Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:45

Belaruslu əsgərlər Ukraynaya qarşı döyüşərmi


Ukrayna hərbçiləri Belarusla sərhəddə təlimdə
Ukrayna hərbçiləri Belarusla sərhəddə təlimdə

Belarusun bir keçmiş yüksək rütbəli güc strukturu rəsmisi deyir ki, ölkə rəhbəri Aleksandr Lukaşenka Ukraynaya müdaxilə əmri verərsə orduya cəlb edilən yeni çağırışçılar arasında fərarilik halları ciddi arta bilər.

Keçmiş Belarus təhlükəsizlik əməkdaşlarının birliyini təmsil edən Alyaksandr Azarovun bu proqnozu təsadüfi deyil. Rusiyanın Ukraynaya qarşı başladığı müharibə 12-ci ayına qədəm qoyur və Lukaşenkanın Belarus qoşunlarını Ukraynaya yeritməyə qərar verəcəyi haqda ziddiyyətli siqnallar gəlməkdədir.

Əsgərlər Belarusa qayıdır

Rusiya ötən il Ukraynaya hücumu ərəfəsində Belarusda hərbi təlim təşkil etmişdi. Təlimlər bitdikdən sonra Belarus ərazisində yerləşdirilmiş 30 min Rusiya əsgərinin çox hissəsi Ukraynaya qarşı hücum əməliyyatlarına cəlb edilmişdi. Onlardan əsasən Ukrayna hökumətini devirmək üçün paytaxt Kiyev istiqamətində uğursuz hücumda istifadə edilmişdi.

Ancaq Lukaşenka hökuməti Rusiya ordusuna Belarus ərazisindən istədiyi şəkildə istifadəyə icazə versə də, Moskvanın müdaxiləyə qoşulmaqla bağlı təzyiqlərinə duruş gətirə bildi.

AzadlıqRadiosunun Belarus xidmətinin noyabrda əldə etdiyi peyk fotoşəkillərindən minlərlə Rusiya əsgərinin Belarusa qayıtdığını görmək mümkündür. Bu müşahidələr Ukrayna üzərinə yeni hücuma hazırlıq haqda sualları yenidən gündəmə gətirib.

Bu ay Rusiya və Belarus birləşmiş hərbi təlimlərini genişləndiriblər. İki ölkənin hərbi hava qüvvələrinin birgə təlimi isə ötən həftə bitib.

“Özünə yaraşanı deyir”

Lukaşenka bu ay birgə hərbi təlimləri müzakirə etmək üçün Rusiya qoşunlarının olduğu hərbi bazaya baş çəkib.

Belarus Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıq şöbəsinin (bu qurum GUBOPİK kimi də tanınır) polkovnik-leytenantı olmuş Azarov “Nastoyaşeye Vremya”ya müsahibəsində deyib ki, Lukaşenkanın niyyətini anlamaq çox çətindir.

"O bu gün bir söz deyir, sabah başqa söz. Ancaq özünə yaraşanı deyir”, – Azarov yanvarın 29-da yayımlanan müsahibədə deyir. Azarovun rəhbərlik etdiyi “BYPOL” təşkilatı 2020-ci ildə, Lukaşenkanın son dərəcə ziddiyyətli seçkilərdən sonra özünü qalib etməsindən sonrakı etirazlar fonunda yaradılıb. “BYPOL” – “Belarusun Təhlükəsizlik Qüvvələri Birliyi” deməkdir.

Yerli auditoriya və Putin üçün

"Lukaşenka da daxil olmaqla hər kəs Ukraynanın Belarus ərazisinə hücum etməyəcəyini anlayır. Mənə elə gəlir ki, bu daha çox Belarus və Rusiya auditoriyalarına, Rusiya Prezidenti Vladimir Putinə hədəflənib”, – o söyləyir.

"Belarus ordusu qismən Rusiyanı dəstəkləyir. Ancaq əlbəttə ki, çoxluq dəstəkləmir. Amma heç kim vuruşmaq istəmir. Onlar ümid edirlər ki, işlər o yerə gedib çıxmaz. Belarus ordusu müstəqilliyin əldə edilməsindən bəri heç vaxt hərbi əməliyyatlarda iştirak etməyib”, – o vurğulayır.

Onun sözlərinə görə, Belarus hərbi komandanlığı ümumi səfərbərlik elan etsə, çağırışçıların böyük əksəriyyəti döyüşməkdən yayınmağın yollarını axtaracaq.

"Biz zabitlərlə danışdıq. Onlar deyirlər ki, toqquşmalar başlasa, çağırışçıların 90 faizi qaçmağın yolları barədə düşünəcək. Onlar bu toqquşmalarda iştirak etməyəcəklər. Olar ən azı qatılmamağa çalışacaqlar”, – Azarov deyir.

Hücum xarakterli təlimlər

Ancaq onu da qeyd edir ki, Ukraynaya mümkün hücum hazırlanır; keçirilən birgə təlimlər müdafiə deyil, hücum xarakterlidir:

"Belarusda baş verən hər şeyi nəzərə alsaq, hücuma hazırlıq gedir. Hazırda hava təlimləri keçirilir. Bu da hücuma hazırlıqdır. Bundan başqa, Rusiya aviasiyası hücum manevrləri edir, Belarus təyyarələri isə eskort, qoruyucu rolunu oynayır”.

Belarus müxalifətinin lideri Pavel Latuşka da bu ay ölkə rəsmilərinin tezliklə hərbi səfərbərliyə başlaya biləcəyi haqda xəbərdarlıq edib. Onun sözlərinə görə, yerli təhlükəsizlik və hüquq-mühafizə qurumlarının işçiləri pasportlarını təhvil verməyə məcbur edilib ki, bu da onların ölkədən çıxmasının qarşısını almaq üçündür.

XS
SM
MD
LG