Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:53

Keçmiş əfqan əsgərlər 'Vaqner'ə yol tapır


Ukraynalı hərbçi
Ukraynalı hərbçi

Statuslarını itirən və İranda çarəsiz durumda qalan minlərlə keçmiş əfqan hərbçisi Ukrayna və digər döyüş yerlərində muzdlu kimi döyüşmək haqda düşünürlər. Onların çoxu ABŞ-nin təlim verdiyi elit komandolardır və Vaşinqtonu ötən il Talibanın hakimiyyəti ələ keçirməsindən sonra onları tək qoymaqda ittiham edir. Onlar Rusiyanın muzdlu dəstələrinə qoşulmaq qərarını yoxsulluq və təhlükəsizlik məsələləri ilə izah edirlər.

Zibillikdə eşələnən keçmiş hərbçilər

AzadlıqRadiosunun Radio Azadi xidmətinin izlədiyi “WhatsApp” mesajlarından artıq bəzi əfqan komandoların “Vaqner” qrupuna qoşulmaq yönündə addımlar atdığı bəlli olub.

2021-ci ilin avqustunda Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra İrana köçməyə məcbur qalmış minlərlə keçmiş hərbçi son dərəcə yoxsul yaşadıqlarını, ucuz əl əməyi ilə məşğul olduqlarını və hətta dolana bilmək üçün zibillikdə eşələndiklərini deyirlər.

ABŞ və Qərb müttəfiqlərinin təlim verdiyi Əfqan Milli Ordusu və onun elit komando qüvvələri Əfqanıstanın keçmiş hökumətinin ölkəni müdafiə etmək və onu Taliban və “İslam Dölvləti” kimi ekstremist qruplardan qorumaq istiqamətində səylərinin əsas sütununu təşkil edirdi.

"Əfqanıstanda yaşamağa yerimiz qalmadı"

İndi İrandakı keçmiş əfqan hərbçiləri ABŞ və onun dəstəklədiyi əfqan hökumətinin xidmətlərinin əvəzində onlara xəyanət etdiyini deyirlər. Çoxu indi düşdükləri duruma görə onları təqsirli bilir.

"Ölkənin xəyanətkar prezident rejiminin süqutundan sonra onlar [ABŞ] bizi satdılar və ölkəni terrorçulara [Talibana] verdilər", – adının çəkilməsini istəməyən bir keçmiş hərbçi keçmiş əsgərlərin “WhatsApp” qrupuna göndərdiyi səsli mesajda deyir.

"Əfqanıstanda yaşamağa yerimiz qalmadı, çünki Taliban terrorçuları bizi təqib edirdi. Yoldaşlarımızın bir neçəsini tutub başlarını kəsdilər. Biz də Əfqanıstanı tərk etməyə məcbur olduq”, – həmin hərbçi dekabrın 3-də göndərilən audiomesajda söyləyir.

AzadlıqRadiosu əsgərin dediklərinin həqiqiliyini müstəqil yoxlaya bilməsə də, keçmiş əfqan əsgərlərinin və hökumət işçilərinin məhkəməsiz öldürülməsi ilə bağlı çox sayda qeydə alınmış faktlar var. Təkcə Taliban hakimiyyətinin ilk aylarında 100-dək belə halın qeydə alındığı bildirilir.

Korrupsiya iddiaları

ABŞ-nin onları satması, Əfqanıstanın keçmiş hökumətinin orduya ayrılan vəsaiti oğurlaması və buna görə də Talibana müqavimət göstərməməsi fikri də keçmiş hərbçilər arasında geniş yayılıb.

“Business Insider”in bu yaxınlarda dərc etdiyi reportaj bu iddiaları bir daha təsdiqləyir. Reportajın müəllifləri Əfqanıstanın keçmiş rəsmilərinin hökumətin süqutu ərəfəsində ölkədən 1 milyard dolları qızıl və nağd pul şəklində çıxardığını aşkarlayıblar.

Noyabrda ABŞ-nin Əfqanıstanın Bərpası üzrə Xüsusi Baş Müfəttişi (SIGAR) əfqan hökumətinin süqutunu və Talibanın yenidən ölkə üzərində nəzarəti ələ keçirməsini sürətləndirən amillər arasında korrupsiyanı xüsusi qeyd edib.

ABŞ və Qərb müttəfiqlərinin 2021-ci il avqustun 30-da Əfqanıstanı tərk edəndən sonra onminlərlə keçmiş əsgəri geridə buraxdığı bildirilir.

Risk altında olan 80 minədək əfqanın təyyarələrlə ölkədən çıxarıldığı deyilsə də, daha onminlərlə insanın ölkəni tərk etmək və ya Talibana, yaxud onun düşmənlərindən birinə qoşulmaqdan başqa çarəsi qalmamışdı. Bəzi hesablamalara görə, 30 minədək keçmiş əfqan əsgəri İrana keçə bilib.

İranın bu işlərdən xəbərdar olduğunu deyir

“WhatsApp” mesajı yayılan keçmiş əsgər bir neçə ay İranda yaşadığını, indi isə “Vaqner” qrupunun təklifini qəbul edərək Ukraynada döyüşmək üçün yazıldığını deyir.

"Əfqanıstan, NATO və ABŞ bizi gənc ikən götürüb sonra atdılar. Rusiya bir proqrama başlayıb, onlar müəyyən birlikləri toplayırlar və onları Ukraynadakı müharibəyə aparırlar. Əsgər yoldaşlarımızın bir neçəsi yazılıb və biz tezliklə Rusiyaya gedirik”, – o deyir.

“WhatsApp” qrupuna səsli mesaj göndərən və anonim danışan başqa bir əsgər də bir qrup həmkarı ilə birlikdə “Vaqner”ə qoşulmaq üçün İrana gəldiyini qeyd edib. O, İranın “Vaqner” qrupunun bu səylərindən xəbərdar olduğunu və hətta əfqan əsgərlərin Rusiyaya keçirilməsinə yardım etdiyini söyləyib.

"Biz Əfqanıstanda olanda şayiə yayılmışdı ki, keçmiş hərbçilər İran vasitəsilə Rusiyaya gediblər. Biz burada, İranda qeydiyyatdan keçdik. Bizdən əvvəl də bir neçə adamı [Rusiyaya] keçiriblər”, – o bildirib.

Əsgər keçmiş əfqan əsgərlərinə Ukraynada döyüşmək qarşılığında Rusiyada daimi vətəndaşlıq təklif edildiyini deyib.

Vədlər

Xüsusi qüvvələrin keçmiş zabiti “Vaqner” qrupuna qoşulmaq qərarının Əfqanıstandakı təhlükəsizliyi ilə bağlı olduğunu, özünün və əsgər yoldaşlarının vətəndə 14 ay ərzində gizlənməyə və yoxsulluq içində yaşamağa məcbur qaldıqlarını deyib. O bu imkan sayəsində ailəsinə daha yaxşı həyat təmin edə biləcəyinə ümid bəsləyir.

"Biz tək gəlmişik, ancaq daha öncə transfer edilənlərin bir çoxu indi ailələri ilə birlikdə [Rusiyadadırlar]. Özümüzün və uşaqlarımızın vəziyyətinə görə getmək qərarına gəldik”, – o danışır.

"Evdən çıxa bilmirdik, dostlarımızın çoxu tutularaq öldürülüb və mənim kimi çoxu da İrana və ya Tacikistana qaçıb”, - o deyir.

Keçmiş əfqan zabiti digər əsgərlərlə söhbətlərinə əsasən 2 min 500-dək əfqan əsgərinin Rusiyaya getmək niyyətilə Əfqanıstanı tərk etdiyini hesablayıb. Burada onlara altı aylıq təlim ərzində 2 min 500 dollar pul, döyüşmək üçün Ukraynaya getdikdən sonra isə daha 3 min dollar vəd edilib.

Bu rəqəmlər “Vaqner”in canlı qüvvə toplama səyləri ilə bağlı başqa ifadələrdə göstərilən rəqəmlərlə üst-üstə düşür. Həmin ifadə və hesabatlarda əfqan xüsusi qüvvələrinin keçmiş əsgərləri və onların ailələrinə Rusiyada təhlükəsiz yaşayış və ayda 1500 dollar vəd edildiyi deyilir.

Dövlət Departamentinin reaksiyası

ABŞ Dövlət Departamentinin sözçüsü AzadlıqRadiosunun suallarına yazılı cavabında qeyd edir ki, departament Vaqner qrupunun Əfqanıstandan kənarda yaşayan keçmiş əfqan əsgərlər arasında qüvvə cəlb etməsi haqda təsdiqlənməmiş xəbərlərdən agahdır.

“Bəzi əfqanların pul qarşılığında Vaqner-in təklifini qəbul edə biləcəyini anlayırıq, ancaq hər kəsi Ukraynanın qanunsuz işğalından kənar durmağa çağırırıq”, – deyən sözçü əlavə edib ki, Vaqner qrupu “Rusiya hökuməti tərəfindən təhlükəli və sabitsizlik yaradan xarici siyasətinə dəstək üçün istifadə olunur, həm də bunu danmağa cəhd edir”.

Əfqan əsgərlərin ABŞ-nin onları atması iddialarına gəlincə, sözçü əfqanların çətinliklərlə üzləşdiyini etiraf edib, ancaq onu da əlavə edib ki, Əfqanıstandakı iqtisadi vəziyyətin monitorinqini davam etdirir, “mümkün olduğu hallarda Əfqanıstan xalqına yardım edirlər”.

XS
SM
MD
LG