Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37

Rusiya raket zərbələrindən ağır itkilərini etiraf edir


Rusiya səfərbərlərinin bir qrupu (Arxiv fotosu)
Rusiya səfərbərlərinin bir qrupu (Arxiv fotosu)

Ukrayna Donetsk vilayətində müvəqqəti kazarmaya raket hücumuna görə məsuliyyəti götürüb. Bu, Ukrayna müharibəsində indiyədək görünməmiş etiraf sayılır.

Silahlı Qüvvələrin Baş Qərargahı yanvarın 2-də Facebook postunda yazıb ki, “düşmənin 10-dək müxtəlif növ hərbi avadanlıq komplekti dağıdılıb”.

“İşğalçıların şəxsi heyətinin itkiləri aydınlaşdırılır”, – məlumatda vurğulanır.

+++

Rusiya hərbiyyəsi Ukraynada onun işğalı altında olan Donetsk şəhəri yaxınlığındakı müvəqqəti kazarmaya Ukraynanın raket zərbəsi nəticəsində 63 əsgərinin öldüyünü bildirib.

Amma rusiyayönlü sosial media postlarında ölənlərin yüzlərlə olduğu xəbər verilir.

Rusiya Müdafiə Nazirliyi yanvarın 2-də bildirib ki, “müvəqqəti kazarmaya” Ukrayna tərəfindən dörd güclü raketin zərbəsi nəticəsində 63 Rusiya hərbçisi həlak olub.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya müdaxilə edəndən bəri öz itkiləri haqqında nadir hallarda məlumat verir.

Ən ağır itkilərdən biri ola bilər

Bu hadisədən bir neçə saat əvvəl Ukrayna hərbiyyəsi raket hücumunun adını çəkmədən Yeni il gecəsi Donetsk yaxınlığındakı barakda yüzlərlə rusiyalı hərbçinin həlak olduğunu xəbər vermişdi.

Əgər bu miqyasda itki təsdiqlənərsə, bu, Rusiyanın müharibənin 10 ayı ərzində bir hücum nəticəsində ən ağır itkisi sayılacaq.

AzadlıqRadiosu bildirir ki, ağır döyüşlərin getdiyi ərazilərdən gələn xəbərlərin dəqiqliyini yoxlamaq imkanında deyil.

Lakin rusiyalılar sosial media postlarında sarsıntı və qəzəblərini ifadə edirlər. Onlar Rusiya hərbiyyəsinin müvəqqəti kazarmadakı yüzlərlə səfərbəri qoruya bilməməsindən hiddətləniblər.

Sosial mediadakı bəzi Rusiya qrupları Ukraynanın zərbələri yüksək dəqiqliyə malik HIMARS raketləri ilə həyata keçirdiyini yazırlar.

Yeni ilin ilk dəqiqəsində

Ukraynanın Strateji Kommunikasiyalar Nazirliyi teleqram kanalı vasitəsilə bildirib ki, “Şaxta babanın Makiyivkadakı 19 nömrəli texniki-peşə məktəbinə 1 yanvar hücumu 400 meyitlə nəticələnib”.

Nazirlik əlavə edib ki, hücum nəticəsində daha 300 rusiyalı hərbçi yaralanıb.

Nazirlik Ukrayna tərəfinə xas istehza ilə bildirir ki, hadisə “qızdırıcı qurğulardan ehtiyatsız istifadə, ya da nəzərdə tutulmamış yerdə siqaret çəkilməsinə” görə baş verib.

Rusiyanın qeyri-rəsmi Beznosov “Z” teleqram kanalı isə bildirir ki, zərbə dekabrın 31-dən yanvarın 1-ə keçən gecə düz saat 00:01-də endirilib.

Kiyevdə elektrik kəsilib

Kiyevin meri Vitali Kliçko yanvarın 2-də deyib ki, Rusiyanın ötən gecə Ukrayna paytaxtına hücumu zamanı onlarla dron “Kiyevə yönəldilib”, enerji infrastrukturuna ziyan dəyib, bəzi yerlərdə işıq və istilik təchizatı kəsilib.

Yeni il ərəfəsində Rusiya Ukraynanın şəhərlərinə dron və raket hücumları gerçəkləşdirib.

Kliçko Kiyevin Desnyan rayonunda partlayışda 19 yaşlı bir kişinin yaralandığını söyləyib.

Ukrayna ordusunun yanvarın 2-də səhər yaydığı məlumata görə, Rusiya qüvvələrinin 44 dron hücumu dəf olunub.

Kiyev şəhər hərbi administrasiyası ötən gecə azı 20 raket, yaxud dronun vurulub salındığını bildirib.

AzadlıqRadiosu döyüş zonasından gələn məlumatları müstəqil təsdiqlədə bilmir.

Müvəqqəti kazarmada 'yüzlərlə' əsgərin öldürüldüyü deyilir

Donetsk yaxınlığındakı Makeyevkada kazarmaya Ukrayna ordusunun zərbəsindən orduya səfərbər olunmuş yüzlərlə əsgərin öldüyü ehtimal edilir. Bu haqda Kremlə yaxın Telegram kanalları məlumat yayıb. Ukrayna ordusunun strateji kommunikasiyalar idarəsi 400-ə yaxın itkinin olduğunu bildirir.

Səfərbərliyə cəlb olunanlar Kreml küçəsindəki texniki-peşə məktəbində yerləşdiriliblərmiş. Rusiya mənbələrinin məlumatına görə, Yeni il gecəsi HIMARS yüksək dəqiqlikli raket kompleksindən obyektə zərbə endirilib.

“Tsarqrad” hərbyönlü kanalı bildirir ki, yerli çatlarda “yüzlərlə ölən”in olduğu deyilir. “Operativ məlumatlar” kanalı 500 nəfərin öldüyünü yazıb. Rusiyalı hərbi bloger Boris Rojin isə Telegram-da yazıb ki, yanvarın 1-də axşam “dağıntılar altında hələ iş gedirdi”.

Ukrayna tərəfin məlumatı

Ukrayna ordusunun strateji kommunikasiyalar idarəsi isə Telegram kanalında qeyd edir ki, 400 nəfər öldürülüb, 300 nəfər yaralanıb. Ancaq idarə digər sosial şəbəkələrdə informasiyanı təkrarlamayıb. Ukrayna Baş Qərargahı yanvarın 1-də yaydığı məlumatda da ölənlər haqda bilgi verməyib.

Rusiya ordusu Ukraynadakı müharibədə itkilərini açıqlamır. Pentaqon noyabrda bildirib ki, Rusiya və Ukraynanın hərəsində 100 minədək ölü və yaralı var.

Sentyabrda Rusiya ordusuna səfərbərlik elan edilib. Orduya 300 minədək insanın cəlbi planlaşdırılıb. Yeni səfərbər edilənlər təlimin, sursatın çatışmazlığımdam, komandanlığın səriştəsizliyindən gileyləniblər. Jurnalistlər müstəqil şəkildə səfərbər olunanlar arasında 430 ölümün olduğunu təsdiqləyiblər.

+++

Bu itki sayı təsdiqlənərsə, Rusiyanın 10 ay öncə başlamış işğalı dövründə ən ölümcül insidentlərdən olar.

AzadAvropa/AzadlıqRadiosu ağır döyüşlər gedən yerlərdən gələn xəbərləri təsdiqləyə bilmir. İddia olunan insidenti Rusiya rəsmiləri də hələlik təsdiqləməyib.

Rusiyalılar onlayn şəbəkələrdə insidentlə bağlı sarsıntı və qəzəblərini ifadə edirlər. Bəzi Rusiya qrupları zərbənin Ukrayna tərəfdən yüksək dəqiqlikli HIMARS raketilə endirildiyini ehtimal edirlər.

Ukrayna ordusunun Strateji Kommunikasiya Departamenti yanvarın 1-də Telegram-da yazıb ki, “Santa”nın hücumu nəticəsində Mekeyevka şəhərində PTU-19 adlanan peşə məktəbində “400-dək meyit” var.

Daha 300 yaralının olduğu bildirilir. Departamentin məlumatına görə, partlayış “qızdırıcı cihazlardan diqqətsiz istifadənin, təhlükəsizlik tədbirlərinin gözardı olunmasının, nəzərdə tutulmayam yerdə siqaret çəkməyin nəticəsi”ndə baş verib.

Ukrayna tərəf belə böyük hadisələrdən sonra oxşar ifadələrlə birbaşa olmasa da, özünün məsuliyyətinə işarə vurur.

Rusiyanın Müdafiə Nazirliyi məlumatları rəsmi şərh etməyib.

XS
SM
MD
LG