Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:24

2023-də dünya iqtisadiyyatını nə gözləyir?


Avropa ölkələrinin enerji problemi
Gözlə

No media source currently available

0:00 0:03:38 0:00

Avropa ölkələrinin enerji problemi

Sayılı günləri qalan 2022-ci il dünya iqtisadiyyatından ötrü yetərincə ağır keçdi. Özəlliklə sanki hər an yarışan qiymət artımları üzündən. Bir çox ölkədə son onilliklərin ən yüksək inflyasiya göstəriciləri qeydə alındı. Qlobal iqtisadiyyatda önəmli payı olan ölkələrdə iqtisadi zəifləmə gözə çarpdı. Bu, onların ticarət tərəfdaşlarına da mənfi təsir göstərdi. İlboyu enerji bazarları ilə də bağlı ciddi çağırışlar ortaya çıxdı. Rusiya-Ukrayna savaşının başlaması fonunda Avropanın Rusiyadan ciddi enerji asılılığı dünya bazarlarında enerjidaşıyıcıların qiymətini kəskin artırdı. Eyni zamanda, dünyanın hər yerində pandemiyaya dair məhdudiyyətlər yumşaldıldığından 2021-ci illə müqayisədə bir çox sahədə iqtisadi fəallıq yüksəldi. Bununla belə, bəzi beynəlxalq təşkilatların fikrincə, pandemiya məhdudiyyətləri yumşaldılsa da, geosiyasi gərginliyin artması İstehlakçı İnam İndeksi və Biznes İnam İndeksinə neqativ təsir göstərib. Bütün bu olaylar 2023-cü ildə qlobal iqtisadiyyatda hansı proseslərin baş verəcəyi ilə bağlı suallar doğurur.

Artıq bir çox beynəlxalq təşkilatlar 2023-cü illə bağlı iqtisadi gözləntilərini açıqlayıb. Dünya iqtisadiyyatındakı son meylləri nəzərə alan beynəlxalq qurumlar qlobal iqtisadi artım proqnozlarını azalma istiqamətində dəyişdirib. Məsələn, Beynəlxalq Valyuta Fondunun (BVF) 2022-ci ilin oktyabrında açıqladığı hesabatında 2023-cü ildə qlobal artımın 2.7 faiz olacağı proqnozlaşdırılır. Bu, qurumun aprel və iyul hesabatındakı proqnozlardan, uyğun olaraq, 0.9 və 0.2 faiz bəndi aşağıdır. Bu baxımdan, 2023-cü ildə də iqtisadiyyatın daim resessiya (durğunluq – red.) təhlükəsi altında olması gözlənilir. Resessiya deyərkən ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması nəzərdə tutulur. Bu da, öz növbəsində, bütün iqtisadi gözlənti və göstəricilərin pisləşməsinə və daha dərin problemlərin yaranmasına gətirib çıxarır.

Borclanma bahalaşır

BVF-nin 2023-cü ildə gəlişmiş ölkələr üzrə iqtisadi artım proqnozu 3.7 faiz səviyyəsində müəyyənləşdirilib. Qurumun belə ölkələrin iqtisadiyyatları üçün uzunmüddətli dövrdə iqtisadi artım proqnozunu aşağıya doğru reviziya etməsi tək geosiyasi və geoiqtisadi gərginliklərdən irəli gəlmir, həm də monetar siyasət sərtləşdiyindən inkişaf etməkdə olan ölkələrin borclanmasının bahalaşması ilə izah edilir. Axı yüksək inflyasiya üzündən bir çox ölkə uçot dərəcələrini artırır. Bu da kredit resurslarının bahalaşmasına gətirib çıxarır. Unudulmamalıdır ki, inkişaf etməkdə olan ölkələr zəngin ölkələrdən tez-tez borclanır. Həmin ölkələrin iqtisadiyyatında belə borcların ciddi payı var. Bu üzdən monetar siyasətin sərtləşməsi qlobal səviyyədə iqtisadi fəallığa təsir göstərə bilir. Beynəlxalq qurumların 2023-cü ildəki böyümə proqnozlarını aşağı salması məhz inkişaf etmiş ölkələrin sərt pul siyasəti aparacaqlarına dair gözləntilərlə bağlıdır.

Bahalaşma sürəcəkmi?

Beynəlxalq qurumların 2023-cü illə bağlı proqnozlarından aydın olur ki, inflyasiya göstəriciləri yenə yüksək olacaq. Düzdür, bəzi qurumların fikrincə, qiymət artımının səviyyəsi 2022-ci illə müqayisə daha aşağı olacaq. Ancaq bir çox ölkədə inflyasiya göstəriciləri yenə proqnozları aşacaq.

Azərbaycanda da gələn il üçün hökumətin inflyasiya göstəricisi hədəf diapazonunun üzərindədir. Hesablama Palatası da 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəyində bu məsələyə ayrıca toxunub. Belə ki, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda həmin illər Azərbaycanda illik inflyasiya göstəricisinin 4±2 faiz intervalında qorunacağı hədəf kimi müəyyənləşdirilib. Di gəl, orta illik inflyasiyaya dair proqnoz bilgilərinin təhlili 2022-2026-cı illərdə hər il orta hesabla 6.2 faiz inflyasiyanın qeydə alınacağını deməyə əsas verir. Ayrıca 2023-cü il üçünsə inflyasiya proqnozu 6.9 faizdir. Bu, hədəf diapazonunun yuxarı həddindən bir qədər çoxdur. Bəzi beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarında inflyasiya göstəricisi daha yüksək göstərilir. Məsələn, Beynəlxalq Valyuta Fondunun 2023-cü ildə Azərbaycanda inflyasiya ilə bağlı proqnozu 10.8 faizdir. Bu ilin əvvəlində də hökumət ölkədə inflyasiyanın yuxarı həddinin 6 faiz olacağını proqnozlaşdırırdı, amma hazırda bu göstərici 14 faizə yüksəlib. Bu baxımdan, Palatanın büdcə layihəsində vurğuladığı tənqidi məqamlardan biri hökumətin inflyasiyaya dair yalnız optimist ssenari açıqlamasıdır. O üzdən Hesablama Palatası 2023-cü ilin dövlət büdcəsində də təkcə optimist ssenarinin (təkrəqəmli inflyasiya halı) nəzərə alınmasını çatışmazlıq sayıb.

Bəs enerji qiymətləri?

Azərbaycanın ixracının 90 faizindən çoxu, büdcə gəlirlərininsə yarısı enerji satışından oluşur. Bu baxımdan, enerji bazarlarındakı qiymətlər ölkə iqtisadiyyatına da ciddi təsir edir. Beynəlxalq təşkilatlar son dövrlərdə enerji qiymətləri ilə bağlı proqnozlarını da aşağı salıb. Əslində elə enerji qiymətlərinə dair proqnozların aşağı düşməsinin əsas səbəblərindən biri böyümə gözləntilərinin aşağı düşməsidir. Axı bu amil enerji resurslarına tələbatı azaldır. Qlobal investisiya bankı "Goldman Sachs" da 2023-cü il üçün neft qiymətləri barədə proqnozlarını aşağı salıb. Bankın fikrincə, gələn ilin əvvəlində təklif artıqlığı yarana və bu da qiymətlərin yüksəlməsinin qarşısını kəsə bilər.

"Goldman Sachs" 2023-cü ilin 1-ci və 2-ci rüblərində "Brent" üçün qiymət proqnozlarını 115 və 105 dollardan, uyğun olaraq, 90 və 95 dollara endirib. Qurum analitiklərinin fikrincə, Çində tələb gözləniləndən daha zəif olduğundan, Rusiyadan neft ixracı Ukraynayla savaşdan əvvəlki səviyyəyə yaxın qaldığından, Qazaxıstan və Nigeriyada tədarük çətinlikləri azaldığından bu qış qiymət artımı riskləri azalıb. Bank rübün sonunadək neft bazarında sutkada 1.6 milyon barel profisit olacağını gözləyir. Eyni zamanda, Çin iqtisadiyyatının açılması və beynəlxalq nəqliyyatın bərpası fonunda 2023-cü ildə qlobal tələbat sutkada 2 milyon barel arta bilər. Dünya Bankının təbii qazla bağlı açıqlamasında isə bildirilir ki, 2023-cü ildə təbii qazla kömürün qiymətləri nisbətən aşağı düşəcək. Ancaq nəzərə almaq lazımdır ki, 2022-ci ildə təbii qaz qiymətlərində rekord bahalaşma qeydə alınmışdı. Bu baxımdan, gələn il təbii qaz qiymətləri 2022-ci illə müqayisədə azalsa da, əvvəlki illərlə müqayisədə yenə baha olmağa davam edəcək.

2023-cü ilin dövlət büdcəsi hazırlanarkən hökumət Azərbaycanda neftin bir barelinin orta qiymətini 50 dollardan hesablayıb. Bu baxımdan, bir çox beynəlxalq təşkilatın gələn ilə enerji qiymətləri proqnozu hökumətin nəzərdə tutduğu rəqəmdən daha yüksəkdir. Gözləntilər özünü doğrultsa və neft gəlirləri 50 dolların üzərində qalsa, Azərbaycanın büdcə gəlirləri ilə bağlı problem yaşanması ehtimalı da aşağı olacaq.

XS
SM
MD
LG