması dinc sakinlərə daha böyük risk yaradır”, – o, sözlərinə əlavə edib.

HRW yolda çadırlar quran, növbəlilik əsasında etiraz edən azərbaycanlı digər narazılıqları da dilə gətirdiyini qeyd edir. Onlar Laçın dəhlizində Azərbaycanın gömrük postlarının yaradılmasına çağırırlar.

Rusiya sülhməramlıları isə adamların Qarabağdakı mədənlərə girmək üçün mümkün irəliləməsinin qarşısını almaq üçün yolu kəsib, bəyanatda deyilir.

Hər gün Qarabağa 400 ton yük gedir

Qarabağdakı rejimin “ombudsmanı” Geqam Stepanyan deyib ki, region gündəlik Ermənistandan 400 tonluq vacib məhsul idxal edir. Buraya ərzaq, gigiyena məhsulları, dərman, məişət və digər əşyalara daxildir. Laçın dəhliziylə həmçinin yanacaq, benzin idxal olunur.

Mediada yayılan xəbərlərə görə, yolun bağlı qaldığı müddətdə humanitar mallar olduğu deyilən Rusiya kontingentinin yük maşınlarının keçməsinə icazə verilib. Ancaq Stepanyan “Human Rights Watch”a deyib ki, bu məhsullar Qarabağ əhalisinə çatdrılmayıb. Azı bir ağır xəstə isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Yerevana aparılıb.

“Etirazçıların ətraf mühitlə bağlı gerçək narahatlıq keçirməsindən, yoxsa başqa şikayətlər səsləndirməsindən asılı olmayaraq, Azərbaycan etirazçıların dinc etiraz hüququnu elə təmin etməlidir ki, yol açıq qalsın, etiraz Dağlıq Qarabağ sakinlərinin vacib xidmət və mallara çıxış, hərəkət azadlığını önləməsin”, – HRW bildirir.

Xatırlatma

Azərbaycan son etiraz aksiyasından öncə Ermənistanı Qarabağa Laçın dəhlizi ilə silah-sursat gətirməkdə, Rusiya sülhməramlılarını isə bu qanunsuz hərəkətlərin qarşısını almamaqda ittiham edir.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG